Tenqri
Ana Səhifə
Dünya

Beynəlxalq münasibətlər üzrə ekspert: TAP və TANAP Avrasiyanın yeni geosiyasi xəritəsini formalaşdırır

Azərbaycanın son dövrlərdə irəli sürdüyü “ortaq investisiya və uzunmüddətli təminat” yanaşması yalnız texniki enerji siyasəti təklifi deyil, eyni zamanda, Cənubi Qafqazdan Avropaya uzanan enerji əməkdaşlığı modelinin struktur baxımından yenidən müəyyənləşdirilməsinə yönəlmiş strateji transformasiya

0 baxışazertag.az
Beynəlxalq münasibətlər üzrə ekspert: TAP və TANAP Avrasiyanın yeni geosiyasi xəritəsini formalaşdırır
Paylaş:

Azərbaycanın son dövrlərdə irəli sürdüyü “ortaq investisiya və uzunmüddətli təminat” yanaşması yalnız texniki enerji siyasəti təklifi deyil, eyni zamanda, Cənubi Qafqazdan Avropaya uzanan enerji əməkdaşlığı modelinin struktur baxımından yenidən müəyyənləşdirilməsinə yönəlmiş strateji transformasiya axtarışıdır. Burada “yenidən müəyyənləşdirmə” anlayışı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan artıq özünü klassik mənada yalnız enerji ixrac edən ölkə kimi deyil, Avropanın enerji təhlükəsizliyi sistemində söz sahibi olan, regional miqyasda təsiri artan və geosiyasi çəkisi yüksələn aktor kimi mövqeləndirir Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə türk ekspert Mehmet Gökhan Özçubukçu bildirib O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji təchizatı təhlükəsizliyi sahəsində yaşadığı həssaslıq Azərbaycanın strateji əhəmiyyətini ciddi şəkildə artırıb və Bakını alternativ tədarükçüdən daha çox sistemin önəmli elementlərindən birinə çevirib “Prezident İlham Əliyev tərəfindən irəli sürülən yanaşma mövcud enerji əməkdaşlığı sisteminin yalnız texniki deyil, həm də institusional və maliyyə aspektləri ilə yenidən nəzərdən keçirilməsinin vacibliyini ortaya qoyur. Bu günədək Avropa İttifaqının enerji siyasəti əsasən qısamüddətli tədarük müqavilələri, spot bazar mexanizmləri və təchizatın şaxələndirilməsi strategiyaları üzərində qurulub. Lakin bu model, xüsusilə yüksək maliyyətli infrastruktur investisiyaları tələb edən istehsalçı ölkələr üçün uzunmüddətli qeyri-müəyyənlik yaradır. Enerji sektoru mahiyyət etibarilə ani deyil, uzunmüddətli planlama tələb edən sahədir. Buna görə də investisiya qərarları gələcək tələbat təminat altına alınmadan rasional şəkildə verilə bilməz. Bu xətlər Cənub Qaz Dəhlizinin onurğa sütununu təşkil edir və Azərbaycan qazının Avropa bazarlarına çıxışını təmin edir. Lakin mövcud güc artan Avropa tələbatını tam şəkildə qarşılamaqda bəzən yetərsiz qalır. Bu da gücün artırılması və yeni investisiyaların gündəmə gəlməsinə səbəb olur. Azərbaycanın “ortaq investisiya” vurğusu məhz burada məna qazanır. İnfrastrukturun genişləndirilməsinin yalnız istehsalçı ölkə tərəfindən deyil, istehlakçı tərəf olan Avropa tərəfindən də maliyyələşdirilməsi ideyası ön plana çıxır”, - deyə Özçubukçu bildirib Onun fikrincə, bu yanaşma enerji münasibətlərində mühüm zehni transformasiyanı ifadə edir: “Çünki klassik modeldə istehsalçı ölkə investisiya edir, istehlakçı isə hazır məhsulu alır. Halbuki Azərbaycanın təklif etdiyi modeldə Avropa yalnız istehlakçı deyil, sistemin davamlılığını təmin edən investisiya tərəfdaşına çevrilir. Bu isə enerji əməkdaşlığını daha balanslı, daha proqnozlaşdırılabilən və daha institusional struktura çevirə bilər. Uzunmüddətli alım zəmanətləri olmadan yeni infrastruktur investisiyalarının iqtisadi baxımdan