Fransa müstəmləkəçiliyinin növbəti qurbanları: Basklar və bretonlar - TƏHLİL
Bu il iyunun 2-də Fransa parlamentində hökumət tərəfindən hazırlanmış “Korsikanın Fransa Respublikası daxilində xüsusi muxtariyyət hüququ əldə etməsi” adlı qanun layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Konstitusiyaya əlavə olunacaq yeni maddə Korsikaya Fransa daxilində özünüidarəetmə hüququ

Bu il iyunun 2-də Fransa parlamentində hökumət tərəfindən hazırlanmış “Korsikanın Fransa Respublikası daxilində xüsusi muxtariyyət hüququ əldə etməsi” adlı qanun layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Konstitusiyaya əlavə olunacaq yeni maddə Korsikaya Fransa daxilində özünüidarəetmə hüququ verməklə yanaşı, adanın özünəməxsus xüsusiyyətlərinin, tarixi, mədəni və dil irsinin tanınmasını nəzərdə tutur. Layihənin iyunun 24-də Fransa Milli Assambleyasında səsverməyə çıxarılması planlaşdırılır. Qanun qəbul edilərsə, Korsika ilk dəfə olaraq Fransa Konstitusiyasında ayrıca tarixi-mədəni birlik kimi tanınacaq və müəyyən sahələrdə qanunvericiliyin yerli şəraitə uyğunlaşdırılması hüququ əldə edəcək İlk baxışdan bu təşəbbüs Fransanın regional müxtəlifliyə hörmətinin və demokratik idarəetmənin inkişafının göstəricisi kimi görünə bilər. Lakin Korsika məsələsinə tarixi prizmasından baxdıqda ortaya başqa mənzərə çıxır. Bu gün muxtariyyət müzakirələri aparılan ada iki əsrdən artıq müddətdə mərkəzləşdirilmiş Fransa dövlətinin assimilyasiya siyasətinə, siyasi təzyiqlərinə və mədəni məhdudiyyətlərinə məruz qalıb Azad respublikadan Fransa müstəmləkəsinə Korsika Aralıq dənizinin ən qədim siyasi kimliklərindən birinə malik ərazilərdən hesab olunur. XVIII əsrin ortalarında korsikalılar Genuya Respublikasına qarşı üsyan qaldıraraq öz müstəqil dövlətlərini yaratmış, Pasquale Paolinin rəhbərliyi altında Avropanın ilk demokratik konstitusiyalarından birini qəbul etmişdilər Lakin 1768-ci ildə Genuya Respublikası borclarının əvəzində Korsika üzərindəki hüquqlarını Fransaya verdi. Bir il sonra Fransa ordusu adanı işğal etdi və Korsika faktiki olaraq Fransa hakimiyyətinə keçdi. Korsikalılar uzun müddət silahlı müqavimət göstərsələr də, Fransa hərbi üstünlüyü nəticəsində adanı tam nəzarət altına aldı. Bir çox korsikalı tarixçilər məhz bu hadisəni Fransa müstəmləkəçiliyinin başlanğıcı hesab edirlər. Çünki ada sakinlərinin siyasi iradəsi, haqları xarici gücün nəzarətinə verilmişdi Dil və kimliyə qarşı assimilyasiya siyasəti Fransa hakimiyyəti dövründə Korsikanın ən böyük problemlərindən biri yerli dilin və milli kimliyin zəiflədilməsi olub. XIX əsrdən başlayaraq Paris mərkəzli idarəçilik sistemi Korsika dilinin ictimai həyatdan sıxışdırılmasını sürətləndirdi. Məktəblərdə təhsil yalnız fransız dilində aparılır, dövlət idarələrində və məhkəmələrdə korsik dilinin istifadəsinə imkan verilmirdi. Nəticədə əsrlərlə adanın əsas ünsiyyət vasitəsi olmuş korsik dili tədricən gerilədi Bu gün də UNESCO korsik dilini təhlükə altında olan regional dillər sırasına daxil edir. Korsikalı siyasətçilər uzun illərdir ki, dilin rəsmi status almasını tələb etsələr də, Fransa