Erməni xalqı Azərbaycanla sülhə səs verdi - DEPUTATLAR
Ermənistanda 7 iyun tarixində keçirilən seçkinin ilkin nəticələri məlum olub. Ermənistan Baş naziri Nikol Paşinyanın sədri olduğu “Vətəndaş Müqaviləsi” Partiyası 49,81% səs toplayaraq, qalib gəlib. Beləliklə, Paşinyanın partiyası 64 mandat qazanıb Ermənistan Baş naziri seçkidən sonra ilk açıqlamala

Ermənistanda 7 iyun tarixində keçirilən seçkinin ilkin nəticələri məlum olub. Ermənistan Baş naziri Nikol Paşinyanın sədri olduğu “Vətəndaş Müqaviləsi” Partiyası 49,81% səs toplayaraq, qalib gəlib. Beləliklə, Paşinyanın partiyası 64 mandat qazanıb Ermənistan Baş naziri seçkidən sonra ilk açıqlamalarında Azərbaycanla sülhün institutlaşdırılmalı olduğunu qeyd edib. Bununla yanaşı TRIPP-lə bağlı da pozitiv mesajlar verib Görünür, Azərbaycanla Ermənistan tarixi anın - sülhün bir addımlığındadır Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov bildirib ki, erməni xalqının Nikol Paşinyana verdiyi dəstək eyni zamanda sülh gündəliyinə verilən dəstək kimi qiymətləndirilməlidir: “Paşinyan artıq bəyan edib ki, paraflanmış sülh sazişini imzalamaq niyyətindədir. Eyni zamanda, o, Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması istiqamətində də mövqe nümayiş etdirir. Azərbaycan da bu istiqamətdə addımlar ata bilər. Biz yalnız Paşinyanın deyil, erməni xalqının da sülhlə bağlı iradəsini görmək istəyirdik. Erməni xalqı Paşinyanı dəstəkləməklə, onun sülh proqramına da dəstək vermiş oldu. Hesab edirəm ki, sülh müqaviləsinin imzalanması mümkündür” Deputat qeyd edib ki, sülh sazişinin imzalanmasından sonra sənədin ratifikasiyası Ermənistan Konstitusiyasına dəyişiklik prosesi ilə əlaqələndirilə bilər: “Sadəcə olaraq, sənədin parlamentdə ratifikasiyasını müəyyən müddət saxlamaq olar ki, Ermənistan Konstitusiyasında dəyişikliklər həyata keçirilsin. Rusiya Paşinyanın referendum keçirməsini istəyir, lakin Paşinyanın özü referendum variantına o qədər də isti yanaşmır. O, yeni Konstitusiyada əvvəlki Müstəqillik Bəyannaməsinə istinad əvəzinə Ermənistanın Avropa istiqamətli inkişaf kursunu və Avropa ilə inteqrasiya niyyətini əks etdirə bilər. Bununla həm Moskvaya mesaj vermiş olar, həm də Azərbaycanın Müstəqillik Bəyannaməsinə istinadın aradan qaldırılması ilə bağlı gözləntiləri qarşılanar” R.Musabəyov hesab edir ki, Konstitusiyada Avropa seçiminin əks olunması müxalifət daxilində də müəyyən dəstək yarada bilər: “Hər bir halda, sülhə hazır olduğunu göstərən və Qarabağ məsələsini artıq əvvəlki kimi siyasi alətə çevirməyən Paşinyan hakimiyyətdə qaldığı müddətdə sülh sazişinin və dövlətlərarası normallaşmanın təmin edilməlidir” Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyevin sözlərinə görə, Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri regionda Qarabağ Zəfərindən sonra formalaşan yeni geosiyasi reallıqların artıq Ermənistan cəmiyyətinin siyasi seçimlərinə də ciddi təsir göstərdiyinin əyani sübutudur: “Bu seçkilərin həlledici siyasi faktoru Prezident İlham Əliyevin formalaşdırdığı regional təhlükəsizlik və sülh gündəliyi oldu. Ümumilikdə seçkilərin nəticəsini şərtləndirən əsas məqamlardan biri Azərbaycanın son illərdə həyata keçirdiyi uğurlu hərbi-siyasi və diplomatik strategiyadır. Əgər Azərbaycan Prezidenti qətiyyətlə işğala son qoymasaydı, beynəlxalq hüquqa əsaslanan yeni regional reallıq formalaşdırılmasaydı, Ermənistan siyasi