Bizim uşaqların zəfəri - Əbülfəz Süleymanlı yazır
Dünyada eyni anda milyardlarla insanı ekran qarşısına toplayan, fərqli dillərdə danışan, fərqli coğrafiyalarda yaşayan insanları bir həyəcanın, bir sevincin və bir gözləntinin içində birləşdirən nadir hadisələrdən biridir futbol. FIFA-nın son dünya çempionatı üzrə açıqladığı rəqəmlər də bunu göstəri

Dünyada eyni anda milyardlarla insanı ekran qarşısına toplayan, fərqli dillərdə danışan, fərqli coğrafiyalarda yaşayan insanları bir həyəcanın, bir sevincin və bir gözləntinin içində birləşdirən nadir hadisələrdən biridir futbol. FIFA-nın son dünya çempionatı üzrə açıqladığı rəqəmlər də bunu göstərir: milyardlarla insan eyni turnirin ətrafında toplaşır, final oyunu qlobal miqyasda 1,5 milyarda yaxın izləyiciyə çatır, sosial media isə bir oyunu saniyələr içində bütün dünyanın ortaq mövzusuna çevirir. Deməli, futbol sadəcə meydanda oynanan oyun deyil; o, müasir dünyanın ən böyük ortaq duyğu platformalarından biridir Bu qədər böyük ictimai təsir gücünə malik bir sahədə qazanılan hər uğurun mənası da daha geniş olur. Çünki futbol meydanındakı qələbə yalnız komandaya yazılmır; azarkeşin yaddaşına, uşağın xəyalına, toplumun özünəinamına da yazılır. Azərbaycan minifutbol millisinin Avropa çempionluğu da bu baxımdan adi bir idman xəbəri kimi oxuna bilməz. Bu, “bizim uşaqlar”ın zəfəridir; öz gücünə inanan, meydanda xarakter göstərən, uğuru təsadüfi sevinc yox, davamlı nəticə halına gətirən bir komandanın hekayəsidir Üstəlik, bu zəfər ilk parıltı deyil. Azərbaycan minifutbol millisi daha əvvəl Avropa çempionu oldu, sonra dünya çempionluğu ilə bu iddianı böyütdü, indi isə yenidən Avropa zirvəsinə qalxaraq uğurun təsadüf olmadığını bir daha təsdiqlədi. Bir dəfə qazanmaq sevinc yaradır, ikinci böyük uğur inamı artırır, üçüncü təsdiq isə artıq sistemdən, xarakterdən və formalaşmış qalibiyyət mədəniyyətindən xəbər verir Bu qələbənin ən qürurverici və duyğulu tərəfi onun “bizim uşaqlar” tərəfindən qazanılmasıdır. Çünki idmanda, xüsusilə futbolda bəzən asan yol kimi kənardan hazır adlar, bahalı modellər və xarici reseptlər axtarılır. Əlbəttə, beynəlxalq təcrübədən öyrənmək vacibdir. Lakin heç bir ölkə öz idman məktəbini qurmadan, öz məşqçisinə, öz oyunçusuna, öz sisteminə güvənmədən davamlı uğur əldə edə bilməz. Minifutbol millisinin zəfəri də məhz bunu göstərdi: öz içimizdə böyük potensial var; əsas məsələ onu görmək, seçmək, qorumaq və inkişaf etdirməkdir Müasir idman dünyasında uğur meydanda başlayan proses deyil. Meydandakı nəticə ondan əvvəl qurulan sistemin aynasıdır. Bacarığın vaxtında aşkarlanması, düzgün seçilməsi, uyğun istiqamətə yönləndirilməsi və uzunmüddətli proqramla inkişaf etdirilməsi yüksək performansın əsas şərtlərindəndir. Bir uşağın hansı idman növündə daha uğurlu ola biləcəyini görmək, onu doğru məşqçi, sağlam mühit və davamlı hazırlıq sistemi ilə birləşdirmək gələcəyin qələbələrini hazırlayır Bu baxımdan minifutbol millisinin uğuru bizə idman siyasəti üçün də ciddi mesaj verir. Qələbə yalnız finaldakı hesabın nəticəsi deyil; burada məşqçi qərarı, komanda intizamı, psixoloji hazırlıq, seçim fəlsəfəsi və kollektiv ruh var. Meydanda vurulan hər qolun arxasında illərin zəhməti, düzgün qurulan münasibət, səbir və inam dayanır Azərbaycan futbolunda yerli kadr məsələsi deyəndə “Qarabağ” Futbol Klubunun təcrübəsi ayrıca xatırlanmalıdır. “Qarabağ” FK-nın hamımızı qürurlandıran uğurları illərdir göstərir ki, böyük zəfərlər ani emosiyanın deyil, sistemli yanaşmanın, davamlılığın və doğru idarəetmənin məhsuludur. Qurban Qurbanovun rəhbərliyi altında formalaşan bu model Azərbaycan futbolunda yerli məşqçi ağlına, davamlılığa, sabitliyə və peşəkar nizam-intizama inamın ən güclü nümunələrindən birinə çevrilib. “Qarabağ” sübut etdi ki, özümüzdən olan mütəxəssisə güvən veriləndə, ona zaman tanınanda və sistem qurmaq imkanı yaradıldıqda nəticə həm daxildə, həm də Avropa səhnəsində görünür Minifutbol millisinin çempionluğu da eyni həqiqəti başqa formada təsdiqləyir. Millimizin baş məşqçisi Elşad Quliyevin rəhbərliyi altında qazanılan bu uğur göstərir ki, öz uşaqlarımıza inanmaq romantik şüar yox, strateji yanaşmadır. Yerli kadrı yetişdirmək, qorumaq, məsuliyyət vermək və uğur üçün şərait yaratmaq lazımdır. Çünki idmanda davamlı nəticə hazır uğurun satın alınması ilə yox, öz məktəbini qurmaqla mümkündür. Bu məktəb isə yalnız böyük stadionlarda və meydanlarda başlamır; məktəb həyətlərində, idman zallarında, kiçik meydançalarda, məhəllə oyunlarında və uşaqların ilk idman sevgisində boy atır. Ona görə də uşaq-gənclər hazırlıq sisteminə diqqət gələcək zəfərlərin təməlini atan strateji seçimdir. Bu təməl nə qədər sağlam qurularsa, sabahın “bizim uşaqlar”ı da istər futbolda, istərsə də idmanın digər sahələrində böyük arenalara bir o qədər inamla çıxar Bu qələbənin ictimai yansıması da çox önəmlidir. Belə zəfərlər gənclərə sadə, amma güclü bir mesaj verir: “Sən də bacararsan”. Uşaqlar üçün futbol topu artıq yalnız oyun vasitəsi olmur; arzuya, hədəfə və özünüifadəyə çevrilir. Valideynlər idmanı boş vaxt məşğuliyyəti kimi yox, xarakter, intizam, əmək və məsuliyyət məktəbi kimi görməyə başlayır. Cəmiyyət isə öz insanının uğuruna daha çox inanır. Elə “bizim uşaqlar” ifadəsinin içində də bu doğmalıq, sahib çıxmaq və inam duyğusu var. Bizim uşaqlar qalib gələndə sevinc daha dərin olur; çünki o qələbədə öz küçəmizin, öz məktəbimizin, öz məhəlləmizin, öz insanımızın nəfəsi hiss olunur. Bu zəfər də göstərdi ki, yalnız idmanda deyil, elm, təhsil, tibb, texnologiya və digər sahələrdə də öz insanımıza inanmaq, onu görmək və dəstəkləmək uğurun əsas şərtlərindən biridir Azərbaycan minifutbol millisini, məşqçi heyətini, futbolçuları və bu uğurun arxasında əməyi olan hər kəsi təbrik edirik. Onlar yalnız kubok qazanmadılar; “özümüzdən olanlara inanaq” fikrini bir daha gücləndirdilər. Göstərdilər ki, düzgün seçim, sistemli çalışma və inam varsa, bizim uşaqlar Avropanın da, dünyanın da zirvəsinə çıxa bilirlər. Bu zəfər eyni zamanda uşaqların idmana yönləndirilməsinin, onların enerjisini və marağını sağlam mühitdə formalaşdırmağın, son dövrlər uşaqlarla bağlı meydana gələn bəzi xoşagəlməz halların qarşısını almaq baxımından da mühüm sosial qoruyucu rol oynaya biləcəyini xatırladır İndi isə gözümüz yenə bizim uşaqlardadır. Türk dünyasını dünya futbol səhnəsində təmsil edəcək Türkiyə və Özbəkistan milli komandasına Dünya çempionatında uğurlar arzulayırıq. Unutmayaq ki, meydanda sadəcə forma daşınmır; yaddaş, kimlik, qürur və ortaq ruh da daşınır. Çünki bəzən bir qol sadəcə qol olmur. Bəzən bir kubok sadəcə kubok kimi qalmır. Bəzən meydanda bir komanda qalib gəlir, amma ayağa qalxan bütöv bir xalqın ruhu olur