Konstitusiyasının “Respublikanın dili fransız dilidir” prinsipi bu istiqamətdə ciddi maneə olaraq qalır Milli hərəkatın yüksəlişi və dövlət təzyiqləri Fransanın digər regionları ilə müqayisədə Korsika uzun müddət iqtisadi baxımdan geri qalıb. Sənayeləşmə prosesindən kənarda qalan ada əhalisi işsizlik və yoxsulluq səbəbindən kütləvi şəkildə miqrasiya etməyə məcbur olub. XIX və XX əsrlərdə minlərlə korsikalı Fransa materikinə, Şimali Afrikaya və Cənubi Amerikaya köç edib. Nəticədə adanın demoqrafik strukturu dəyişib, yerli əhalinin payı azalıb və korsikalılar öz torpaqlarında azlıq vəziyyətinə düşmək təhlükəsi ilə üzləşiblər Bu gün də korsikalı millətçilərin əsas narahatlıqlarından biri daşınmaz əmlak bazarında xarici investorların üstünlük qazanması və yerli əhalinin torpaq əldə etmək imkanlarının məhdudlaşmasıdır 1960-cı illərdən etibarən Korsikada milli özünüdərk hərəkatı güclənməyə başladı. Yerli əhali mədəni hüquqların genişləndirilməsi, iqtisadi bərabərlik və siyasi muxtariyyət tələb edirdi 1975-ci ildə Aleriya hadisələri Korsika tarixində dönüş nöqtəsi oldu. Fransa təhlükəsizlik qüvvələrinin korsikalı fəallara qarşı əməliyyatı adada geniş etirazlara səbəb oldu və sonradan silahlı milli hərəkatın formalaşmasına gətirib çıxardı. Bundan sonra onilliklər ərzində Korsika ilə Paris arasında gərgin münasibətlər davam etdi 1976-cı ildə yaradılmış FLNC (Korsikanın Milli Azadlıq Cəbhəsi) Fransa dövlətinə qarşı silahlı mübarizəyə başladı. Fransa hökuməti isə cavab olaraq minlərlə polis və jandarm qüvvəsini adaya yerləşdirdi, çoxsaylı həbslər həyata keçirdi Yvan Kolonna hadisəsi və yeni etiraz dalğası Korsikalı millətçi Yvan Kolonnanın 2022-ci ildə həbsxanada öldürülməsi Korsika məsələsinin yenidən Fransa gündəminə qayıtmasında mühüm rol oynadı Kolonnanın ölümündən sonra adada kütləvi etiraz aksiyaları başladı. Nümayişçilər Fransa hökumətini korsikalı məhbusların hüquqlarını pozmaqda və adanın problemlərinə laqeyd yanaşmaqda ittiham etdilər. Baş verən qarşıdurmalar Parisi yeni siyasi həll yolları axtarmağa məcbur etdi. Məhz bundan sonra Prezident Emmanuel Makron Korsika üçün “Respublika daxilində muxtariyyət” ideyasını dəstəklədiyini açıqladı Hazırda Fransa parlamentində müzakirə olunan qanun layihəsi Korsikanın uzun illər davam edən tələblərinin qismən qarşılanması kimi qiymətləndirilir İyunun 24-də keçiriləcək səsvermə yalnız yeni hüquqi mexanizmin qəbulu deyil, həm də Fransa dövlətinin Korsika xalqının tarixi tələblərinə münasibətinin növbəti sınağı olacaq. Əgər layihə qəbul edilərsə, bu, Parislə Ajaccio arasında iki əsrdən artıq davam edən mürəkkəb münasibətlər tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər Korsika ilə bağlı qərar Fransa müstəmləkəçiliyinin sonu demək deyil Korsikaya xüsusi muxtariyyət verilməsi ilə bağlı qanun layihəsi Fransa tərəfindən tarixi addım kimi təqdim olunsa da, bu qərar ölkənin əsrlər boyu həyata keçirdiyi müstəmləkəçilik və assimilyasiya siyasətinin nəticələrinin aradan qalxdığı anlamına gəlmir Bu gün Fransa hakimiyyəti altında yaşayan və milli kimliklərini, dillərini, eləcə də