riskli olması bu yanaşmanın əsaslandırmasını təşkil edir. Burada ortaya çıxan ən mühüm dəyişiklik enerji münasibətlərinin, sadəcə, ticari mübadilə olmaqdan çıxaraq geosiyasi tərəfdaşlığa çevrilməsidir. Avropa üçün bu yanaşma enerji təhlükəsizliyinin daha dayanıqlı əsas üzərində qurulmasına xidmət edir. Azərbaycan üçün isə enerji ixracının davamlı xarakter almasına imkan yaradır” Özçubukçu əlavə edib ki, TAP-ın genişləndirilməsi və Azərbaycan qazının Avropaya daha yüksək həcmdə çatdırılması məsələsi yalnız Azərbaycan-Avropa münasibətlərini deyil, Türkiyənin geosiyasi mövqeyini də birbaşa yenidən müəyyənləşdirir. Cənub Qaz Dəhlizinin struktur məntiqinə görə Azərbaycandan çıxan qazın Avropaya çatdırılması Türkiyə üzərindən mümkündür. Bu isə Türkiyəni, sadəcə, tranzit ölkə deyil, enerji axınının davamlılığını təmin edən və bu axın üzərində müəyyən nəzarət imkanına malik aktora çevirir. TAP xəttinin genişləndirilməsi dolayısı ilə TANAP-ın ötürmə gücünün artırılmasını da gündəmə gətirir. Çünki TAP vasitəsilə daşınacaq qazın həcmi artsa belə, əsas bağlantı yenə Türkiyə üzərindən təmin olunacaq. Bu da Türkiyənin enerji sistemindəki rolunu struktur baxımından daha da gücləndirir Ekspert qeyd edib ki, Türkiyənin rolu yalnız tranzit funksiyası ilə məhdudlaşmır. Türkiyə Avropa ilə Asiya arasında yerləşən strateji mövqeyi sayəsində enerji axınlarının kəsişmə nöqtəsindədir. Bu vəziyyət Ankaraya enerji marşrutlarını yönləndirmək, şaxələndirmək və müəyyən mənada qiymət formalaşdırma proseslərinə təsir göstərmək imkanı verir. Müasir enerji geosiyasətində əsas güc yalnız resurs sahibi olmaq deyil, həm də həmin resursların hansı marşrutlarla və hansı şərtlərlə daşınacağını müəyyən edə bilməkdir. Türkiyə bu mənada Azərbaycan kimi istehsalçı ölkələrlə Avropa kimi istehlakçı bazarlar arasında balanslaşdırıcı mərkəz rolunu oynayır. Bu baxımdan Türkiyənin “enerji habı” olmaq hədəfi TAP-ın genişləndirilməsi ilə daha real zəmin qazanır “Enerji dəhlizi olmaqla enerji mərkəzi olmaq arasında ciddi fərq var. Birincisi passiv keçid rolunu ifadə edir, ikincisi isə aktiv bazar və strategiya idarəçiliyini ehtiva edir. Türkiyənin həqiqi enerji mərkəzinə çevrilməsi üçün yalnız boru xətlərinə sahib olması kifayət deyil. Bunun üçün inkişaf etmiş enerji ticarəti bazarı, güclü saxlama imkanları, şəffaf tənzimləyici çərçivə və beynəlxalq investorları cəlb edə biləcək maliyyə infrastrukturu da tələb olunur. Azərbaycan ilə Türkiyə arasındakı enerji əməkdaşlığı yalnız texniki boru xətti layihələrinə əsaslanan tərəfdaşlıq deyil, eyni zamanda, regional güc balanslarını formalaşdıran strateji xarakter daşıyır. Azərbaycanın artan enerji istehsal gücü ilə Türkiyənin Avropa və Asiya arasında yerləşən tranzit və yönləndirici geosiyasi mövqeyi birləşdikdə, Cənubi Qafqazdan Avropaya uzanan alternativ enerji dəhlizin arxitekturası formalaşır. TANAP və TAP üzərindən qurulan bu struktur Avropanın Rusiya mərkəzli enerji asılılığını balanslaşdırmağa kömək edir. Bu əməkdaşlıq Türkiyəni sadə tranzit ölkədən çıxararaq enerji axınlarını idarə edən strateji mərkəzə, Azərbaycanı isə Avropanın enerji təhlükəsizliyində davamlı tədarükçüyə çevirir”, - deyən ekspert sonda vurğulayıb ki, enerjiəsaslı bu əməkdaşlıq daha geniş geosiyasi çərçivədə Orta Dəhlizlə birlikdə Avrasiyanın yeni strateji arxitekturasını formalaşdırır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler