Bakı-Tbilisi strateji tərəfdaşlığı yeni mərhələyə keçir: yeni sazişlərin regional əhəmiyyəti
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycana səfəri və iki ölkə arasında iqtisadiyyat, enerji və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlığın dərinləşməsinə dair hərtərəfli sazişlər toplusu imzalaması sübut edir ki, Bakı

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycana səfəri və iki ölkə arasında iqtisadiyyat, enerji və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlığın dərinləşməsinə dair hərtərəfli sazişlər toplusu imzalaması sübut edir ki, Bakı ilə Tbilisi arasında ənənəvi strateji tərəfdaşlıq keyfiyyətcə yeni, daha yüksək bir mərhələyə qədəm qoyur İmzalanma mərasimi 18 may 2026-cı ildə Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə baş tutub. Burada diqqət ediləcək məqam odur ki, sənədlər təkcə Azərbaycan və Gürcüstan üçün deyil, əslində bütün dünya üçün geoiqtisadi əhəmiyyət daşıyır. Bu gün Azərbaycan Gürcüstanla birlikdə Orta Dəhliz vasitəsilə Asiya və Avropanı, Şimalla Cənubu birləşdirən qlobal logistika və nəqliyyat qovşağına çevrilib Qeyd etmək lazımdır ki, bu gün dünyada baş verən proseslər, münaqişə və müharibələr, tətbiq edilən sanksiyalar ənənəvi ticarət yollarını iflic edib. Böyük dövlətlər, şirkətlər yüklərin təhlükəsiz daşınması üçün alternativ yol, dəhliz axtarışındadır. Belə bir məqamda isə məhz Bakının təşəbbüsü və Tbilisi ilə birlikdə nümayiş etdirdiyi iradə bütün dünya üçün əslində strateji çıxış yolu sayılmalıdır. Məhz bu prizmadan yanaşanda 18 may tarixində imzalanan sənədlərin əslində Cənubi Qafqazın sabitlik, təhlükəsizlik və etibarlı tərəfdaşlıq regionu olduğunu üzə çıxarır Azərbaycanla Gürcüstanın regional əməkdaşlıq modeli bu gün dünyada bir çox ölkə üçün nümunəyə çevrilib. İki ölkə arasında əsas amil qarşılıqlı strateji faydadır. Məsələn, Azərbaycan üçün Gürcüstan Qərbə, Avropa bazarlarına açılan əsas logistik və enerji qapısıdırsa, Gürcüstan üçün Azərbaycan onun enerji təhlükəsizliyinin qarantı və ölkə iqtisadiyyatına ən çox investisiya yatıran tərəfdaşdır Məsələn, Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə rəsmi Bakı yaxın qonşuluq siyasətində dayanıqlı təchizat zəncirinin lokomotivinə çevrilib. Bu gün Azərbaycan təkcə enerji ixrac etmir. Paralel olaraq da regionun daxili bazarının enerji çatışmazlığını qapadır, qonşuların iqtisadi müstəqilliyini gücləndirir. Qeyd edək ki, rəsmi Bakının regional enerji strategiyasından ən çox fayda götürən ölkələrdən biri şübhəsiz ki, Gürcüstandır. Çünki Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrin məhz bu ölkənin ərazisindən keçməsi Gürcüstanı regional tranzit qovşağına çevirib Paralel olaraq isə milli təhlükəsizlik, enerji təhlükəsizliyi və iqtisadi inkişafına ciddi təkan verib. Bu gün Gürcüstan təbii qaz tələbatının 90 faizini Azərbaycan vasitəsilə təmin edir. Bu da daxili bazarda sabitlik və qiymət əlçatanlığı üçün birbaşa təminat sayılır. Bundan əlavə, Gürcüstana qoyulan sərmayələr də bu ölkənin iqtisadiyyatına ciddi təkan verir. Beləliklə, Azərbaycan Gürcüstan üçün sadəcə bir qonşu deyil, həm də onun iqtisadi dayanıqlılığını təmin edən regional strateji tərəfdaş rolunu oynayır Bununla yanaşı qeyd edək ki, Azərbaycan artıq uzun illərdir Gürcüstan ərazisində