siyasi hüquqlarını qorumaq uğrunda mübarizə aparan başqa xalqlar da mövcuddur. Basklar və Bretonlar bunun ən bariz nümunələridir. Onlar uzun illərdir Parisin mərkəzləşdirilmiş idarəetmə siyasətinə qarşı çıxaraq daha geniş özünüidarəetmə, milli tanınma və öz müqəddəratını təyinetmə hüququ tələb edirlər Şimali Bask ölkəsi: Assimilyasiyaya qarşı milli mübarizə Fransanın cənub-qərbində yerləşən və bask dilində “Iparralde” adlandırılan Şimali Bask ölkəsi Labur, Aşağı Navarra və Sul tarixi vilayətlərindən ibarətdir. Bu ərazi hazırda Fransanın Yeni Akvitaniya regionunun Pireney-Atlantik departamentinin tərkibində saxlanılır və bask xalqının tarixi və milli xüsusiyyətlərinə baxmayaraq, ayrıca siyasi, inzibati və ya muxtar statusa malik deyil. Fransa inqilabına qədər Şimali Bask vilayətləri özünəməxsus yerli idarəetmə institutlarına, hüquq normalarına və tarixi azadlıqlara malik idi. Lakin 1790-cı ildə Paris tərəfindən həyata keçirilən inzibati islahat nəticəsində bu tarixi vilayətlər zorla Bearna ilə birləşdirilərək vahid departamentin tərkibinə daxil edildi. Bununla da Şimali Bask ölkəsinin ərazi bütövlüyü və yerli idarəçilik ənənələri faktiki olaraq aradan qaldırıldı. Sonrakı dövrdə Fransa dövlətinin sərt mərkəzləşdirmə, dil eyniləşdirməsi və assimilyasiya siyasəti bask dilini ictimai həyatdan, təhsildən və dövlət idarəçiliyindən sıxışdırdı, yerli siyasi institutların məhvinə və bask milli kimliyinin sistemli şəkildə zəiflədilməsinə gətirib çıxardı. Nəticədə Şimali Bask ölkəsi öz tarixi torpaqlarında siyasi tanınmadan və kollektiv hüquqlardan məhrum edilmiş bir xalqın yaşadığı əraziyə çevrildi Müasir dövrdə Şimali Bask ölkəsinin milli azadlıq mübarizəsi 1963-cü ildə “Enbata” hərəkatının yaradılması ilə təşkilatlanmış siyasi mərhələyə qədəm qoydu. Hərəkat Fransa dövlətinin assimilyasiya və mərkəzləşdirmə siyasətinə qarşı çıxaraq Bask xalqının milli birliyini, bask dilinin qorunmasını və Şimali Bask ölkəsinin ayrıca siyasi subyekt kimi tanınmasını tələb edirdi. “Enbata”nın fəaliyyəti 1974-cü ildə Fransa hökuməti tərəfindən qadağan edildi. Bu qərar Şimali Bask ölkəsində milli özünüdərk və siyasi təşkilatlanmanı boğmağa yönəlmiş repressiv addım kimi qiymətləndirilir. Hərəkatın qadağan olunması Parisin bask xalqının siyasi iradəsini tanımaq əvəzinə, inzibati təzyiq və hüquqi məhdudiyyətlər vasitəsilə susdurmağa üstünlük verdiyini göstərirdi 1973-cü ildə yaradılmış “Iparretarrak” təşkilatı isə Şimali Bask ölkəsinə siyasi muxtariyyətin verilməsini, Bask torpaqlarının inzibati parçalanmasına son qoyulmasını və bütün Bask ərazilərinin milli birlik çərçivəsində birləşdirilməsini tələb edirdi. 