Tenqri
Ana Səhifə
Dünya

İş mühitinin psixososial arxitekturası: risklərin inteqrativ qiymətləndirilməsi

Psixososial iş mühitinin keyfiyyəti işçilərin gündəlik funksionallığı, təhlükəsizlik hissi və rifahının formalaşmasında mühüm şərtlərdən biridir Beynəlxalq Əmək Təşkilatının (BƏT) yanaşmasına görə, psixososial iş mühiti işin dizaynı, təşkili və idarə olunması, iş yerində qarşılıqlı münasibətlər, bu

0 baxışapa.az
İş mühitinin psixososial arxitekturası: risklərin inteqrativ qiymətləndirilməsi
Paylaş:

Psixososial iş mühitinin keyfiyyəti işçilərin gündəlik funksionallığı, təhlükəsizlik hissi və rifahının formalaşmasında mühüm şərtlərdən biridir Beynəlxalq Əmək Təşkilatının (BƏT) yanaşmasına görə, psixososial iş mühiti işin dizaynı, təşkili və idarə olunması, iş yerində qarşılıqlı münasibətlər, bu prosesi tənzimləyən siyasət, praktika və prosedurlar vasitəsilə formalaşır. Bu yanaşma psixososial iş mühitini işçinin gündəlik təcrübəsini formalaşdıran təşkilati və sosial şərtlərin birlikdə yaratdığı sistem kimi nəzərdən keçirməyə imkan verir. Bu kontekstdə iş yükünün bölgüsü, rol və gözləntilərin aydınlığı, rəhbərliyin ünsiyyət tərzi, komanda daxili münasibətlərin keyfiyyəti, qərar vermə proseslərinin şəffaflığı, sosial dəstək mexanizmləri, resurslara çıxış, qavranılan təşkilati ədalət və təşkilati mədəniyyət psixososial arxitekturanın əsas elementləri kimi qiymətləndirilə bilər Mövcud empirik sübutlar göstərir ki, psixososial risklər iş mühitində təsadüfi xarakter daşımır, müxtəlif sektor və ölkələrdə müşahidə olunan sistemli fenomen kimi formalaşır. Qlobal meta-analitik tədqiqatlarda, xüsusilə insanlarla intensiv təmas tələb edən sahələrdə verbal zorakılıq və digər qeyri-fiziki zorakılıq formalarının təxminən 58-67 % dəyişdiyi bildirilir (Liu et al., 2019; Sahebi et al., 2022; Önal et al., 2023). Eyni zamanda işçilərin təxminən 40 %-i işini yüksək stres mənbəyi kimi qiymətləndirir (International Labour Organization & World Health Organization, 2022). Regional çoxsahəli tədqiqatlar da bu tendensiyanı dəstəkləyir və psixososial risklərin yalnız konkret sektorlarla məhdudlaşmadığını göstərir (Aytaç et al., 2011) Bu, psixososial risklərin təhlilində daha geniş çərçivəyə ehtiyac olduğunu ortaya qoyur. Biopsixososial yanaşma bu riskləri fiziki-bioloji, psixoloji, sosial və təşkilati ölçülərin qarşılıqlı təsiri əsasında qiymətləndirməyə imkan verir Fiziki-bioloji ölçü iş mühitinin fiziki şərtlərini və fərdin fizioloji resurslarını əhatə edir. Uzun iş saatları, zəif erqonomika, yüksək fiziki yüklənmə, fasilələrin məhdudluğu və bərpa imkanlarının azalması bu ölçünün əsas risk faktorları kimi çıxış edir Ümumdünya Səhiyyə Təşkilatı (DST) və BƏT-in 2021-ci ildə yayımlanan məlumatlarına görə, həftəlik 55 saatdan çox işləmək ürək-damar xəstəlikləri və insult riskinin artması ilə əlaqələndirilir. Bu göstəricilər uzun iş saatlarının yalnız yorğunluq deyil, ciddi sağlamlıq riski kimi qiymətləndirilməli olduğunu göstərir Bu ölçüdə risklər fiziki sağlamlıqla məhdudlaşmır. Yorğunluq, yuxu pozuntuları, enerji azalması və somatik şikayətlər diqqət, reaksiya sürəti və qərar vermə kimi koqnitiv funksiyalara təsir göstərir. Bu isə iş qabiliyyəti və təhlükəsizlik davranışlarının keyfiyyətində azalma ilə nəticələnə bilər Psixoloji ölçü fərdin koqnitiv və emosional resurslarını əhatə edir. Bu ölçüdə əsas məsələ iş tələbləri ilə mövcud resurslar arasında balansın qorunmasıdır. İş tələbləri-resursları modeli göstərir ki, yüksək iş tələbləri və məhdud resurslar arasında uzunmüddətli disbalans xroniki stres, emosional tükənmə və “burnout” riskini artırır (Bakker & Demerouti, 2007; Schaufeli, 2017) Bu ölçüdə emosional tənzimləmə, nəzarət hissi, özünəinam, diqqət və problem həlletmə bacarıqları işçinin psixoloji dayanıqlılığını müəyyənləşdirən əsas resurslar kimi çıxış edir. Resursların tədricən azalması isə “itki spiralı” mexanizmi ilə dərinləşə bilər. Resursların qorunması nəzəriyyəsinə görə, insanın enerji, zaman, sosial dəstək və özünəinam kimi resursları azaldıqca stressə qarşı həssaslığı artır və ilkin stress faktorları daha ciddi psixoloji nəticələrə səbəb