Dünyada müharibələr fonunda Azərbaycanda sabitliyin olması ölkəmizə yeni imkanlar qazandıra bilər - ŞƏRH
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2026-cı ilin may ayına olan məlumatına görə, dünya üzrə ərzaq qiymətləri artım trendini davam etdirib. FAO tərəfindən açıqlanan Ərzaq Qiymətləri İndeksi 130,7 bəndə yüksələrək ardıcıl üç ay artım göstərib. Aprel ayında indeksdə təxminən 1,63 faiz

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2026-cı ilin may ayına olan məlumatına görə, dünya üzrə ərzaq qiymətləri artım trendini davam etdirib. FAO tərəfindən açıqlanan Ərzaq Qiymətləri İndeksi 130,7 bəndə yüksələrək ardıcıl üç ay artım göstərib. Aprel ayında indeksdə təxminən 1,63 faiz artım qeydə alınıb. Bu, son 6 ayın ən yüksək səviyyəsidir İqtisadçı-ekspert Cəbrayıl Vəliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, ərzaq qiymətlərinin qlobal səviyyədə bahalaşmasının əsas səbəbləri ilk növbədə enerji xərclərinin artmasıdır Onun sözlərinə görə, məlum Körfəz hadisələri çərçivəsində Hörmüz boğazının bağlı qalması neft qiymətlərinin son 2 ayda yüksək qalmasına səbəb olub “Enerji qiymətlərinin 2026-cı ildə təqribən 25 faiz artacağı gözlənilir ki, bu da birbaşa daşıma və istehsal xərclərinin hələ bir müddət yüksək qalacağını göstərir. Eyni zamanda, Hörmüz boğazındakı gərginlik və logistik problemlər gübrə qiymətlərini də təqribən 15 faiz artırıb ki, bu da əslində növbəti mövsümdə də qiymətlərin yüksək qalacağına bir işarədir. Həm enerji, həm də gübrə əlçatanlığının azalması qiymətlərə birbaşa təsir edən faktorlardır. Gərginliyin orta və uzun müddətə yayılması və davam edəcəyi təqdirdə dünya bunun təsirlərini daha qabarıq və digər sektorlarla əhatəli hiss edəcək. Ərzaq qiymətlərinin artmasına təsir edən digər bir amil də iqlim dəyişikliyidir. Belə ki, ABŞ və Avstraliyadakı quraqlıq, Braziliya və digər ölkələrdəki əlverişsiz hava şəraiti məhsuldarlığa mənfi təsir etməkdədir ki, bu da həmin ölkələrin dünya bazarına çıxardığı məhsulların qiymətlərinin yüksəlməsinə səbəb olur. Xüsusilə taxıl, ət, bitki yağlarında inflyasiya səviyyələri yüksəkdir”, - deyə Cəbrayıl Vəliyev qeyd edib Ekspert qeyd edib ki, dünyada müharibələr, qarşıdurmalar fonunda Azərbaycanda sabitliyin və əmin-amanlığın olması ölkəmizə yeni imkanlar qazandıra bilər: “Bu kontekstdə ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi, bu istiqamətdə real tədbirlərin görülməsi vacibdir. Çünki investisiya sabitlik sevir və eyni zamanda ölkəmizin güclü nəqliyyat və logistik mərkəzlərindən birinə çevrilməsi onlar üçün gələcəkyönümlü fürsətlər yaratmaqdadır. Məhz bu səbəbdəndir ki, dünyanın müxtəlif ölkələrinin rəhbər və biznes sferası nümayəndələrinin ölkəmizə səfərləri intensivləşib ki, bu da onların Azərbaycanla əməkdaşlığın artırılmasına maraqlı olduqlarını göstərir. Sabitlik və əmin-amanlıq mühitində, eyni zamanda iqtisadiyyatın onurğası hesab edilən real sektorun inkişafı istiqamətində kiçik və orta sahibkarlığa dəstəyin artırılması, emal sənaye sahələrinin genişləndirilməsi və ixracyönümlü istehsalın diversifikasiyası vacibdir. Bu istiqamətdə iqtisadi mürəkkəblik (ECI) və məhsul mürəkkəbliyi (PCI) indekslərinin diqqətə alınaraq bəsit mallara və xammala deyil, emal olunmuş və texnoloji ağırlıqlı kompleks məhsulların istehsal və ixracına fokuslanmaq vacibdir” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