1990-cı illərin sonlarından etibarən “Iparretarrak”ın fəaliyyəti zəifləsə də, Şimali Bask ölkəsində milli azadlıq tələbi aradan qalxmadı. Baskların müstəqillik hərəkatı Fransa dövlətinin siyasi hökmranlığına, assimilyasiya siyasətinə və Bask xalqının kollektiv hüquqlarının inkarına qarşı mübarizəni davam etdirməkdədir Şimali Bask ölkəsinin vahid siyasi və inzibati qurum kimi tanınması uğrunda onilliklər boyu davam edən mübarizənin nəticəsində 2017-ci ildə ərazinin 158 bələdiyyəsini birləşdirən “Bask Ölkəsi Aqlomerasiya İcması” yaradıldı. Bu qurum real muxtar hökumət, qanunverici orqan və ya suveren siyasi təsisat olmasa da, Fransa dövlətinin uzun müddət inzibati baxımdan parçalanmış vəziyyətdə saxladığı Şimali Bask ərazilərinin ilk dəfə vahid struktur daxilində birləşdirilməsi baxımından mühüm siyasi nailiyyətdir Bununla belə, aqlomerasiya icmasının səlahiyyətləri məhduddur və Bask xalqının öz ərazisi üzərində siyasi qərarvermə hüququnu təmin etmir. Qurumun yaradılması Şimali Bask ölkəsinin tarixi və milli bütövlüyünün qismən tanınması sayılsa da, rəsmi Paris hələ də əraziyə ayrıca siyasi status, qanunvericilik səlahiyyəti və real özünüidarə hüququ verməkdən imtina edir Hazırda Şimali Bask ölkəsində milli suverenlik və öz müqəddəratını təyinetmə ideyasını ən fəal müdafiə edən siyasi qüvvələrdən biri 2007-ci ildə yaradılmış “Euskal Herria Bai” - EH Bai hərəkatıdır. Solçu və bask milliyyətçisi mövqedən çıxış edən EH Bai Fransa dövlətinin mərkəzləşdirilmiş idarəçiliyinə, assimilyasiya siyasətinə və Bask xalqının siyasi subyektliyinin inkarına qarşı mübarizə aparır EH Bai Şimali Bask ölkəsi üçün geniş qanunvericilik, maliyyə və vergi səlahiyyətlərinə malik muxtar ərazi qurumunun yaradılmasını, bask dilinin rəsmi və hüquqi statusunun təmin edilməsini, onun təhsil, idarəetmə və ictimai həyatda tam tətbiqini, həmçinin Bask xalqının öz müqəddəratını təyinetmə hüququnun tanınmasını tələb edir Hərəkat muxtariyyəti yekun məqsəd deyil, Fransa dövlətinin siyasi nəzarətindən çıxışa, milli suverenliyə və gələcək müstəqilliyə aparan keçid mərhələsi kimi qiymətləndirir. Bu baxımdan EH Bai-nin siyasi proqramı Şimali Bask ölkəsinin sadəcə inzibati tanınmasını deyil, onun ayrıca xalq, ərazi və siyasi iradə sahibi kimi qəbul edilməsini hədəfləyir Bretonlar: Tarixi dövlətçilik ənənəsindən müasir suverenlik tələblərinə Fransanın qərbində yerləşən Breton bölgəsi uzun tarixə malik milli kimliyi, siyasi mübarizə ənənəsi və müstəqillik ideyası ilə seçilir. Breton xalqının ayrıca siyasi subyekt kimi tanınmamasına və bölgəyə xüsusi muxtariyyət statusunun verilməməsinə baxmayaraq, milli suverenlik, öz müqəddəratını təyinetmə və Fransadan siyasi asılılığın aradan qaldırılması məsələləri ictimai-siyasi gündəmdə qalmaqda davam edir. Fransa dövlətinin mərkəzləşdirmə və assimilyasiya siyasəti Breton dilinin, yerli siyasi institutların və milli özünüdərkin zəiflədilməsinə yönəlsə də, bölgədə müstəqillik və siyasi suverenlik uğrunda mübarizə müxtəlif təşkilatlar və təşəbbüslər vasitəsilə davam etdirilir. Bu istiqamətdə yaradılmış strukturlardan biri də “Yaşayan Breton Dövləti” — “État Vivant Breton”dur. Bu qurum Breton xalqının dövlətçilik ideyasını yaşatmaq, onun siyasi iradəsini ifadə etmək və gələcək müstəqil Breton dövlətinin əsaslarını formalaşdırmaq məqsədi daşıyır Breton tarixən müstəqil dövlətçilik ənənəsinə malik güclü siyasi qurum olub, müxtəlif dövrlərdə krallıq və hersoqluq formasında mövcudluğunu davam etdirib, Avropanın digər dövlətləri ilə diplomatik münasibətlər qurub. 