fəaliyyət göstərən bütün dini ibadətgahları (kilsə, məscid, sinaqoq və s.) pulsuz təbii qazla təmin edir. Bu addım Azərbaycanın regionda təkcə kommersiya maraqları güdən bir tərəfdaş olmadığını, həm də humanitar və sosial məsuliyyət daşıyan bir "yumşaq güc" mərkəzi olduğunu göstərir İki ölkənin liderinin görüşü, əldə edilən razılaşmalar bir daha sübut edir ki, Azərbaycanla Gürcüstanın regional və beynəlxalq tranzit statusu rəsmi şəkildə yeni bir səviyyəyə keçid edir. Hökumətlərarası sazişlər Gürcüstanın daxili bazarının təbii qaz təchizatını dayanıqlı və güzəştli şərtlərlə sığortalayır. Eyni zamanda Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin artırılması həm Gürcüstana əlavə gəlir qazandırır, həm də Bakının ixrac portfelini genişləndirir Bununla yanaşı, regional enerji körpüsü konsepsiyası da güclənir ki, bu da Azərbaycanın elektrik enerjisini Gürcüstan vasitəsilə Avropa bazarlarına ötürməsi sayəsində əldə edilir. Azərbaycanın yaşıl enerji bazarında atdığı addımlar regional enerji asılılığını minimuma endirir. Paralel olaraq da Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi ilə bağlı imzalanan sənəd də iqtisadi rentabelliyə müsbət töhfə verir. Yenilənmə işlərindən sonra illik yükdaşıma gücü 5 milyon tona çatdırılacaq ki, bu da əlavə iqtisadi dividendlər deməkdir Qısacası, 18 may tarixində Azərbaycanla Gürcüstan arasında imzalanan sənədlər Avrasiya miqyaslı təchizat zəncirinin qırılmaz və təhlükəsiz hərəkətverici qüvvəsinə çevrilir. Bu da öz növbəsində hər iki ölkənin qlobal investisiyalar üçün cəlbediciliyini artırır, regionda iqtisadi inkişaf və sabitliyin uzunmüddətli qarantına çevrilir Bakı görüşündə imzalanan sazişlər sadəcə niyyət protokolları deyil, birbaşa olaraq regional infrastrukturun idarəetmə rıçaqlarını yenidən quran konkret addımlardır Qeyd etmək lazımdır ki, Bakıda əldə edilmiş nəticələr əslində, sistemli bir diplomatik marafonun bəhrəsidir. Belə ki, 2026-cı ilin 6 aprel tarixində Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana dövlət səfəri edib. Bu səfər iki ölkə arasındakı iqtisadi-enerji tərəfdaşlığını növbəti strateji səviyyəyə qaldırıb. Əldə edilən konkret razılaşmalar, reallaşan layihələr çərçivəsində əsas diqqət regional enerji infrastrukturunun ötürücülük imkanlarının artırılmasına aid olub Cənub Qaz Dəhlizinin əsas qollarından biri olan Bakı-Tbilisi-Ərzurum boru kəmərinin Gürcüstandan keçən hissəsinin illik ötürücülük gücü 23-24 milyard kubmetrdir. Amma Azərbaycanın son dövrlər Avropanın bir sıra dövlətlərilə təbii qazın nəqli ilə bağlı əldə etdiyi razılaşmalar bu gücün daha da genişləndirilməsini tələb edir. Bu səbəbdən də Prezidentin səfəri zamanı bu məsələyə dair texniki və hüquqi çərçivə yenilənib. Eyni zamanda Qara dəniz sualtı kabel layihəsi ilə bağlı da işlərin sürətləndirilməsinə dair sənəd imzalanıb Azərbaycanın hasil etdiyi 4 giqavatlıq enerji də Gürcüstan vasitəsilə Avropaya ötürüləcək. Bu layihə də öz növbəsində, Cənubi Qafqaz və Avropa İttifaqı (Aİ) arasındakı enerji mənzərəsini fundamental şəkildə yenidən dizayn edəcək geostrateji dönüş nöqtəsi sayılır və regionun enerji mənzərəsini dəyişəcək. Gürcüstan da bu layihə sayəsində öz külək, su və günəş enerjisi potensialını Avropa bazarına çıxarmaq şansı qazanır. Bu cür layihələr Gürcüstanın