Biz nə istəyirik?
İnsan istəkləri sonsuzdur. Yaşadığı müddətdə nəyisə arzulayır, nəyəsə çatmaq istəyir, nəyinsə həsrətini çəkir. Bəzən sahib olduqlarını adi qəbul edir. Sahib olmadıqlarını xoşbəxtliyin açarı kimi baxır. Elə buna görə də insanın istəkləri bitmir. Bir arzu həyata keçir, yerini başqa bir arzu tutur. Bir

İnsan istəkləri sonsuzdur. Yaşadığı müddətdə nəyisə arzulayır, nəyəsə çatmaq istəyir, nəyinsə həsrətini çəkir. Bəzən sahib olduqlarını adi qəbul edir. Sahib olmadıqlarını xoşbəxtliyin açarı kimi baxır. Elə buna görə də insanın istəkləri bitmir. Bir arzu həyata keçir, yerini başqa bir arzu tutur. Bir hədəfə çatır, dərhal yeni bir hədəf axtarır Əslində, bütün bunlar çox normaldır, istək sabahdır. İnsan istəyərək inkişaf edir, qurur, istəyərək yaradır. Arzu olmayan yerdə həyat da dayanır Amma qəribə olan başqa məsələdir. İstədiklərimiz həyata keçəndə narazılıq etməyə başlayırıq Fikir vermisinizmi, qış istəyirik, qış gəlir, başlayırıq soyuqdan, qardan şikayətlənməyə... Qışda yay havası olmayacaq ki Yay istəyirik, amma isti olmasın deyirik, günəşdən qaçırıq. Yayda qış havası olmayacaq ki Deməli, məsələ həm də nə istədiyimizi, niyə istədiyimizi və əldə etdiklərimizin qədrini nə qədər bildiyimizi anlamaqdadır Bütün bunların fonunda adam öz-özünə bir sual verir, biz nə istəyirik? Qış istəyirik, soyuq olmasın deyirik. Qardan şikayətlənirik. Halbuki qışı özümüz istəmişdik Yay istəyirik, isti olmasın deyirik. Günəşdən qaçırıq. Halbuki yayın mahiyyəti elə istidir Yağış istəyirik, islananda narazı qalırıq Ucuzluq istəyirik, bazarda qiymət düşəndə fermerin halını düşünmürük Sakitlik istəyirik, dedi-qodu olan yerə meyillənirik Təmiz şəhər istəyirik, zibili yerə atırıq Mədəni cəmiyyət istəyirik, kobudluğu alqışlayanları izləyirik Ədalət istəyirik, növbədə gözləməyə səbrimiz çatmır Vicdanlı məmur istəyirik, işimizin tez, istədiyimiz kimi getməsi üçün başqa yol axtarırıq Sağlam həyat istəyirik, gecə yarısına qədər telefon ekranından, soyuducunun yanından ayrılmırıq Kitab oxuyan gənclər istəyirik, uşaqların əlinə ilk telefon veririk Milli dəyərlərimizi qorumaq istəyirik, toylarımızda başa düşmədiyimiz mahnılara rəqs edirik Tərbiyəli nəsil istəyirik, sosial şəbəkədə ən çox tərbiyəsizliyi nümayiş etdirənləri öyürük Savadlı insanlar istəyirik, elm adamını önəmsizləyirik, sensasiya yaradan adamları məşhur edirik Həkimdən, müəllimdən, polis əməkdaşından nümunə istəyirik, özümüz nümunə olmağa addım atmırıq Yaxşı qonşu istəyirik, qonşumuza bir dəqiqə ayırmırıq Düz danışan insan istəyirik, həqiqət səslənəndə inciyirik Övladlarımızın yaxşı oxumasını, bilikli, savadlı olmasını, ağıllı, tərbiyəli, vətəninə bağlı böyüməsini istəyirik. Onların ən çox vaxt keçirdiyi yerin telefon ekranı olmasına özümz şərait yaradırıq. Ən təsirli söhbət, güclü təbliğat oradadır. Bilməliyik ki, sosial şəbəkələr təkcə vaxt aparmır, şüuraltına təsir edir Əksər hallarda valideynlər uşaq sakit dayansən deyə, onun əlinə telefon verir. Körpənin susması bizi sevindirir. Amma düşünmürük ki, bununla onun danışığını gecikdiririk, onu real həyatdan uzaqlaşdırırıq. Bilərəkdən, ya bilməyərəkdən, ekranı uşağın dostu, hətta valideynini əvəz edən varlıq kimi formalaşdırırıq. Ekrandakı ziyanverici oyunlar və mənasız videolar uşağın xarakterinə təsirsiz ötüşmür Sonra da deyirik ki, uşaqlar dəyişib Əslində uşaqlar dəyişməyib, onların qarşısına qoyduqlarımız dəyişib Biz nəyi göstəririksə, uşaqlar onu görür, nəyi dinləyiriksə, onlar onu eşidir Biz kimi məşhur ediriksə, uşaqlar da onlara oxşamaq istəyirlər Hər bir ata öz övladına örnək olmalıdır Hər bir ana ilk müəllim olmalıdır Hər bir vətəndaş öz məsuliyyətini dərk etməlidir Cəmiyyət göydən düşmür, cəmiyyət elə bizik Biz necəyiksə, sabahımız da elə olacaq Ona görə də əvvəlcə bir sualın cavabını dəqiq verməliyik Biz həqiqətən nə istəyirik? İstədiyimizlə yaşadığımız həyat arasında fərq varsa, problem seçimlərimizdədir Məncə, bu gün ən vacib sual budur, biz nə istəyirik? Doğrudanmı, biz istədiyimizi istəyirik…