1365-ci ildə imzalanmış və 1381-ci ildə təsdiqlənmiş Gerand müqaviləsi Breton Varislik Müharibəsinə son qoyaraq Bretonun ayrıca siyasi-hüquqi subyekt kimi mövqeyini möhkəmləndirmişdi Lakin 1532-ci ildə Vann şəhərində qəbul edilmiş İttifaq aktı Bretonun Fransa Krallığına birləşdirilməsini rəsmiləşdirdi. Sənəddə Bretonun yerli institutlarının, vergi imtiyazlarının, hüquqi qaydalarının və tarixi azadlıqlarının qorunacağına dair təminatlar verilsə də, sonrakı dövrlərdə Fransa monarxiyası, daha sonra isə mərkəzləşdirilmiş Fransa dövləti bu öhdəlikləri mərhələli şəkildə aradan qaldıraraq Bretonun siyasi muxtariyyətini və tarixi dövlətçilik institutlarını faktiki olaraq ləğv etdi Breton milli hərəkatı bu prosesi bərabərhüquqlu ittifaqdan daha çox, verilmiş təminatların pozulması yolu ilə həyata keçirilmiş siyasi ilhaq kimi qiymətləndirir. İttifaq şərtlərinə əməl edilməməsi bu gün də Breton xalqının suverenlik, öz müqəddəratını təyinetmə və müstəqil dövlətçiliyin bərpası ilə bağlı tələblərinin əsas tarixi arqumentlərindən biri kimi irəli sürülür Son illərdə Breton xalqının siyasi suverenliyi və müstəqil dövlətçilik hüququnu müdafiə edən bir sıra fəallar “Yaşayan Breton Dövləti”nin mövcudluğunu elan ediblər. Bu simvolik qurum özünü Bretonun tarixi suverenliyinin və dövlətçilik ənənəsinin davamçısı kimi təqdim edir “Yaşayan Breton Dövləti” Fransa dövlətinin Breton xalqının ayrıca siyasi subyektliyini tanımamasına cavab olaraq yaradılmış paralel siyasi institut və ya mühacirətdə fəaliyyət göstərən hökumət modeli kimi çıxış edir. Onun əsas məqsədi siyasi iradəsi rəsmi Paris tərəfindən nəzərə alınmayan Breton xalqının milli maraqlarını, suverenlik tələblərini və öz müqəddəratını təyinetmə hüququnu beynəlxalq səviyyədə təmsil etməkdir Qurum, həmçinin, Fransa müstəmləkəçiliyi və siyasi assimilyasiyası ilə üzləşmiş digər xalqlarla həmrəylik əlaqələri qurmağa çalışır. Bu fəaliyyət Breton mübarizəsinin yalnız regional məsələ deyil, xalqların azadlığı, tarixi hüquqları və müstəmləkə idarəçiliyinə qarşı müqavimət çərçivəsində təqdim edilməsinə xidmət edir Bu istiqamətdə mühüm addımlardan biri “Yaşayan Breton Dövləti” ilə Kanakidə yaşayan yerli xalqın siyasi qurumu olan Qureşaba Krallığı arasında əməkdaşlıq memorandumunun imzalanmasıdır. Sözügedən sənəd Breton milli hərəkatının öz mübarizəsini beynəlmiləlləşdirmək, oxşar tarixi təcrübəyə malik xalqlarla siyasi həmrəylik şəbəkəsi yaratmaq və suverenlik tələblərini beynəlxalq müstəviyə çıxarmaq baxımından mühüm bir addımdır “Yaşayan Breton Dövləti” öz siyasi mövqeyini əsasən Fransa nəzarətində olan dənizaşırı ərazilərdə davam edən dekolonizasiya mübarizələrindən ilhamlanan xətt üzərində qurur. “Yaşayan Breton Dövləti” Kanaki (Yeni Kaledoniya), Maohi Nuinin (Fransız Polineziyası), Qvadelup, Martinik və Fransız Qvianası xalqlarının təcrübəsinə istinad etməklə Bretonun vəziyyətini Fransa hakimiyyəti altında siyasi subyektliyi, milli kimliyi və öz müqəddəratını təyinetmə hüququ tanınmayan xalqların taleyi ilə əlaqələndirir Bu yanaşma Breton məsələsini yalnız Fransanın daxili regional problemi kimi