ola bilər (Hobfoll et al., 2018) Bu səbəbdən psixoloji risklər yalnız emosional narahatlıq yaratmır. Diqqətin zəifləməsi, qərar vermənin çətinləşməsi, motivasiyanın azalması və problemlərin həllində çevikliyin zəifləməsi həm fərdi rifah, həm də təşkilati effektivlik baxımından əhəmiyyətli nəticələr doğura bilər Sosial ölçü iş yerindəki münasibətlər sistemini, komanda dinamikasını və gündəlik ünsiyyət mühitini əhatə edir. Bu ölçüdə psixoloji təhlükəsizlik, sosial dəstək, qarşılıqlı etimad, rəhbərliyin dəstəkləyici ünsiyyət tərzi, hörmətə əsaslanan münasibətlər və əməkdaşlığın keyfiyyəti əsas qoruyucu faktorlar kimi çıxış edir Psixoloji təhlükəsizlik işçilərin fikir bildirmək, sual vermək, narahatlıqları ifadə etmək və səhvləri gizlətmədən müzakirə etmək imkanını artıran sosial mühit kimi izah olunur (Edmondson, 1999; Edmondson & Lei, 2014). Tədqiqatlar göstərir ki, rəhbərlik üslubu, inklüziv davranışlar və açıq ünsiyyət mühiti işçilərin səsini ifadə etməsinə, risk və çətinlikləri daha erkən bildirməsinə, komanda daxilində etimadın güclənməsinə təsir göstərir (Nembhard & Edmondson, 2006; Detert & Burris, 2007; Frazier et al., 2017) Psixoloji təhlükəsizliklə yanaşı, sosial dəstək də iş mühitinin mühüm qoruyucu resurslarından biridir. Tədqiqatlar sosial dəstəyin stresdən qoruyucu amil kimi çıxış etdiyini göstərir (Cohen & Wills, 1985; Ozbay et al., 2007). Bu baxımdan sağlam münasibətlər sistemi yalnız “müsbət atmosfer” yaratmır, emosional dayanıqlılığı artıran, funksionallığı qoruyan mühüm psixososial resurs kimi rol oynayır Təşkilati ölçü təşkilati struktur, idarəetmə modelləri, qərar vermə mexanizmləri və institusional çərçivəni əhatə edir. Bu ölçüdə təşkilati ədalət, şəffaflıq, rol aydınlığı, mükafatlandırma sistemi, resurslara çıxış, karyera imkanları, dəyişikliklərin idarə olunması, eləcə də etik və hüquqi prinsiplərin qorunması əsas amillər kimi çıxış edir Səy-mükafat disbalansı modeli göstərir ki, işçinin sərf etdiyi əmək və aldığı maddi, sosial və peşəkar qarşılıq arasında uyğunsuzluq yarandıqda xroniki stres riski artır (Siegrist, 1996; Siegrist et al., 2004). Bu uyğunsuzluğun uzun müddət davam etməsi yalnız yorğunluqla deyil, ədalətsizlik qavrayışının güclənməsi, dəyərsizlik təcrübəsi, motivasiyanın azalması və təşkilata bağlılığın zəifləməsi ilə də nəticələnə bilər Təşkilati ölçüdə psixososial risklər çox vaxt məhsuldarlığın azalması, işə bağlılığın zəifləməsi, “absenteeism” və “presenteeism” kimi göstəricilər vasitəsilə özünü büruzə verir (Johns, 2010; Deloitte, 2024). Qlobal iş yeri hesabatları da işçi bağlılığı və rifah göstəricilərinin təşkilati məhsuldarlıqla əlaqəli olduğunu vurğulayır (Gallup, 2024) Buna görə də psixososial risklərin effektiv idarə olunması yalnız fərdi dəstək proqramları ilə məhdudlaşmamalıdır. Bu, təşkilatda rol və məsuliyyətlərin aydın müəyyənləşdirilməsini, qərar vermə proseslərinin şəffaflığını, psixososial risklərin bildirilməsi, qiymətləndirilməsi və cavab mexanizmlərinin mövcudluğunu tələb edir. Bu prosesdə məxfilik, ayrı-seçkiliyin qarşısının alınması, işçi hüquqlarının qorunması, bildirilən halların etik və obyektiv qiymətləndirilməsi, müvafiq müdaxilə prinsipləri xüsusi əhəmiyyət daşıyır Bu baxımdan iş dizaynı, idarəetmə yanaşmaları, təşkilati ədalət, etik və hüquqi çərçivə, qərar vermə mexanizmləri davamlı təhlil, təkmilləşdirmə predmeti olmalıdır Nəticə etibarilə, psixososial risklərin effektiv idarə olunması onların yalnız ümumi stres və ya fərdi rifah göstəricisi kimi deyil, fiziki-bioloji, psixoloji, sosial və təşkilati ölçülər üzrə inteqrativ şəkildə qiymətləndirilməsini tələb edir. Risklərin hər ölçüdə ayrıca və qarşılıqlı əlaqədə təhlili onların mənbəyini, təsir mexanizmlərini və təşkilati nəticələrini daha aydın müəyyən etməyə imkan verir. Yalnız bu halda sağlam psixososial iş mühitinin formalaşdırılması üçün profilaktik, dəstəkləyici və təşkilati müdaxilə tədbirləri məqsədyönlü şəkildə planlaşdırıla və həyata keçirilə bilər Bakı Psixologiya Mərkəzinin uzman psixoloq və psixoterapevti, psixi sağlamlıq siyasəti və xidmətləri üzrə ixtisaslaşmış mütəxəssis

Kaynak: apa.az

Diğer Haberler