Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır
Qlobal təchizat zəncirinin arxitekturası köklü transformasiya mərhələsindən keçir. Rusiya-Ukrayna müharibəsi səbəbindən ənənəvi Şimal marşrutunun kəskin məhdudlaşması və Qırmızı dənizdəki təhlükəsizlik riskləri fonunda qlobal daşıyıcıların gəmiləri Afrika qitəsinin cənubuna – Ümid burnuna yönləndirm

Qlobal təchizat zəncirinin arxitekturası köklü transformasiya mərhələsindən keçir. Rusiya-Ukrayna müharibəsi səbəbindən ənənəvi Şimal marşrutunun kəskin məhdudlaşması və Qırmızı dənizdəki təhlükəsizlik riskləri fonunda qlobal daşıyıcıların gəmiləri Afrika qitəsinin cənubuna – Ümid burnuna yönləndirməsi beynəlxalq ticarəti təcili şəkildə alternativ yollar axtarmağa məcbur etdi. Bu kontekstdə Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya uzanan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz sadəcə nəzəri konsepsiyadan qlobal geostrateji zərurətə çevrilib Bunu AZƏRTAC-a açıqlamasında qloballaşma və milli dövlət mübahisələri üzrə tədqiqatçı Turan Qafarlı deyib Ekspert deyib ki, Orta Dəhlizin mərkəzində yerləşən Cənubi Qafqaz, xüsusən Azərbaycan və Gürcüstanın Türkiyə ilə formalaşdırdığı geoiqtisadi ox layihənin funksionallığı və dayanıqlılığı üçün həlledici elementdir. Cənubi Qafqazın aktiv iştirakı olmadan Asiya və Avropa arasında quru-dəniz bağlantısının effektiv qurulması qeyri-mümkündür. Regionun dəyəri onun təchizat zəncirinin şaxələndirilməsi prosesində təhlükəsiz, işlək və neytral tranzit zonası kimi çıxış etməsindədir “Bu arxitekturada Azərbaycan özünü sadəcə tranzit ölkə missiyası ilə məhdudlaşdırmır, rəsmi Bakı regional logistika, enerji, sənaye və bağlantı mərkəzi mövqeyini möhkəmləndirir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürücülük qabiliyyətinin 25 milyon tona çatdırılması hədəfi, Bakı–Tbilisi–Qars (BTK) dəmir yolunun modernizasiyası və tranzit yükləri üçün rəqəmsal gömrük ("tək pəncərə") sistemlərinin tətbiqi yüklərin emal sürətini əhəmiyyətli dərəcədə artırır. Gələcəkdə Zəngəzur dəhlizinin açılması perspektivi isə Türkiyəyə birbaşa və fasiləsiz dəmir yolu bağlantısı yaradaraq Orta Dəhlizin həm tutumunu, həm də rentabelliyini strateji cəhətdən yüksəldəcək. Mərkəzi Asiya respublikaları üçün dəhliz iqtisadi müstəqillik aləti və dənizə çıxış qapısıdır. Qazaxıstan, Özbəkistan və Türkmənistan üçün bu marşrut ənənəvi hegemon tranzit yollarından asılılığı azaldır, həm enerji resurslarının, həm də qeyri-neft məhsullarının Avropa bazarlarına daşınmasını şaxələndirir”, - deyə ekspert qeyd edib Onun sözlərinə görə, mövcud dinamikaya praqmatik yanaşmaq lazımdır. Hazırkı infrastruktur tutumu və daşıma xərcləri baxımından Orta Dəhliz qlobal logistikada Süveyş kanalını və ya Şimal marşrutunu tam əvəz etmək gücündə deyil. Çünki marşrutun qarşısında duran ciddi institusional çağırışlar qalmaqdadır. Xəzər dənizində bərə və Ro-Ro gəmi parkının məhdudluğu, limanlararası koordinasiya boşluqları, tranzit tariflərinin tam uyğunlaşdırılmaması və sərhəd-keçid prosedurlarındakı bürokratik ləngimələr yüklərin hərəkət sürətinə təsir edir. Dünya Bankının qiymətləndirmələrinə görə, məhz bu dar boğazlar aradan qaldırılarsa, 2030-cu ilə qədər tranzit həcmlərini üç dəfəyə qədər artırmaq və səyahət müddətini yarıbayarı azaltmaq mümkündür. Bunun üçün isə irihəcmli investisiyalar və dərin siyasi sabitlik şərtdir “Orta Dəhliz qlobal logistika sistemində strateji alternativ və dayanıqlı təchizat zənciri elementi kimi öz çəkisini inamla artırır. Lakin bu marşrutun uzunmüddətli uğuru onun xəritədə sadəcə ən qısa yol olmasından deyil, Cənubi Qafqaz və digər iştirakçı dövlətlər arasında institusional koordinasiya, infrastrukturun sinxron inkişafı, siyasi etimad və vahid tarif siyasətinin tətbiqi səviyyəsindən asılı olacaq”, - deyə T. Qafarlı vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


