İnformasiya mühitində uşaqların qorunması dövlətin strateji hədəfidir
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı cəmiyyət həyatının bütün sahələrinə təsir göstərməklə yanaşı, yeni imkanlarla bərabər müəyyən risklər də yaratmışdır. Xüsusilə uşaqların internet və rəqəmsal platformalardan geniş istifadə etdiyi bir şəraitdə onların informa

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı cəmiyyət həyatının bütün sahələrinə təsir göstərməklə yanaşı, yeni imkanlarla bərabər müəyyən risklər də yaratmışdır. Xüsusilə uşaqların internet və rəqəmsal platformalardan geniş istifadə etdiyi bir şəraitdə onların informasiya təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Bu baxımdan Azərbaycanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanun informasiya münasibətlərinin tənzimlənməsi, informasiya resurslarının qorunması və vətəndaşların, xüsusilə də uşaqların təhlükəsiz informasiya mühitində inkişafının təmin edilməsi baxımından mühüm hüquqi baza rolunu oynayır Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində uşaqların hüquqlarının qorunması, onların təhlükəsiz, sağlam və keyfiyyətli təhsil mühitində böyüməsi daim prioritet istiqamətlər sırasında yer almışdır. Son illərdə rəqəmsal transformasiya, elektron hökumət sisteminin inkişafı, kibertəhlükəsizlik imkanlarının genişləndirilməsi və informasiya təhlükəsizliyinin gücləndirilməsi sahəsində qəbul edilmiş qərarlar məhz gələcək nəslin maraqlarının qorunmasına xidmət edir. Cənab Prezident tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə strategiyalar”, eləcə də rəqəmsal inkişaf sahəsində qəbul olunmuş dövlət proqramları ölkədə təhlükəsiz informasiya mühitinin formalaşdırılmasını əsas hədəflərdən biri kimi müəyyən etmişdir. Bu sənədlərdə uşaqların zərərli informasiya təsirlərindən qorunması, rəqəmsal savadlılığın artırılması və müasir texnologiyalardan təhlükəsiz istifadənin təşviqi xüsusi yer tutur Dövlət başçısının imzaladığı fərman və sərəncamlar nəticəsində təhsil müəssisələrinin rəqəmsal imkanları genişləndirilmiş, məktəblərdə informasiya texnologiyalarından istifadə imkanları artırılmış, elektron təhsil resurslarının inkişafına mühüm investisiyalar yönəldilmişdir. Bununla yanaşı, kibertəhlükəsizlik sahəsində institusional mexanizmlərin gücləndirilməsi uşaqların internet mühitində qarşılaşa biləcəyi risklərin minimuma endirilməsinə xidmət edir. Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti də uşaqların sağlam, təhlükəsiz və hərtərəfli inkişafına yönəlmiş dövlət siyasətinin mühüm tərkib hissəsidir. Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr minlərlə uşağın keyfiyyətli təhsilə çıxış imkanlarının genişlənməsinə, onların sağlamlığının qorunmasına və sosial rifahının yaxşılaşdırılmasına mühüm töhfə vermişdir “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” və digər sosial-humanitar layihələr ölkədə uşaqların fiziki və mənəvi inkişafına xidmət edən uğurlu təşəbbüslər kimi xüsusi əhəmiyyət daşıyır. Bu layihələr yalnız sosial dəstək mexanizmi deyil, həm də uşaqların təhlükəsiz gələcəyinin təmin olunmasına yönəlmiş strateji investisiyalardır. Milli Məclis tərəfindən son illərdə informasiya təhlükəsizliyi, uşaqların hüquqlarının müdafiəsi və rəqəmsal mühitdə təhlükəsizlik məsələləri ilə bağlı bir sıra mühüm qanunvericilik təşəbbüsləri həyata keçirilmişdir. “Uşaq hüquqları haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Fərdi məlumatlar haqqında”, “Media haqqında” və digər qanunlara edilən əlavə və dəyişikliklər uşaqların zərərli informasiyadan qorunmasına, şəxsi məlumatlarının təhlükəsizliyinin təmin edilməsinə və rəqəmsal məkanda hüquqlarının müdafiəsinə xidmət edir Parlamentdə keçirilən ictimai dinləmələr və komitə müzakirələri də bu istiqamətdə dövlət siyasətinin təkmilləşdirilməsinə mühüm töhfə verir. Milli Məclisin İnsan hüquqları komitəsi, Ailə, qadın və uşaq məsələləri komitəsi, həmçinin digər aidiyyəti komitələr tərəfindən uşaqların informasiya təhlükəsizliyi, internet resurslarından istifadənin hüquqi tənzimlənməsi, kibermühitdə yaranan yeni çağırışlar və onların aradan qaldırılması yolları mütəmadi olaraq müzakirə edilir. Bu gün informasiya təhlükəsizliyi yalnız texniki və ya hüquqi məsələ deyil, milli təhlükəsizliyin, insan hüquqlarının və gələcək nəslin qorunmasının mühüm elementidir. Qloballaşan dünyada uşaqların müxtəlif informasiya təsirlərinə məruz qalması fonunda dövlət, ailə və cəmiyyətin birgə fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir Azərbaycan dövləti Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə informasiya təhlükəsizliyi sahəsində müasir çağırışlara adekvat cavab verən siyasət həyata keçirir. Bu siyasətin əsas məqsədi yalnız rəqəmsal inkişafı təmin etmək deyil, həm də uşaqların sağlam, təhlükəsiz və intellektual cəhətdən inkişaf etmiş vətəndaşlar kimi yetişməsinə əlverişli mühit formalaşdırmaqdır. Dövlət qurumlarının, Milli Məclisin, Heydər Əliyev Fondunun və vətəndaş cəmiyyətinin bu istiqamətdə birgə fəaliyyəti Azərbaycanın gələcək nəsillərinin təhlükəsiz və firavan inkişafına xidmət edən mühüm təminatlardan biridir Mehriban Vəliyeva Milli Məclisin deputatı


