Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətləri davamlı olaraq inkişaf edir ŞƏRH
Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi istiqamətində mühüm siyasi-diplomatik hadisə kimi qiymətləndirilməlidir. Bu səfər sadəcə növbəti diplomatik təmas deyil, həm də regionun yaxın onilliklər üçün geos

Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi istiqamətində mühüm siyasi-diplomatik hadisə kimi qiymətləndirilməlidir. Bu səfər sadəcə növbəti diplomatik təmas deyil, həm də regionun yaxın onilliklər üçün geosiyasi və geoiqtisadi xəritəsinin formalaşdırılmasında mühüm strateji bir addımdır. Bu səfər iki xalqın tarixi dostluğunun sarsılmaz əməkdaşlığa çevrildiyini bir daha nümayiş etdirməklə yanaşı, hazırkı qlobal çağırışlar fonunda Azərbaycanın bölgədəki liderlik rolunun və Gürcüstanın strateji tərəfdaş kimi əhəmiyyətinin təsdiqidir Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov deyib Onun sözlərinə görə, Prezident İlham Əliyevin Tbilisidə yüksək ehtiramla qarşılanması və keçirilən görüşlər göstərir ki, Azərbaycanın xarici siyasət strategiyasında Gürcüstan yalnız vacib bir tranzit ölkəsi deyil, eyni zamanda, Cənubi Qafqazın təhlükəsizlik arxitekturasında mühüm tərəfdaş dövlətdir. Tərəflər arasında aparılan müzakirələr bir daha təsdiq etdi ki, Cənubi Qafqazın gələcək inkişafı məhz bu regionun dövlətlərinin əməkdaşlığından keçir. Bakı və Tbilisinin nümayiş etdirdiyi vahid mövqe bu baxımdan mühüm əhəmiyyət daşıyır və Azərbaycanın suverenliyinin tam bərpa etməsindən sonra yaranan yeni reallıqların Gürcüstan tərəfindən dəstəklənməsi regionda sabit sülhün əsasını təşkil edir “Bu dövlət səfəri enerji və bağlantılar sahəsində Orta dəhlizin potensialının daha da artırılması üçün vacib müzakirə imkanı oldu. Məlumdur ki, Ukrayna ətrafında baş verən hadisələr və Şimal marşrutunun aktuallığını itirməsi Bakı-Tbilisi oxunu Avrasiyanın hazırda ən mühüm logistik arteriyasına çevirib. Çin və Mərkəzi Asiya ilə Avropanı etibarlı şəkildə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin artırılması, habelə gələcəkdə Xəzər sahilindəki Ələt limanı ilə Qara dəniz limanlarının vahid rəqəmsal şəbəkədə birləşdirilməsi imkanlarının nəzərdən keçirilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu isə öz növbəsində təkcə Azərbaycanın və Gürcüstanın deyil, həm də Mərkəzi Asiyadan Avropaya uzanan böyük bir coğrafiyanın iqtisadi rifahına xidmət edir. Yükdaşımaların sürəti və təhlükəsizliyi baxımından bu marşrut artıq qlobal ticarət marşrutunun mühüm seqmenti hesab olunur”, - deyə Z.Şükürov vurğulayıb Enerji sahəsində əməkdaşlığın iki ölkə arasında daim diqqət mərkəzindəki istiqamətlərdən biri olduğunu deyən deputat vurğulayıb ki, Gürcüstanın enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyətli rolu bu baxımdan xüsusi olaraq qeyd edilməlidir. Eyni zamanda, bərpaolunan enerji ilə bağlı ölkəmizin böyük potensiala malik olması və bu sahədə qlobal əhəmiyyətli nəhəng layihələrin gerçəkləşdirilməsinin hədəf olaraq qarşıya qoyulması tranzit ölkə və strateji tərəfdaş kimi Gürcüstanla əməkdaşlığı zəruri edir. Azərbaycanın Xəzər dənizindəki, həmçinin işğaldan azad olunmuş ərazilərimizdəki nəhəng külək, Günəş və hidroenerji potensialının Gürcüstan üzərindən, Qara dənizin dibi ilə Avropaya çatdırılması layihəsi gündəlikdə duran məsələlərdəndir. Bu layihələrin gerçəkləşdirilməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaşı kimi rolunu artırmaqla yanaşı, Gürcüstanın bu prosesdəki tranzit əhəmiyyətini yeni səviyyəyə qaldırır. Beləliklə, iki ölkə onilliklər əvvəl neft və qaz sahəsində nümayiş etdirdikləri və uğurla inkişaf edən əməkdaşlığı indi ekoloji təmiz enerji üzərindən davam etdirirlər. Bu, həm də regionun qlobal ekoloji hədəflərə verdiyi töhfənin bariz nümunəsidir “Səfər çərçivəsində iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq məsələləri də müzakirə edilib. Keçən il ticarət dövriyyəmizin 800 milyon dollardan çox olması və bu ilin ilk rübündə kifayət qədər yüksək artım qeydə alınması diqqətçəkən məqamlardandır. Bu templə, cari ilin sonuna qədər ticarət dövriyyəsinin bir milyard dollara çatması mümkün görünür. O cümlədən investisiya sahəsində də səmərəli əməkdaşlıq mövcuddur və Gürcüstandakı çox müsbət sərmayə iqlimi Azərbaycan investorlarını da təşviq edir. Bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulması da bunun göstəricisidir. Ümumiləşdirərək qeyd edə bilərik ki, ölkələrimiz arasında ikitərəfli gündəlik davamlı olaraq genişlənir və inanırıq ki, qarşılıqlı hörmət, inam, ortaq mənfəət və maraqlar, xüsusilə də dostluq üzərində qurulan bu nümunəvi qonşuluq münasibəti xalqlarımızın rifahı naminə növbəti illərdə də uğurla inkişaf edəcək”, - deyə o əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


