İsrail "erməni soyqırımı" məsələsində geri addım ata bilər - Azərbaycana görə
İsraildə “erməni soyqırımı”nın tanınması ilə bağlı müzakirələr gedir. Artıq İsrail hökuməti mövcud qərarı Knessetə təqdim etməyə hazırlaşır. Məsələyə Azərbaycan tərəfindən dərhal reaksiya verilib. Azərbaycan Xarici İşlər Nazirliyi İsrailə qərarı yenidən nəzərdən keçirməyə çağırıb İsraildən olan pol

İsraildə “erməni soyqırımı”nın tanınması ilə bağlı müzakirələr gedir. Artıq İsrail hökuməti mövcud qərarı Knessetə təqdim etməyə hazırlaşır. Məsələyə Azərbaycan tərəfindən dərhal reaksiya verilib. Azərbaycan Xarici İşlər Nazirliyi İsrailə qərarı yenidən nəzərdən keçirməyə çağırıb İsraildən olan politoloq İqor Roytapel Modern.az-a açıqlamasında bildirib ki, İsrail cəmiyyətində bu məsələ əsas gündəm mövzularından biri hesab olunmasa da, Azərbaycanın strateji tərəfdaş kimi rolu geniş şəkildə qəbul edilir: "İsraildə ictimai rəy səviyyəsində “erməni soyqırımı”nın tanınması məsələsi demək olar ki, Azərbaycanla əlaqələndirilmir. Əksinə, Azərbaycan təhlükəsizlik, enerji və regional sabitlik sahələrində İsrailin ən mühüm strateji tərəfdaşlarından biri kimi qiymətləndirilir. Bu səbəbdən cəmiyyətin əhəmiyyətli hissəsi belə bir qərarın Azərbaycanla ikitərəfli münasibətlərə necə təsir göstərə biləcəyini tam anlamır” İqor Roytapelin sözlərinə görə, İsraildə aparılan əsas müzakirələr qərarın Türkiyə ilə münasibətlərə mümkün təsiri ətrafında cəmləşib: "Bununla belə, ekspert və analitik dairələrin bir hissəsi hesab edir ki, qərar müzakirə olunarkən İsrail-Azərbaycan münasibətlərinin strateji xarakteri və mümkün nəticələr kifayət qədər nəzərə alınmayıb. Prosesə regionda baş verən dəyişikliklər də təsir göstərib. Ermənistan-Azərbaycan münaqişəsinin aktiv mərhələsinin başa çatması və tərəflərin sülh sazişi üzrə danışıqlara keçməsi bir sıra siyasi dairələr tərəfindən əvvəlki risklərin azalması kimi qiymətləndirilir. Bu təşəbbüsün tərəfdarları hesab edirlər ki, məhz həmin amil əvvəllər mövcud olan siyasi maneələri əhəmiyyətli dərəcədə zəiflədib və məsələnin yenidən gündəmə gətirilməsini mümkün edib” İqor Roytapel diqqətə çatdırıb ki, İsraildə yaşayan Azərbaycan diasporunun nümayəndələri, ictimai fəallar və Azərbaycandan olan şəxslər bu məsələyə orta statistik İsrail vətəndaşından daha həssas yanaşırlar: “Onlar hökumətə və Knesset üzvlərinə müraciətlər edərək bu yanaşmanın yenidən nəzərdən keçirilməsinə çağırırlar. Həmin şəxslərin fikrincə, belə bir qərar İsrail ilə Azərbaycan arasında strateji tərəfdaşlığa zərər vura bilər. Məhz bu dairələr məsələnin Azərbaycan cəmiyyəti üçün nə qədər həssas olduğunu və onun ikitərəfli münasibətlər üçün yarada biləcəyi uzunmüddətli nəticələri daha aydın şəkildə dərk edirlər. Ümumilikdə isə bu mövzu İsrail cəmiyyətinin əsas gündəlik məsələləri sırasında yer almır. Əksər İsrail vətəndaşları üçün milli təhlükəsizlik, daxili siyasət, iqtisadiyyat və regional sabitlik məsələləri daha prioritetdir. Buna görə də "erməni soyqırımı"nın tanınması ətrafında aparılan müzakirələr əsasən siyasi və diplomatik xarakter daşıyır və İsrail cəmiyyətində formalaşmış ümumi ictimai konsensusu əks etdirmir” Politoloq hesab edir ki, Azərbaycan tərəfinin mövqeyi və İsraildə yaşayan azərbaycanəsilli yəhudilərin fəallığı məsələnin yenidən qiymətləndirilməsinə təsir göstərə bilər: “Mən İsraildə yaşayan azərbaycanəsilli yəhudilərin fəallığı, eləcə də Azərbaycanın mövqeyi nəticəsində İsrail hökumətinin vəziyyəti yenidən qiymətləndirəcəyinə və zəruri düzəlişlər edəcəyinə şübhə etmirəm"