təkcə enerji tranziti ölkəsi kimi deyil, həm də Avropanın yaşıl enerji gələcəyində əsas oyunçu kimi rolunu gücləndirəcək Cənubi Qafqaz regionunda baş verən dəyişikliklərdən biri də Ermənistanın işğalçılıq siyasəti nəticəsində 30 ilə yaxın bir müddət kənar qaldığı regional iqtisadi və enerji inteqrasiyası prosesinə, Azərbaycanın müəllifi olduğu enerji təhlükəsizliyi arxitekturasına nəhayət ki daxil olmasıdır. Artıq Ermənistan da bu sistemdən faydalanmağa başlayıb. Bu tarixi dönüş regionda dayanıqlı sülhün və etimad mühitinin yaradılması istiqamətində atılan praktiki addımlarla bərabər, Cənubi Qafqazın iqtisadi xəritəsində yeni bağın yaranması deməkdir. İrəvan özünütəcrid və işğalçılıq siyasəti ilə Azərbaycanın memarı olduğu enerji və logistik layihələrdən kənar qalıb və bu da ölkəyə milyardlarla dollar itki, yüksək inflyasiya, iqtisadi gerilik və enerji təminatında Rusiyadan asılılıqla nəticələnib Bu gün rəsmi Bakının iradəsi ilə başlayan yanacaq tədarükü Ermənistan iqtisadiyyatının regional inteqrasiyadan kənarda qalmasının iqtisadi cəhətdən nə dərəcədə səmərəsiz olduğunu vizual şəkildə sübut edir. Birincisi, Azərbaycanda istehsal olunan benzin və dizel yanacağının hələlik Gürcüstan vasitəsilə Ermənistana daşınması İrəvan üçün nəqliyyat və tranzit xərclərini minimuma endirir Bu üstünlük Ermənistanın daxili yanacaq bazarında özünü dərhal büruzə verib. Əgər əvvəllər yanacaqdoldurma məntəqələrində benzinin litri 510-520 drama təklif edilirdisə, Azərbaycandan idxal bu qiymətlərdə 80 dram (35-40 qəpik) ucuzlaşmaya səbəb olaraq, 430-440 drama enməsi ilə müşahidə edilib. Enerji qiymətlərinin ucuzlaşması isə istehsala birbaşa təsir edərək, məhsulların maya dəyərini azaldır, əhalinin real gəlirlərinin artmasına müsbət təsir edir Bu günə qədər Ermənistanın enerji bazarı əsasən Rusiyadan asılı vəziyyətdə idi. Eyni zamanda İranla bu sahədə əməkdaşlıq cüzi də olsa var və bir neçə layihə uzun müddətdir sadəcə müzakirə mövzusu olaraq qalıb. Moskva və İrəvan münasibətlərində gərginliyi nəzərə alsaq, bir mənbədən asılılıq, bu tədarük zəncirində texniki və siyasi fasilənin Ermənistan üçün hansı ciddi iqtisadi böhran riskləri daşıdığını söyləyə bilərik. Azərbaycanın etibarlı və fasiləsiz tədarükçü kimi prosesə qoşulması İrəvan üçün enerji portfelini diversifikasiya etmək, asılılıq risklərini bölüşdürmək və daxili enerji təhlükəsizliyini sığortalamaq üçün unikal şans yaradır Sülhə doğru sabit addımlar atıldıqca Azərbaycan Ermənistanın enerji təminatında aparıcı rol oynaya bilər. Bu isə göstərir ki, Azərbaycan təkcə enerji ixrac etmir, eyni zamanda regionda sülhü, sabitliyi və iqtisadi inteqrasiyanı, inkişafı dizayn edən güc mərkəzidir. Gələcəkdə regional sülhün hüquqi müstəvidə tam rəsmiləşdirilməsi bu prosesi daha da sürətləndirəcək İlk mərhələdə neft məhsulları ilə başlayan bu inteqrasiya növbəti mərhələlərdə Azərbaycanın elektroenergetika şəbəkəsinin və təbii qaz xətlərinin regional qollarının Ermənistan üzərindən keçməsinə və ya birbaşa bu ölkəyə inteqrasiyasına yol aça bilər. Beləliklə, Cənubi Qafqaz geosiyasi rəqabət poliqonundan çıxaraq, Azərbaycanın memarlığı altında vahid, dayanıqlı və qlobal miqyasda rəqabətədavamlı bir enerji qovşağına çevrilir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