deyil, dekolonizasiya, milli suverenlik və xalqların azad seçim hüququ ilə bağlı beynəlxalq məsələ kimi təqdim etməyə xidmət edir. Kanaki, Maohi Nui, Antillər və Qvianadakı hərəkatlarla qurulan siyasi paralellər Breton xalqının müstəqillik tələblərinə daha geniş görünürlük qazandırır, onun beynəlxalq həmrəylik şəbəkələrinə qoşulmasına və Fransa dövlətinin assimilyasiya siyasətinin beynəlxalq səviyyədə gündəmə gətirilməsinə imkan yaradır “Yaşayan Breton Dövləti” öz mübarizəsini təkcə Bretonun milli hüquqlarının müdafiəsi ilə məhdudlaşdırmır, onu Fransa müstəmləkəçiliyinə qarşı çıxan xalqların ortaq dekolonizasiya hərəkatının bir hissəsi kimi təqdim edir Fransa müstəmləkəçiliyinin digər qurbanları Təəssüflə qeyd olunmalıdır ki, Fransa müstəmləkəçilik siyasətinin coğrafiyası təkcə Korsika, Bask ölkəsi və ya Bretonla məhdudlaşmır. Dünyanın müxtəlif nöqtələrində Parisin əsrlər boyu həyata keçirdiyi koloniya siyasətindən əziyyət çəkmiş, milli kimliklərini, torpaqlarını və siyasi hüquqlarını itirmiş xalqlar var Fransanın müstəmləkəçilik irsi Avropadan Sakit okeana, Afrikadan Karib hövzəsinə, Cənubi Amerikaya qədər geniş coğrafiyanı əhatə edir. Bu siyasət nəticəsində bəzi xalqlar hərbi işğallar, torpaq müsadirələri və qanlı repressiyalarla üzləşib, bəziləri isə uzun illər davam edən assimilyasiya siyasəti nəticəsində öz dillərini, mədəniyyətlərini və tarixi idarəetmə institutlarını itirmək təhlükəsi ilə qarşılaşıblar Bu gün də Fransa nəzarətində olan və ya tarixi olaraq Fransa hakimiyyətinin təsirinə məruz qalmış bir sıra xalqlar öz müqəddəratını təyinetmə, siyasi tanınma və milli hüquqlar uğrunda mübarizəni davam etdirirlər. Kanakilər, Maohilər, Qvadelup və Martinik xalqları bu baxımdan ən çox diqqət çəkən nümunələr sırasındadır Fransa əməllərinin hesabını verməlidir Korsika ətrafında başlayan müzakirələr Fransa müstəmləkəçiliyinin mirası ilə bağlı daha geniş sualları yenidən gündəmə gətirir. Bu baxımdan Korsika məsələsi yalnız bir adanın gələcəyi ilə bağlı deyil, həm də Fransa müstəmləkəsi altında yaşamış və ya yaşamaqda olan müxtəlif xalqların tarixi taleyinə yanaşmanın tərkib hissəsi kimi qəbul olunmalıdır Fransa tərəfindən əsrlər boyu həyata keçirilən işğallar, assimilyasiya siyasəti, torpaq müsadirələri, hərbi repressiyalar, iqtisadi istismar və ekoloji fəlakətlər müxtəlif xalqların kollektiv yaddaşında dərin izlər buraxıb. Bu səbəbdən bir çox milli hərəkatlar hesab edirlər ki, söhbət yalnız tarixi hadisələrdən deyil, bu gün də davam edən siyasi və sosial nəticələrdən gedir Korsika ilə bağlı qərarın taleyindən asılı olmayaraq, bir məsələ aydındır: Fransa müstəmləkəçiliyinin mirası hələ də tam şəkildə aradan qalxmayıb. Parisin qarşısında duran əsas sual isə təkcə ayrı-ayrı regionlara müəyyən səlahiyyətlər vermək deyil, uzun illər boyu hüquqları məhdudlaşdırılmış xalqların tarixi haqlarına və öz müqəddəratını təyinetmə çağırışlarına necə cavab verəcəyidir. Müstəmləkəçi Fransa öz keçmişi ilə, törətdiyi qırğınlarla, repressiyalarla, sürgünlərlə, talanlarla üz-üzə qalmağa özündə güc tapmalı, bunun hesabını verməlidir


