“Dəyişikliklərin sürəti universitetləri data əsaslı və risk yönümlü idarəetmə modelinə keçməyə məcbur edir” - Ədalət Muradov
“Müasir universitetlər artıq yalnız akademik və elmi çağırışlarla deyil, geosiyasi gərginliklər, iqtisadi qeyri-müəyyənlik, texnoloji transformasiya və ictimai təzyiqlərlə də üz-üzədir. Avropa universitetləri bu reallıqda ali təhsilin əsas məsələsini yalnız inkişaf deyil, eyni zamanda institusional

“Müasir universitetlər artıq yalnız akademik və elmi çağırışlarla deyil, geosiyasi gərginliklər, iqtisadi qeyri-müəyyənlik, texnoloji transformasiya və ictimai təzyiqlərlə də üz-üzədir. Avropa universitetləri bu reallıqda ali təhsilin əsas məsələsini yalnız inkişaf deyil, eyni zamanda institusional dayanıqlığın qorunması kimi qiymətləndirirlər. Bu baxımdan universitetlərin gələcəyi onların böhranlara necə reaksiya verməsindən, öz dəyərlərini necə qorumasından və dəyişən şəraitdə strateji çeviklik nümayiş etdirməsindən asılı olacaq” Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib. Rektor qeyd edib ki, universitetlər üçün ən böyük risk institusional missiyanın zəifləməsidir. Avropa yanaşmasına görə universitetlərin əsas gücü onların akademik azadlıq, etik məsuliyyət, elmi obyektivlik və ictimai etimad kimi fundamental dəyərlərindədir. Qeyri-müəyyənlik şəraitində universitet rəhbərliyinin əsas vəzifəsi bu prinsipləri qoruyaraq eyni zamanda çevik qərarvermə mexanizmləri qurmaqdır. Burada liderlik yalnız idarəetmə bacarığı deyil, dəyərlərə əsaslanan strateji mövqe kimi təqdim olunur. Sammitdə geosiyasi dəyişikliklərin ali təhsilə təsiri də geniş müzakirə edildi. Müharibələr, miqrasiya prosesləri, enerji böhranı, texnoloji rəqabət və qlobal siyasi proseslər universitetlərin beynəlxalq əməkdaşlıq modelini dəyişir: “Avropa universitetləri bu şəraitdə beynəlmiləlləşməni sadəcə tələbə və müəllim mübadiləsi kimi deyil, strateji təhlükəsizlik və institusional davamlılıq məsələsi kimi qiymətləndirməyə başlayıblar. Xüsusilə tədqiqat tərəfdaşlıqları, texnologiya paylaşımı və akademik asılılıq məsələləri yeni geosiyasi reallıq fonunda daha həssas mövzuya çevrilir. Müzakirələrdə diqqət çəkən əsas məqamlardan biri universitetlərin gələcəyini qorumaq üçün operativ planlaşdırma və idarəetmə mexanizmlərinin yenilənməsi idi. Avropa yanaşmasına görə müasir universitetlər artıq uzunmüddətli statik strategiyalarla idarə oluna bilməz. Çünki dəyişikliklərin sürəti universitetləri daha çevik, data əsaslı və risk yönümlü idarəetmə modelinə keçməyə məcbur edir. Bu baxımdan ssenari əsaslı planlaşdırma, böhran idarəetməsi, maliyyə diversifikasiyası və institusional çeviklik əsas prioritetlərdən biri kimi təqdim olunur. Eyni zamanda universitet idarəçiliyində şəffaflıq və ictimai hesabatlılıq məsələsi də xüsusi ön plana çıxdı. Avropa universitetləri qəbul edirlər ki, ictimai etimad gələcəyin əsas strateji resurslarından biridir. Universitet artıq cəmiyyətdən kənarda fəaliyyət göstərən qapalı akademik struktur deyil, ictimai proseslərin aktiv iştirakçısı kimi çıxış edir”


