Doğma yurda qayıdan sakinlər Ağdam Sənaye Parkında işlə təmin olunurlar
İşğaldan azad olunmuş Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə paralel olaraq, əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi istiqamətində də mühüm strateji addımlar atılır. Doğma yurda qayıdan sakinlər üçün müasir tələblərə uyğun yeni iş yerlərinin yaradılması regionda

İşğaldan azad olunmuş Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə paralel olaraq, əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi istiqamətində də mühüm strateji addımlar atılır. Doğma yurda qayıdan sakinlər üçün müasir tələblərə uyğun yeni iş yerlərinin yaradılması regionda sosial-iqtisadi canlanmanı daha da sürətləndirir. Bu xüsusda, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan və 2021-ci il mayın 28-də təsis edilən Ağdam Sənaye Parkı bölgənin iqtisadi potensialının reallaşdırılmasında aparıcı rol oynayır AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkənin ən iri sənaye zonalarından biri olan parkın ərazisinə bu günədək sahibkarlar tərəfindən 172 milyon manat investisiya yatırılıb. Hazırda sənaye parkında 31 müəssisə rezident, 5 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb və burada 1000-dən artıq daimi iş yeri formalaşdırılıb. Artıq parkda 13 müəssisə aktiv fəaliyyət göstərir və onların istehsal gücü həm daxili bazarın tələbatını ödəməyə, həm də ixrac potensialını genişləndirməyə yönəlib. İşə qəbul zamanı əsas üstünlüyün Ağdam və ətraf rayonlardan olan sakinlərə verilməsi bölgədə işsizliyin aradan qaldırılmasına əhəmiyyətli təsir göstərir Park ərazisində fəaliyyət göstərən müasir müəssisələrdən biri də avtomatika və telemexanika fabrikidir. Fabrikin yığım sahəsi üzrə rəhbəri Sübhan Quliyev müəssisənin fəaliyyətinin birbaşa yerli infrastrukturun modernləşdirilməsinə xidmət etdiyini vurğulayıb: “Bizim sahənin əsas hədəfi ölkənin dəmir yolu şəbəkəsinin ən müasir avadanlıqlarla təchiz olunmasıdır. Məqsədimiz mobilliyin artırılmasını və hərəkətin təhlükəsizliyini rəqəmsal sistemlərlə dəstəkləməkdir. İstehsal etdiyimiz texnoloji avadanlıqlar hazırda daxili layihələrdə uğurla tətbiq olunur, növbəti mərhələdə isə xarici bazarlara çıxış strategiyası nəzərdə tutulub.” Müəssisədə çalışan mühəndis Nicat Əhmədov isə zavodun regional iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb: “Müəssisəmiz dəmir yolu avadanlıqlarının istehsalı sahəsində regionda və ölkədə ilk layihələrdən biri hesab olunur. İki ilə yaxındır fəaliyyət göstərən zavodumuzda 30-dan çox işçi çalışır ki, onların da böyük əksəriyyəti Ağdam sakinləridir. Vaxtilə məcburi köçkün həyatı yaşamış insanların bu gün doğma yurda qayıdaraq burada həm daimi mənzillə, həm də yüksək texnoloji işlə təmin olunması qürurvericidir” Qeyd edək ki, Ağdam Sənaye Parkında icra olunan layihələr regionda modern sənayeləşmənin inkişafına təkan verməklə, Böyük Qayıdış prosesinin iqtisadi əsaslarını daha da möhkəmləndirir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


