Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO
Balakən rayon sakini, saç ustası Günel Musayevanın uğur yolu çətin, lakin örnək olacaq bir mübarizə ilə zəngindir. İllər əvvəl ailə büdcəsinə dəstək olmaq və üç övladını dolandırmaq məqsədilə evində ilk addımlarını atan həmsöhbətimiz, bu gün artıq öz fəaliyyətini genişləndirməyə nail olub AZƏRTAC-ı

Balakən rayon sakini, saç ustası Günel Musayevanın uğur yolu çətin, lakin örnək olacaq bir mübarizə ilə zəngindir. İllər əvvəl ailə büdcəsinə dəstək olmaq və üç övladını dolandırmaq məqsədilə evində ilk addımlarını atan həmsöhbətimiz, bu gün artıq öz fəaliyyətini genişləndirməyə nail olub AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizdə əhalinin özünüməşğulluğunun təmin edilməsi istiqamətində müxtəlif layihə və proqramlar icra olunur. Bu proqramlar çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarını və ya bizneslərini qurmaq, yaxud mövcud işlərini inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına natura şəklində mal, material və avadanlıqlar verilir. Dövlətin yaratdığı bu imkanlardan yararlanaraq fərdi biznesini quran və ailə büdcəsinə gəlir gətirənlərin sayı kifayət qədərdir. Belə uğurlu layihə rəhbərlərindən biri də Balakən sakini Günel Musayevadır. Öz gözəllik salonunu açmaq üçün vaxtilə gəlinlik qızıllarını sataraq fəaliyyətə başlayan həmsöhbətimizin maraqlı uğur hekayəsi var Balakəndə öz fərdi biznesini qurmaq üçün bir çox çətinliklərə və fədakarlıqlara qatlaşan Günel Musayeva bizi rəhbərlik etdiyi gözəllik salonunun önündə qarşılayır. Əslən Zaqataladan olan həmsöhbətimiz Balakənə gəlin köçüb. İlk vaxtlar diqqətini tamamilə ailəsinə və övladlarının tərbiyəsinə yönəltsə də, zaman keçdikcə uşaqlar böyüyür, paralel olaraq ailənin maddi ehtiyacları da artır. Digər tərəfdən, Musayevlər ailəsinin fərdi yaşayış evi tikmək arzusu var idi və bu böyük yükün tək bir nəfərin çiyinlərində daşınması çətin idi. Elə bu məqamda həyat yoldaşının dəstəyi ilə illərdir ürəyində saxladığı saç ustalığı sənətinə üz tutur. O, ilk addımlarını elə öz yarımtikili evində atır. Lazımi şəraiti olmayan evdə qohum-əqrəbaya, qonşulara xidmət göstərməklə işə başlayan Günel xanım sonradan şəhərin tanınmış ustalarının yanında şagirdlik edir, eyni zamanda, peşə təhsili alaraq sənətin sirlərinə yiyələnir Bu sənətə on il əvvəl başladığını deyən Günel xanım ilk vaxtlar ailəsinin ciddi maddi çətinliklərlə üzləşdiyini bildirir: “Həyat yoldaşımla yeni evə köçmüşdük, şəraitimiz çox ağır idi. Üç övladımızı oxutmalı, böyütməli idik. Ailəyə mütləq kömək lazım idi, çünki təkcə yoldaşımın qazancı ilə ehtiyacları qarşılamaq mümkün deyildi”. Zamanla müştərilərinin sayı artdıqca Günel xanım fəaliyyətini genişləndirmək qərarına gəlir. O, şəhərdə salon icarəyə götürmək üçün gəlinlik qızıllarını satmalı olur, çünki cari qazancı yalnız övladlarının təhsilinə və ehtiyaclarına çatırdı. İcarəyə götürdüyü salonda təmir işlərinin böyük hissəsini özü icra edən Günel Musayeva illər sonra çəkdiyi zəhmətin bəhrəsini görməkdən böyük qürur hissi duyduğunu dilə gətirir “Fəaliyyətə yeni başlayanda müştərilərimin sayı çox az idi, demək olar ki, yox dərəcəsində idi. Amma zamanla işlərimi yoluna qoymağı bacardım. Bir dəfə gələn müştəri sonradan da mənə müraciət edir, üstəlik, özü ilə bərabər bir neçə nəfəri də gətirirdi. Beləliklə, müştərilərim çoxaldı. Şübhəsiz ki, bu uğur mənim əzmkarlığımdan, sənətimi sevməyimdən və öz üzərimdə davamlı çalışmağımdan irəli gəlirdi”, – deyə o bildirir. Fəaliyyəti dövründə gecəsini gündüzünə qatan Günel xanım peşəkarlığını artırmaq üçün dəfələrlə Bakı şəhərində təşkil olunan müxtəlif kurs və təlimlərdə də iştirak edib. O, saç ustalığı ilə yanaşı, vizaj və kirpik qaynağı üzrə də ixtisaslaşıb Saç ustası Günel Musayevanın uğur yolunda dönüş nöqtəsi məhz Dövlət Məşğulluq Agentliyinə müraciətindən sonra yaranıb. Maddi-texniki baza ilə təminat üçün göndərdiyi sorğu uğurla nəticələnib və ona Özünüməşğulluq proqramı çərçivəsində lazımi avadanlıqlar təqdim olunub. Dövlətin göstərdiyi bu etimadı doğrultmağı qarşısına məqsəd qoyan Günel xanım yolundakı hər bir maneəni inamla aşıb. Müsahibimiz vurğulayır ki, onunla eyni dövrdə bu layihədən 20-yə yaxın xanım faydalanıb “Müştərilərim çoxaldıqca daha müasir avadanlıqlara ehtiyacım oldu. Ona görə məşğulluq idarəsinə müraciət etdim. Sağ olsunlar, dəstək verdilər, müasir avadanlıqlarla təchiz elədilər. Güzgü dəsti, kreslo, saç yuyan çanaxlıq, ariston, kondisioner verdilər. O gündən sonra işim daha yaxşı getdi”, - deyən iki qız, bir oğlan anası olan Günel Musayeva övladlarının ali təhsil aldıqlarını da diqqətə çatdırır Saç ustası Günel xanım dövlət proqramının ən uğurlu iştirakçılarından biri kimi növbəti mərhələyə qatılmaq üçün müraciət etdiyini, yaxın günlərdə fəaliyyətini daha da genişləndirmək məqsədilə yeni avadanlıqlar alacağını da qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


