Bank kartı və mobil nömrə ilə identifikasiya - ekspert risklərdən danışıb
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif olunan dəyişiklikləri ümumilikdə rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin artırılması istiqamətində atılmış vacib addım kimi qiymətləndirirəm. Dünyanın bir çox ölkələrində artıq sosial media platformalarının y

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif olunan dəyişiklikləri ümumilikdə rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin artırılması istiqamətində atılmış vacib addım kimi qiymətləndirirəm. Dünyanın bir çox ölkələrində artıq sosial media platformalarının yetkinlik yaşına çatmayan istifadəçilərlə bağlı məsuliyyətinin artırılması tendensiyası müşahidə olunur və Azərbaycan da bu istiqamətdə müəyyən hüquqi çərçivə formalaşdırmağa çalışır Bu barədə AZƏRTAC-a açıqlamasında kibertəhlükəsizlik üzrə ekspert Mehman İsgəndərov bildirib. Ekspert qeyd edib ki, burada əsas məqam məsuliyyətin yalnız valideyn və ya istifadəçi üzərində deyil, platformaların öz üzərində də qurulmasıdır: “Çünki sosial şəbəkələr artıq sadəcə ünsiyyət vasitəsi deyil, böyük məlumat ekosistemidir və uşaqlar müxtəlif risklərlə qarşılaşırlar - kibertəqib, zərərli kontent, manipulyativ reklamlar, şəxsi məlumatların toplanması, psixoloji təsirlər və s Yaş məhdudiyyətinin tətbiqi və platformaların yaş təsdiqləmə mexanizmlərinə məcbur edilməsi nəzəri olaraq azyaşlıların uyğun olmayan kontentə çıxışını müəyyən qədər məhdudlaşdıra bilər. Eyni zamanda, platformaların dövlət sorğularına daha operativ cavab verməsi kibercinayət, şantaj, uşaqlara qarşı rəqəmsal zorakılıq kimi halların araşdırılmasını sürətləndirə bilər. Lakin burada balans məsələsi çox vacibdir. Təhlükəsizlik tədbirləri tətbiq edilərkən istifadəçi məxfiliyi, şəxsi məlumatların qorunması və texniki şəffaflıq paralel şəkildə təmin olunmalıdır. Əks halda cəmiyyət daxilində həm məlumat təhlükəsizliyi, həm də rəqəmsal hüquqlarla bağlı narahatlıqlar yarana bilər”, – deyə o vurğulayıb Ekspert qanun layihəsində nəzərdə tutulan yaş təsdiqləmə üsullarının effektivliyi məsələsinə də toxunub: “Qanun layihəsində nəzərdə tutulan yaş təsdiqləmə üsulları - bank kartı, mobil nömrə və elektron poçt vasitəsilə identifikasiya texniki baxımdan müəyyən səviyyədə effektiv olsa da, onların tam etibarlı həll olduğunu demək çətindir. Mobil nömrə ilə yoxlama hazırda ən geniş istifadə olunan üsullardan biridir və müəyyən filtrasiya imkanı yaradır. Lakin praktikada azyaşlı istifadəçi valideyninin və ya başqa şəxsin nömrəsindən istifadə edə bilər. Elektron poçt isə ən zəif identifikasiya üsullarından hesab olunur, çünki yeni hesab yaratmaq çox asandır və real yaş təsdiqi vermir” M.İsgəndərov bildirib ki, bank kartı vasitəsilə yoxlama texniki olaraq daha güclü identifikasiya mexanizmi sayıla bilər. Çünki bank sistemlərində müəyyən KYC (“Know Your Customer”) prosedurları tətbiq olunur: “Amma burada da risklər mövcuddur. Birincisi, hər bir istifadəçinin bank kartı olmaya bilər. İkincisi, istifadəçilər məlumat məxfiliyi və maliyyə məlumatlarının platformalarla paylaşılması məsələsində narahatlıq keçirə bilərlər. Məncə, əsas məsələ yalnız yaşın texniki təsdiqlənməsi deyil, həmin məlumatların necə saxlanılması, hansı tərəflərlə paylaşılması və kibertəhlükəsizlik baxımından necə qorunmasıdır. Çünki yaş verifikasiyası adı altında böyük həcmdə şəxsi məlumat toplanması gələcəkdə yeni risklər də yarada bilər” Onun fikrincə, əsas məsələ yaşın texniki təsdiqindən daha çox, toplanan məlumatların necə saxlanılması və qorunması ilə bağlıdır Ekspert əlavə edib ki, VPN xidmətləri, virtual nömrələr və digər texniki vasitələr səbəbindən yaş məhdudiyyətlərinin tam effektiv tətbiqi çətin ola bilər “Bundan əlavə, VPN, virtual nömrələr və digər alternativ üsullar səbəbindən texniki məhdudiyyətlərin tam effektiv olacağını düşünmürəm. Ona görə də bu məsələyə yalnız texnoloji nəzarət kimi deyil, eyni zamanda, rəqəmsal maarifləndirmə, valideyn nəzarəti və platforma məsuliyyətinin birlikdə işlədiyi kompleks yanaşma kimi baxmaq daha doğru olar”, – deyə M.İsgəndərov qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


