Tenqri
Ana Səhifə
İdman

Diaspor rəhbəri: Şotlandiyanın təbiəti mənə Şuşanı xatırlatdı– MÜSAHİBƏ

20 ildən çoxdur Böyük Britaniyada yaşayan “Buta” Azərbaycan–Şotlandiya Assosiasiyasının rəhbəri Nərgiz Morisson diaspora fəaliyyəti vasitəsilə Azərbaycan mədəniyyətinin tanıdılması və icmanın bir araya gətirilməsi istiqamətində çalışır AZƏRTAC-a müsahibəsində N.Morisson Şotlandiyaya köçməsindən, ps

0 baxışazertag.az
Diaspor rəhbəri: Şotlandiyanın təbiəti mənə Şuşanı xatırlatdı– MÜSAHİBƏ
Paylaş:

20 ildən çoxdur Böyük Britaniyada yaşayan “Buta” Azərbaycan–Şotlandiya Assosiasiyasının rəhbəri Nərgiz Morisson diaspora fəaliyyəti vasitəsilə Azərbaycan mədəniyyətinin tanıdılması və icmanın bir araya gətirilməsi istiqamətində çalışır AZƏRTAC-a müsahibəsində N.Morisson Şotlandiyaya köçməsindən, psixologiya sahəsində qurduğu karyerasından, “Buta” Assosiasiyasının yaranma tarixindən və Azərbaycan diasporunun fəaliyyətindən danışıb. O, həmçinin Şotlandiyada Azərbaycan mədəniyyətinə marağın artdığını, Novruz festivalları və müxtəlif ictimai layihələrin bu marağın güclənməsində mühüm rol oynadığını vurğulayıb Nərgiz xanım, neçə ildir Böyük Britaniyada yaşayırsınız? 20 ildən çoxdur ki, Böyük Britaniyada yaşayıram. 2005-ci ildə Şotlandiyaya köçmüşəm və o vaxtdan bəri buranı ikinci vətənim hesab edirəm. Bu illər ərzində həyatımı, karyeramı burada qurmuşam. Eyni zamanda öz mədəni köklərimlə əlaqəmi qoruyub saxlamışam. Haradan gəldiyim və bu gün harada olduğum arasındakı bu balans mənim həyata baxışımı və burdakı cəmiyyətdə rolumu və işimi formalaşdırıb Peşəniz və hazırda gördüyünüz iş haqqında nə deyə bilərsiniz? Karyerama Azərbaycanda enerji sektorunda başlamışam. Ancaq bununla yanaşı, insan davranışı və psixologiyaya hər zaman marağım olub. Şotlandiyaya köçdükdən sonra yenidən təhsil alaraq karyeramı psixologiya və psixoterapiya istiqamətinə yönəltmək qərarına gəldim. Bu, böyük bir dəyişiklik idi. Amma mənə uzunmüddətli marağımı izləməyə və insanların psixoloji sağlamlığı ilə birbaşa işləməyə imkan verdi Hazırda işim əsasən stres, “burnout” (emosional və ya peşəkar tükənmişlik) və “imposter” sindromu üzərində qurulub. Həm fərdi şəkildə, həm də qruplarla işləyirəm. Eyni zamanda, təşkilatlar üçün və konfranslarda psixoloji sağlamlıq, psixoloji təhlükəsizlik kimi mövzular üzrə çıxışlar və təlimlər keçirəm. Bundan əlavə, təşkilatlarda daha sağlam və davamlı iş mühitlərinin yaradılmasına dəstək oluram Bununla yanaşı, inklüzivliyin təşviqi və diskriminasiyaya qarşı mübarizə sahəsində çalışan bir xeyriyyə təşkilatı ilə işləyirəm. Bu iş çərçivəsində qaçqınlar və az təmsil olunan qruplarla birbaşa işləyirəm. Eyni zamanda, 18 il əvvəl təsis etdiyim “Buta” Azərbaycan–Şotlandiya Assosiasiyası çərçivəsində icma təşəbbüsləri və mədəni layihələr istiqamətində fəaliyyət göstərirəm Şotlandiyaya yolunuz necə düşdü və burada yaşamaq qərarını necə verdiniz? Şotlandiya mənim üçün təsadüfi seçim deyildi. Həyat yoldaşım şotlanddır, yəni məni buraya gətirən şəxsi əlaqəm oldu. Amma məndə ən güclü təsir yaradan məhz ilk dəfə bura gələndə, “highlands”lara (dağlıq ərazilər) səfərim oldu. Oranı ilk dəfə görəndə qəribə bir tanışlıq hissi oyandı. Oranın havası, meşələri, dağları və ümumiyyətlə bütün təbiətində doğmalıq hissi var. Bu mənə uşaqlığımın böyük hissəsini nənə-babamın yanında keçirdiyim Şuşanı xatırlatdı. Eyni zamanda, Şotlandiya mənə yenidən təhsil almaq, öyrənmək və yeni bir karyera qurmaq imkanı verdi. Zaman keçdikcə bura tədricən ikinci vətənim kimi hiss olunmağa başladı “Buta” Azərbaycan–Şotlandiya Assosiasiyasının yaranma ideyası necə formalaşdı? Assosiasiyanın əsas məqsədləri və fəaliyyət istiqamətləri nələrdir? “Buta” Azərbaycan–Şotlandiya Assosiasiyasını yaratmaq ideyası azərbaycanlıları bir araya gətirmək və aralarında əlaqə yaratmaq ehtiyacından yarandı. Mən Şotlandiyaya gələndə burada çox az azərbaycanlı yaşayırdı, amma zaman keçdikcə bu say artmağa başladı. Eyni zamanda, Azərbaycan mədəniyyəti isə demək olar ki, tanınmırdı. Bununla yanaşı, yerli icmalar arasında bizə maraq var idi. “Buta”nı ona görə yaratdım. Əsas məqsədlər insanları bir araya gətirmək, ortaq kimlik hissi yaratmaq və öz icmamızı dəstəkləmək idi. İcmamızı dəstəkləmək, əlaqələri gücləndirmək və Azərbaycan mədəniyyətini tanıtmaqyönümlü fəaliyyətlər vasitəsilə məqsədlərimizə çatmağa çalışırıq. İllər ərzində müxtəlif tədbirlər, seminarlar və icma layihələri keçirmişik. Həm Azərbaycan icmasını, həm də daha geniş ictimaiyyəti bir araya gətirən tədbirlər təşkil etmişik Şotlandiyada Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində hansı tədbirləri həyata keçirirsiniz? Biz Azərbaycan mədəniyyətini insanları bir yerə yığan və yerli əhalini cəlb edən müxtəlif fəaliyyətlər vasitəsilə tanıdırıq. Gələn il Novruz qalasını 20-ci dəfə keçirəcəyik Bu il Aberdin şəhər səviyyəsində “Buta”nın iştirakı ilə daha böyük bir Novruz festivalı təşkil olundu və bu festival Azərbaycan mədəniyyətini, tarixini və irsini daha geniş auditoriyaya təqdim etmək imkanı yaratdı. Festival çərçivəsində konsert, incəsənət və əl işləri sərgisi, moda nümayişi və film nümayişləri keçirildi və bu da insanlara Azərbaycan mədəniyyətini müxtəlif formalarda tanımaq imkanı yaratdı. Festivalın yekunu olaraq, Lord Provost tərəfindən “Town House”a Novruzu birlikdə qeyd etmək üçün dəvət olunduq və bu, bizim üçün çox önəmli bir tanınma anı oldu Eyni zamanda, biz uşaqlar üçün Azərbaycan dili, şahmat və rəqs dərsləri təşkil edirik ki, gənc nəslin öz kökləri ilə əlaqəsi qorunsun. Bununla yanaşı, universitetlərdə Azərbaycan haqqında tədbirlər təşkil etmişik. Bu tədbirlərdə ölkəmizin tarixi, Şotlandiya ilə əlaqələri və enerji sahəsindəki inkişafın əhəmiyyəti müzakirə olunur. Bu da Azərbaycanın akademik dairələrdə daha yaxşı tanınmasına və təqdim olunmasına imkan yaradır. Həmçinin biz milli bayramlarımızı qeyd edir və Xocalı soyqırımı və 20 Yanvar kimi mühüm tarixləri anırıq. Bütün tədbirlərimiz geniş ictimaiyyət üçün açıqdır və bu da Azərbaycan mədəniyyətinə marağın artmasına, dialoqun qurulmasına və daha müsbət münasibətlərin yaranmasına kömək edir Azərbaycan diasporunun