Görkəmli fikir və söz adamının 80 yaşına
Hörmətli Sabir müəllim! Ədəbiyyatımızın görkəmli nümayəndəsi, tanınmış ictimai-siyasi xadim, vətən sevdalı ləyaqətli şəxsiyyət olan Sizi - əziz dostumu anadan olmağınızın 80 illiyi münasibəti ilə ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə təbrik üçün ürək sözlərimi yazmaq istəyərkən nədənsə ilk əvvə

Hörmətli Sabir müəllim! Ədəbiyyatımızın görkəmli nümayəndəsi, tanınmış ictimai-siyasi xadim, vətən sevdalı ləyaqətli şəxsiyyət olan Sizi - əziz dostumu anadan olmağınızın 80 illiyi münasibəti ilə ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə təbrik üçün ürək sözlərimi yazmaq istəyərkən nədənsə ilk əvvəl yadıma bizim tərəflər, uşaqlığımızın, yeniyetməlik illərimizin keçdiyi, elə mənə də doğma, əziz olan Yardımlının dağları düşdü. Bir də elə sizin özünüzün bir ad gününüzə yazdığınız şeirdən misralar: Elə sehir var ki, bu ucalıqda Ürəyi dəyişir, vaxtı çaşdırır Dağlar ad günümə hədiyyə kimi Ruhumu yenidən cavanlaşdırır Qoy ruhunuz bundan sonra da hər zaman cavan qalsın! Sizə uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları diləyirəm! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təltif olunduğunuz "Şərəf" ordeniniz də mübarəkdir! Bilirsiniz ki, mən şairliyə iddialı deyiləm, ancaq daim poetik sözün, bədii düşüncənin tərəfindəyəm. İllər əvvəl o əlçatmaz poetik dünyanıza və zəngin yaradıcılığınıza xoş qibtəmin, səmimi vurğunluğumun ifadəsi olaraq Sizə - çox dəyərli şair dostuma "Bir sətir söz" başlığı ilə şeir yazmışdım. İndi bu yığcam təbrik sözlərimə həmin o şeirimi də qoşmağı gərəkli bildim: Bir torpağın oğluyuq Sağ tayda sən yeridin Sol tayda mən yürüdüm Rişəsindən güc aldıq Güc aldıqca ucaldıq Ağ saqqalı qırov, çən Sənə sözdən səltənət Hikmətdən pay düşübdür Bol hay-haray düşübdür Qalıb, ya getməliyəm?! Bu çay yaman dərindir! Ayaqlarım yalındır Bir körpü at o taydan Qoy bu çayı keçim mən O tayda yol gözləyən Yurdum var, ocağım var Göy Tanrıdan pay olan Bir azca pay ver mənə Bir çəngə ver, bir əlçim Gözüm üstə qoyum mən Damcı-damcı yaş olsun Qətrə-qətrə içim mən Bir balaca söz olsun Lal olub qalmayım mən O baxt da səninkidir O taxt da səninkidir Duyğunsa söz mülküdür Bir udum ver, udum mən Bircə kəlmə söz olsun Dolum, qürrələnim mən Bulaqsan, qaynayırsan O çeşmə çox tanışdır Bulağından su ver ki Bir qurtum da içim mən Gəldi-gedər dünyadan Nisgilli getməyim mən Daha bir xahişim var: Bircə bənd yaz, sən Allah! Daha heç ölməyim mən!


