Dünya 39 gün futbolla nəfəs alacaq - Məşhur şərhçidən maraqlı YAZI
DÇ-2026 fərqli olacaq: 3 ev sahibi, 48 komanda, 104 oyun Bu gün Bakı vaxtı ilə saat 23:00-da Meksika - Cənubi Afrika oyunu ilə futbol üzrə sayca 23-cü dünya çempionatı start götürəcək. İyulun 19-dək davam edəcək mundial həm formatı, həm də coğrafiyası baxımından indiyədək görünməmiş yeniliklərlə ya

DÇ-2026 fərqli olacaq: 3 ev sahibi, 48 komanda, 104 oyun Bu gün Bakı vaxtı ilə saat 23:00-da Meksika - Cənubi Afrika oyunu ilə futbol üzrə sayca 23-cü dünya çempionatı start götürəcək. İyulun 19-dək davam edəcək mundial həm formatı, həm də coğrafiyası baxımından indiyədək görünməmiş yeniliklərlə yadda qalacaq 2026-cı il dünya çempionatı ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək ki, daha əvvəl həmin say 32-yə bərabər idi. FIFA hesab edir ki, bu genişlənmə həm rəqabəti artıracaq, həm də daha çox ölkəyə dünya futbolunun ən böyük səhnəsində çıxış etmək imkanı verəcək. Genişlənən iştirakçı sayı turnirin formatına da təsir edib. Artıq komandalar hərəsində 4 iştirakçı olmaqla 12 qrupda mübarizə aparacaqlar. Pley-off mərhələsinə qrup qalibləri və ikincilərlə yanaşı, üçüncü yeri tutan ən yaxşı səkkiz komanda da vəsiqə qazanacaq. Bunun nəticəsində mundialın proqramına yeni mərhələ - 1/16 final əlavə olunub Özbəkistan, İordaniya, Kabo Verde və Kürasao komandaları tarixlərində ilk dəfə dünya çempionatında iştirak edəcəklər. Xüsusilə Kürasaonun mundiala vəsiqə qazanması diqqət çəkir. Karib hövzəsində yerləşən bu ada dövləti dünya çempionatında çıxış edəcək ən kiçik əraziyə və ən az əhaliyə malik ölkə olacaq Bununla yanaşı, bəzi komandalar uzun fasilədən sonra mundiala qayıdırlar. Konqo DR və Haiti 1974-cü ildən, İraq 1986-cı ildən, Avstriya, Norveç və Şotlandiya isə 1998-ci ildən sonra yenidən dünya çempionatında mübarizə aparacaqlar. Türkiyə millisi də dünya üçüncüsü olduğu 2002-ci ildən bəri ilk dəfə mundialda iştirak edəcək Tarixdə ilk dəfə dünya çempionatı eyni vaxtda üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. Meksika bununla da mundiala üçüncü dəfə ev sahibliyi edən ilk ölkə olacaq (daha əvvəl 1970 və 1986-cı illərdə). Kanada isə ilk dəfə mundialın təşkilatçısı olur Turnirin oyunları 16 şəhərdə keçiriləcək ki, onlardan da 11-i ABŞ-da, 3-ü Meksikada, 2-si isə Kanadada yerləşir. Mundial çərçivəsində ümumilikdə 104 qarşılaşma olacaq. Onların 78-i ABŞ-da baş tutacaq. Kanada və Meksika isə hərəyə 13 matça ev sahibliyi edəcəklər. Yarışın keçiriləcəyi stadionlar arasında yalnız biri daha əvvəl dünya çempionatı oyunlarına ev sahibliyi edib. Söhbət Mexikodakı əfsanəvi “Azteka” stadionundan gedir. Maraqlıdır ki, ABŞ-da təşkil edilmiş 1994-cü il dünya çempionatının stadionlarından heç biri bu dəfə istifadə olunmayacaq Mundial okeanın o tayında keçirildiyindən oyunların əksəriyyəti Bakı vaxtı ilə gecə və ya səhər saatlarında başlayacaq. Məsələn, Türkiyə millisinin Avstraliya ilə iyunun 14-də keçiriləcək oyunu saat 08:00-da, Paraqvayla iyunun 20-də baş tutacaq görüşü saat 07:00-da, ABŞ ilə iyunun 26-dakı qarşılaşması isə saat 06:00-da start götürəcək. Özbəkistan millisinin Kolumbiya ilə iyunun 18-dəki oyunu saat 06:00-da, Portuqaliya ilə iyunun 23-dəki matçı saat 21:00-da, Konqo DR ilə iyunun 28-dəki görüşü isə saat 03:30-da başlayacaq Əvvəlkilərdə olduğu kimi, bu mundialda bir çox yeni rekordlar qeydə alınacaq, əvvəlki nailiyyətlər təzələnəcək. Portuqaliya millisinin lideri Kriştiano Ronaldo altıncı cəhdində dünya çempionu olmaq arzusunu reallaşdırmağa çalışacaq. O, həmçinin altıncı mundialında da qol vurmaqla öz rekordunu daha da inkişaf etdirə bilər. Digər əfsanə Lionel Messi isə Argentina millisinin heyətində dünya çempionatlarındakı oyun sayını artıraraq rekordunu yeniləmək imkanı əldə edəcək: hazırda onun hesabında 26 oyun var Oyunçulardan söz düşmüşkən, Azərbaycan Premyer Liqasını təmsil edən futbolçu ilk dəfə dünya çempionatında çıxış edə bilər. “Turan Tovuz”un 34 yaşlı müdafiəçisi