“Azərbaycan-İtaliya münasibətləri ən yüksək səviyyədədir” - Deputat
“İtaliyanın Baş naziri Ciorcia Meloninin Azərbaycana səfəri mühüm əhəmiyyət daşıyır. İlk növbədə qeyd emək lazımdır ki, İtaliya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb, ardınca iki ölkə arasında diplomatik münasibətlər qurulub, qarşılıqlı olaraq səfirliklər açılıb” Bu barədə 525

“İtaliyanın Baş naziri Ciorcia Meloninin Azərbaycana səfəri mühüm əhəmiyyət daşıyır. İlk növbədə qeyd emək lazımdır ki, İtaliya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb, ardınca iki ölkə arasında diplomatik münasibətlər qurulub, qarşılıqlı olaraq səfirliklər açılıb” Bu barədə 525.az-a Milli Məsclisin deputatı Arzuxan Əlizadə İtaliyanın Baş naziri Ciorcia Meloninin Azərbaycana səfərini şərh edərkən bildirib Deputat deyib ki, bu, İtaliya Baş naziri səviyyəsində Azərbaycana 13 ildən sonra həyata keçirilən səfərdir. Bu baxımdan səfər münasibətlərdə yeni mərhələ kimi qiymətləndirilə bilər “Prezident İlham Əliyevlə görüşdə Azərbaycan-İtaliya münasibətlərinin bir sıra məqamları müzakirə olundu. Məlumdur ki, Azərbaycan artıq uzun müddətdir İtaliyaya qaz nəql edir. Ölkəmiz İtaliyaya qaz və neft məhsulları ixracatında ikinci yerdə dayanır. Bu təchizatın artırılması istiqamətində danışıqlar aparılıb. Azərbaycan təbii ki, Avropanın bir çox ölkələri ilə yanaşı, İtaliyanın da enerji təhlükəsizliyinin bir parçasına çevrilməkdədir. Azərbaycan-İtaliya iqtisadi münasibətləri sürətlə inkişaf edir. Prezident İlham Əliyev görüşdə qeyd elədi ki, Azərbaycanda İtaliyanın 130-dan artıq şirkəti fəaliyyət göstərir, müxtəlif sahələrdə investisiya qoyub, həmçinin Azərbaycandan İtaliya iqtisadiyyatına investisiya qoyulub İki ölkənin təhsil əlaqələrində də mühüm irəliləyişlər var. Ötən il Azərbaycan-İtaliya Universiteti açılıb və qeyd olundu ki, artıq bu universitetdə 500-dən çox tələbə təhsil almaqdadır. Dövlət başçısı çox doğru olaraq onu da qeyd etdi ki, İtaliya-Azərbaycan Universitetində təhsil alan gənclərimiz gələcəkdə Azərbaycan-İtaliya münasibətlərinin bir qədər də inkişaf etməsində, yaxınlaşmasında əhəmiyyətli rol oynayacaqlar. Eyni zamanda Bakıda Azərbaycan-İtaliya biznes forumun keçirilməsi qərara alındı. Müxtəlif sahələr üzrə Azərbaycan-İtaliya münasibətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı razılaşmalar əldə olundu”, - deputat bildirib O əlavə edib ki, İtaliyanın Azərbaycana yönəlik münasibəti hər zaman yaxşı olub, son illər ərzində səfərlər həyata keçirilməsə də, müxtəlif beynəlxalq formatlarda İtaliya siyasətçiləri Azərbaycana yönəlik çox müsbət mövqe sərgiləyiblər və Azərbaycandan İtaliyaya siyasətinə yönəlik müsbət çağırışlar olub “Bütün bunların fonunda iki ölkə liderinin görüşü təbii ki, gələcək münasibətlərin bir qədər də inkişafında əhəmiyyətli rol oynayır və Azərbaycan-İtaliya münasibətlərinin artıq ən yüksək səviyyədə olduğunu demək mümkündür. Əlaqələrin daha yüksək səviyyədə inkişaf etməsi üçün liderlər arasında səmimi münasibət və anlaşma mövcuddur”, - A.Əlizadə söyləyib Azərbaycan-Avropa İttifaqı əlaqələrinin dərinləşməsində İtaliyanın roluna toxunan deputat deyib ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri normal müstəvidədir. Amma təəssüflər olsun ki, bir sıra Avropa institutları, Avropa Parlamenti, Avropa Şurası Parlament Asambleyası fərqli mövqe sərgiləməkdədirlər: “Avropa İttifaqının 27 ölkəsindən 10-u ilə Azərbaycan strateji müttəfiqlik haqqında sənədlərə malikdir. Bu münasibətlər inkişaf etməkdədir. Bilirsiniz ki, Ermənistanda Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısı keçirilirdi, xanım Meloni də həmin tədbirdə iştirak edirdi və o, Ermənistandan Bakıya səfərə gəldi. Cənab Prezident İlham Əliyev bildirdi ki, “Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür”. Yəni Azərbaycan-Avropa münasibətlərinin normal səviyyədə olduğunu demək mümkündür. Azərbaycan Prezidenti videoformatda İrəvandakı Zirvəyə qatıldı, iştirakçıları salamlayaraq müxtəlif məsələlərlə bağlı fikirlər bildirdi. Avropa institutlarının qərəzli mövqeyi ilə bağlı da ciddi mesajlar vermiş oldu. Bütövlükdə götürəndə, Azərbaycan necə ki, İtaliyanın, eləcə də Avropanın 10 ölkəsinin enerji təhlükəsizliyinin bir parçasına çevrilib. Xüsusilə də Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycana enerji ölkəsi kimi maraq artmaqdadır. Ölkəmizin alternativ enerji əldə edilməsində də ciddi addımları var və Avropa ölkələri bu istiqamətə də böyük maraq göstərirlər. Avropa ölkələri ilə münasibətlərdə artan dinamika var. Sadəcə olaraq bəzi Avropa institutları qərəzli yanaşmalardan çəkinəcəklərsə, sonrakı dönəmdə Azərbaycan Avropa münasibətlərində çox müsbət tendensiyanı müşahidə edəcəyik”