elitasının bu gün sülh, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması kimi prinsipləri prioritet kimi qəbul etməsi mümkün olmazdı. Bu baxımdan seçkilərin nəticəsini müəyyən edən mühüm amil Prezident İlham Əliyevin yürütdüyü strateji siyasət və onun Ermənistanla sülh gündəliyinə verdiyi praktik məzmun oldu. Görünən odur ki, Ermənistan cəmiyyətinin əksəriyyəti baş verən hadisələrdən nəticə çıxarmağa başlayır və Azərbaycanla sülhün alternativsiz olduğunu daha aydın şəkildə dərk edir. Vurğulamaq lazımdır ki, 44 günlük Vətən müharibəsindən sonra qalib tərəf olmasına baxmayaraq, məhz Azərbaycan sülh danışıqlarını təklif etdi və bunun üçün beynəlxalq hüquqa əsaslanan baza prinsipləri irəli sürdü. Sonrakı mərhələdə Prezident İlham Əliyevin siyasəti Paşinyan hökumətinin sülh gündəliyinin praktiki addımlarla müşayiət olunmasına da mühüm təsir göstərdi. Xüsusilə 2025-ci ildə Vaşinqton Sülh Sammitindən sonra iki ölkə sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması, regionda nəqliyyat-kommunikasiya məhdudiyyətlərinin aradan qaldırılması istiqamətində müzakirələrin intensivləşməsi, Ermənistan üçün tranzit imkanlarının yaranması perspektivi, iqtisadi və humanitar təmasların genişlənməsi, vətəndaş cəmiyyəti institutları arasında dialoqun təşviqi, qarşılıqlı aqressiv ritorikanın zəifləməsi kimi məqamlar sülh prosesinə əlavə dinamika verdi” Deputatın fikrincə, seçkidən sonra Ermənistan qarşısında duran əsas vəzifə artıq real və geri dönməz sülhün hüquqi bazasının, institusional əsaslarının formalaşdırılması üçün zəruri addımların atılmasıdır: “İlk atılan addımlardan biri Ermənistan daxilində və xaricdə Qarabağla bağlı fəaliyyət göstərən separatçı xarakterli bütün təsisatlar, strukturlar və tör-töküntülər tamamilə ləğv edilməlidir. Ermənistan müxtəlif ölkələrdə fəaliyyət göstərən qondarma “Qarabağ nümayəndəlikləri”nin bağlanmasını təmin etməlidir. Qısa müddətdə isə yeni Konstitusiyanın qəbul edilməsi və Azərbaycana qarşı ərazi iddialarına hüquqi-siyasi səviyyədə son qoyulması vacib şərtdir. Yalnız bu halda regionda davamlı sülh və təhlükəsizlik üçün hüquqi zəmin tam formalaşa bilər. Bütün bu addımların yekunu olaraq Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması və dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi bütün regionun gələcək inkişafı baxımından həlledici əhəmiyyət daşıyır” Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Ermənistan cəmiyyəti 2020-ci ildən sonra Azərbaycan reallığını qəbul etmək məcburiyyətində qalıb: "Uzun illər həmin cəmiyyət faşist ideologiyasının təsiri altında idi. Alman cəmiyyəti faşizmdən xilas olduğu kimi, erməni cəmiyyətinin də buna ehtiyacı vardı. Son seçkilər göstərdi ki, qonşu dövlətlərə qarşı iddia və müharibə əhval-ruhiyyəsi qələbə qazana bilməz. Bu, eyni zamanda cənab Prezidentimizin apardığı siyasətin Cənubi Qafqazda qələbəsi idi. Ermənistanın Azərbaycanla yaxşı münasibətlər qurmaq xəttinin qələbəsi idi" Deputat vurğulayıb ki, seçkidən sonra Ermənistan hakimiyyəti bu nəticəni real müstəvidə artıq möhkəmləndirməlidir: "Azərbaycana qarşı ərazi iddiaları Konstitusiyadan çıxarılmalıdır. Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətlərinin qurulmasına doğru gedilməlidir. Faşizmin Ermənistanda baş qaldırmasına imkan verilməməlidir. Qarşılıqlı əməkdaşlıq, bir-birinə hörmətlə yanaşmaq bu günün və sabahın əsası olmalıdır"