Roderik Miller Panama millisinin heyətində yer alıb. Qeyd edək ki, sovet dövründə belə xoşbəxtlik “Neftçi”nin iki futbolçusu - Anatoli Banişevski və Eduard Markarova nəsib olub: onlar SSRİ yığmasının heyətində 1966-cı il dünya çempionatında iştirak ediblər Şanslara gəlincə, dünyanın aparıcı idman statistika və analitika şirkətlərindən biri olan “Opta”nın hesablamalarına görə, İspaniya komandasının çempionluq ehtimalı daha yüksəkdir – 15,98 %. Bu reytinqdə ilk beşlikdə, həmçinin Fransa (12,88 %), İngiltərə (10,84 %), Argentina (10,05 %) və Portuqaliya (7,08 %) yer alıb. Onlardan sonra isə Braziliya (6,60 %), Almaniya (5,90 %), Niderland (3,87 %) və Norveç (3,47 %) gəlir Türkiyə millisinin çempionluq ehtimalı isə cəmi 1,10 faiz göstərilir. Bununla belə, futbol üzrə araşdırma və analitika mərkəzi “CIES Football Observatory”nin reytinqinə görə, dünyanın hazırda ən bahalı 10 futbolçusu arasında iki türkiyəli oyunçunun - Kenan Yıldız (133 milyon avro) və Arda Gülerin (124,8 milyon avro) də yer alması bu komanda ilə bağlı gələcəyə ümidlə baxmağa əsas verir Son illərdə nümayiş etdirdiyi sabit və yüksək səviyyəli oyun İspaniya millisini DÇ-2026-nın əsas favoritlərindən birinə çevirib. Komanda dünya çempionatından əvvəl ən nüfuzlu turnir olan AVRO-2024-ün qalibi olub. İspanlar həmin yarışda Xorvatiya (3:0), İtaliya (1:0), Almaniya, Fransa və İngiltərə (son üç rəqibi eyni hesabla – 2:1) kimi rəqibləri məğlub etməyi bacarıblar İspaniya millisi topa nəzarətə və qısa ötürmələrə əsaslanan oyun üslubu ilə seçilir. Məhz bu xüsusiyyət onu məğlub edilməsi ən çətin komandalardan birinə çevirib. Son üç ildə heç bir rəqib rəsmi oyunların əsas və ya əlavə vaxtında İspaniyaya qalib gələ bilməyib. Komanda bu müddətdə yalnız 2024-cü ildə yoldaşlıq görüşündə Kolumbiyaya (0:1) və ötən il UEFA Millətlər Liqasının finalında penaltilər seriyasında Portuqaliya (əsas və əlavə vaxt 2:2, pen. 3:5) uduzub Komandanın baş məşqçisi Luis de la Fuenteyə futbolçu kimi əsas millidə oynamaq qismət olmayıb. O, məşqçi kimi İspaniyanın U-19, U-21 və U-23 komandaları ilə uğur qazanaraq 2022-ci ildə əsas milliyə yüksəlib və onunla artıq Avropa çempionu tituluna sahib çıxıb İspaniya millisinin əsas üstünlüklərindən biri geniş və yüksəkkeyfiyyətli heyətidir. Komandanın onurğa sütununu böyük ölçüdə “Barselona”nın futbolçuları təşkil edir. Ardıcıl ikinci mövsüm İspaniya çempionu olan klubun səkkiz təmsilçisi millinin DÇ-2026 üçün heyətində yer alıb. Bunlar ehtiyat qapıçı Joan Qarsia, müdafiəçilər Erik Qarsia və Pau Kubarsi, yarımmüdafiəçilər Qavi və Pedri, hücumçular Ferran Torres, Dani Olmo və ötən il olduğu kimi, bu il də “Qızıl top” mükafatına əsas namizədlərdən biri olan 18 yaşlı Lamin Yamaldır Heyətdə İngiltərə çempionu “Arsenal”ın da üç futbolçusu yer alıb. Bunlar qapıçı David Raya, yarımmüdafiəçilər Mikel Merino və Martin Zubimendidir. Maraqlıdır ki, İspaniya millisinə bu dəfə “Real Madrid”dən heç kim çağırılmayıb Beləliklə, son illərin uğurlu nəticələri, uzunmüddətli məğlubedilməzlik seriyası, Luis de la Fuentenin rəhbərliyi altında formalaşmış sabit komanda modeli və güclü heyət İspaniyanı DÇ-2026-nın əsas favoritlərindən birinə çevirir və onun 2010-cu ildən sonra ikinci dəfə dünya çempionu olmaq ehtimalını artırır DÇ-2026-da qrupların tərkibi (komandalar “Opta”nın reytinqinə uyğun sıralanıblar): A qrupu: Meksika, Cənubi Koreya, Çexiya, Cənubi Afrika B qrupu: İsveçrə, Kanada, Bosniya və Herseqovina, Qətər C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti D qrupu: Türkiyə, ABŞ, Paraqvay, Avstraliya E qrupu: Almaniya, Ekvador, Kot d’İvuar, Kürasao F qrupu: Niderland, Yaponiya, İsveç, Tunis G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde I qrupu: Fransa, Norveç, Seneqal, İraq J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya K qrupu: Portuqaliya, Kolumbiya, Konqo DR, Özbəkistan L qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama Rasim MÖVSÜMOV, idman şərhçisi


