Azərbaycan-İtaliya münasibətləri Avropa məkanında seçilən nümunələrdəndir RƏY
İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri və Prezident İlham Əliyev ilə görüşü iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini göstərir. Danışıqlarda həm mövcud əlaqələr, həm də gələcək planlar diqqət mərkəzində olub. Bu təmaslar uzunmüddətli birgə fəaliy

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri və Prezident İlham Əliyev ilə görüşü iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini göstərir. Danışıqlarda həm mövcud əlaqələr, həm də gələcək planlar diqqət mərkəzində olub. Bu təmaslar uzunmüddətli birgə fəaliyyətə xüsusi önəm verildiyini nümayiş etdirir. Azərbaycan ilə İtaliya arasında münasibətlər Avropa məkanında seçilən nümunələrdəndir. Bu bağların əsasında qarşılıqlı etimad, siyasi sabitlik və davamlı dialoq dayanır. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olması iqtisadi münasibətlərin möhkəm əsaslara söykəndiyini təsdiqləyir. Bununla yanaşı, yeni istiqamətlər üzrə imkanlar da nəzərdən keçirilir Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov söyləyib O qeyd edib ki, ikitərəfli iqtisadi əlaqələr əsasən yanacaq-enerji sektoru üzərində qurulub və strateji əhəmiyyət daşıyır. Azərbaycanın təbii ehtiyatlarının İtaliya bazarına çıxarılması Avropada təchizatın sabitliyinə töhfə verir. Xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə qaz nəqli müxtəlif mənbələrdən istifadə imkanlarını genişləndirir. Prezident İlham Əliyevin bəyanatına əsasən, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və ticarət dövriyyəsi 12 milyard dollara yaxınlaşır, eyni zamanda, İtaliya şirkətləri Azərbaycanın azad edilən ərazilərində aparılan bərpa və quruculuq işlərində iştirak edir. Bu proses çərçivəsində müasir texnologiyalar tətbiq olunur, şəhərsalma sahəsində qabaqcıl yanaşmalar istifadə edilir. Nəticədə bölgələrdə dayanıqlı inkişaf üçün əlverişli şərait formalaşır. Bununla yanaşı, qeyri-neft sahəsində də geniş imkanlar mövcuddur. Kənd təsərrüfatı, sənaye və turizm istiqamətlərində həyata keçirilən layihələr iqtisadi əlaqələrin daha da genişlənməsinə şərait yaradır. Bu baxımdan sərmayələrin artırılması xüsusi əhəmiyyət kəsb edir S.Hümbətov bildirib ki, iki ölkə arasında siyasi dialoq ardıcıl və konstruktiv xarakter daşıyır. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək verir və qlobal məsələlərdə yaxın mövqe nümayiş etdirirlər. Bu isə əlaqələrin daha geniş platformalarda da əhəmiyyətini artırır. Təhsil və humanitar sahədə əlaqələr diqqət çəkir. Azərbaycanlı tələbələrin İtaliyanın ali məktəblərində təhsil alması bilik və təcrübə mübadiləsinə imkan yaradır. Bu, gələcəkdə peşəkar kadrların yetişməsinə töhfə verir. İtaliya-Azərbaycan Universiteti kimi təşəbbüslər elmi mühitin inkişafına xidmət edir. Mədəniyyət sahəsində də qarşılıqlı maraq müşahidə olunur. Sərgilər, konsert proqramları və müxtəlif tədbirlər vasitəsilə xalqlar bir-birini daha yaxından tanıyır. Bu cür addımlar ictimai əlaqələrin güclənməsinə müsbət təsir göstərir “Ümumilikdə, Azərbaycan–İtaliya münasibətləri qarşılıqlı fayda prinsipi üzərində qurulub. Hər iki ölkənin yerləşdiyi regionlarda artan rolu bu əlaqələrin əhəmiyyətini daha da artırır. Mövcud əlaqələr gələcək inkişaf üçün möhkəm zəmin yaradır və uzunmüddətli perspektivdə davamlı inkişafı təmin edir”, - deyə politoloq əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