Şotlandiyada rolu və fəaliyyəti haqqında nə deyə bilərsiniz? Şotlandiyada Azərbaycan diasporu say baxımından böyük deyil, amma zaman keçdikcə böyüyür və fəallaşır Çətin dövrlərdə, o cümlədən İkinci Qarabağ müharibəsi zamanı və Azərbaycanın beynəlxalq səviyyədə ədalətsiz şəkildə təqdim olunduğu hallarda bizim icma məlumat paylaşmaq və maarifləndirmə baxımından mühüm rol oynadı. Bu dövrdə parlament üzvləri ilə görüşlər keçirildi, nümayişlər təşkil olundu və Azərbaycanın mövqeyinin daha düzgün çatdırılması üçün ciddi səylər göstərildi Eyni zamanda, diaspora Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyətini davam etdirir. Bizim gördüyümüz işlər çox hallarda formal diplomatiyanın hər zaman nail ola bilmədiyi körpüləri qurmağa kömək edir. Ümumilikdə, biz yalnız öz icmamızı dəstəkləməklə kifayətlənmir, eyni zamanda Azərbaycanı təmsil edir, müsbət münasibətlərin qurulmasına və ölkəmiz haqqında məlumatların artmasına kömək edirik Yerli ictimaiyyətin Azərbaycan mədəniyyətinə marağı hansı səviyyədədir? Yerli ictimaiyyətin marağı əslində çoxlarının düşündüyündən daha yüksəkdir və zaman keçdikcə daha da artır. Biz görürük ki, mədəni tədbirlərimizə yerli əhalinin və burada yaşayan xaricilərin sayı getdikcə artır. Bu da Azərbaycanın mədəniyyətinə, ənənələrinə və tarixinə qarşı səmimi marağın olduğunu göstərir Bu il keçirilən Novruz festivalı zamanı bu maraq xüsusilə hiss olundu. Festival çərçivəsində təqdim olunan proqram ümumilikdə çox yüksək qiymətləndirildi və bəzi iştirakçılar tərəfindən hətta kral ailəsi qarşısında təqdim oluna biləcək səviyyədə olduğu qeyd olundu. Bu cür rəy həm təqdim olunan mədəniyyətin keyfiyyətini, həm də tamaşaçıların onu necə dəyərləndirdiyini göstərir. Biz görürük ki, mədəniyyəti canlı şəkildə göstərmək imkanı ölkəmizə də, həmvətənlərimizə də marağı artırır Azərbaycan–Şotlandiya əlaqələrinin gələcəyini necə görürsünüz? Azərbaycan və Şotlandiya arasında güclü əlaqələr mövcuddur. Bunu xüsusilə enerji və sənaye sahələrində görmək olar. Şotlandiya şirkətləri uzun illərdir Azərbaycanda fəaliyyət göstərir və geniş Britaniya investisiyalarının da bir hissəsidir. Eyni zamanda, Şotlandiyada çalışan çox sayda azərbaycanlı mühəndis və digər mütəxəssislər də ölkənin inkişafına öz töhfəsini verir. Yəni bu əlaqələr qarşılıqlı xarakter daşıyır Təhsil sahəsində də əlaqələr inkişaf edir. Universitetlər arasında əməkdaşlıq, akademik tədbirlər və birgə fəaliyyətlər bunun nümunəsidir Mədəni sahədə də münasibətlərimiz var. Azərbaycan icması Şotlandiyada keçirilən festivallarda iştirak edir, eyni zamanda Şotlandiya ənənələri və bayramları Azərbaycanda da qeyd olunur. Lakin bu əlaqələri bir az da gücləndirməliyik Gələcəyə baxdıqda isə universitetlər arasında tərəfdaşlığın daha da gücləndirilməsi, tələbə və akademik mübadilənin artırılması, Şotlandiya ilə Azərbaycan biznesləri arasında əməkdaşlığın genişləndirilməsi üçün real imkanlar görürəm. Eyni zamanda, dövlət qurumları arasında daha güclü əlaqələrin qurulması üçün də potensial var 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler