Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH
Bakı Enerji Həftəsi artıq təkcə enerji sektoruna həsr olunmuş beynəlxalq tədbir deyil, qlobal enerji siyasətinin əsas istiqamətlərinin müzakirə edildiyi nüfuzlu platformalardan birinə çevrilib. Xəzər Neft və Qaz Sərgisinin 30 il ərzində keçdiyi inkişaf yolu da bunu təsdiqləyir. Tədbirə dünyanın apar

Bakı Enerji Həftəsi artıq təkcə enerji sektoruna həsr olunmuş beynəlxalq tədbir deyil, qlobal enerji siyasətinin əsas istiqamətlərinin müzakirə edildiyi nüfuzlu platformalardan birinə çevrilib. Xəzər Neft və Qaz Sərgisinin 30 il ərzində keçdiyi inkişaf yolu da bunu təsdiqləyir. Tədbirə dünyanın aparıcı dövlətlərinin xüsusi diqqət göstərməsi Azərbaycanın beynəlxalq enerji sistemində tutduğu yerin göstəricisidir. ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin tədbirlə bağlı məktubları da onu göstərir ki, Azərbaycan artıq yalnız enerji istehsalçısı deyil, enerji təhlükəsizliyi məsələlərində etibarlı tərəfdaş və mühüm geosiyasi aktor kimi qəbul olunur Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib O qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri son illər neft və qaz sənayesinə qarşı aparılan yanaşmalara münasibət idi. Uzun müddət bəzi dairələr tərəfindən ənənəvi enerji resurslarının gələcəyinin olmadığı barədə fikirlər səsləndirilsə də, son geosiyasi hadisələr bunun reallığı əks etdirmədiyini göstərdi. Avropada enerji böhranı, qlobal bazarlarda qeyri-sabitlik və artan tələbat bir daha sübut etdi ki, dünya iqtisadiyyatı hələ uzun illər neft və qaz olmadan fəaliyyət göstərə bilməyəcək. Azərbaycanın yanaşması isə məhz bu reallığa əsaslanır. Rəsmi Bakı enerji təhlükəsizliyi ilə yaşıl enerji keçidini bir-birinə qarşı qoymur. Bir tərəfdən yeni qaz layihələri, o cümlədən “Azəri-Çıraq-Dərinsulu Günəşli” layihəsi vasitəsilə hasilat imkanlarını genişləndirir, digər tərəfdən isə bərpaolunan enerji sahəsinə böyük investisiyalar yatırır. Gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə gücün 2 giqavata, 2032-ci ilə qədər isə 8 giqavata çatdırılması hədəfi Azərbaycanın uzunmüddətli enerji strategiyasının tərkib hissəsidir. Dövlətimizin başçısının çıxışının mühüm hissəsi Azərbaycanın son 30 ildə keçdiyi inkişaf yoluna həsr olunmuşdu. Əslində, Prezident İlham Əliyev enerji siyasətinin nəticələrini konkret faktlar üzərindən nümayiş etdirdi. 1990-cı illərin əvvəllərində ərazisinin 20 faizi işğal altında olan, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi yaşayan, elektrik enerjisi və qaz idxal edən, yoxsulluq səviyyəsi 50 faizdən artıq olan Azərbaycan bu gün tamamilə fərqli reallıqla üz-üzədir. Yoxsulluğun təxminən 5 faizə enməsi, işsizliyin minimum səviyyəyə düşməsi, xarici borcun ÜDM-in cəmi 6 faizini təşkil etməsi və strateji valyuta ehtiyatlarının xarici borcu 18 dəfə üstələməsi enerji gəlirlərinin düzgün idarə olunmasının nəticəsi kimi təqdim edildi. Bu mənada Azərbaycan nümunəsi təbii sərvətlərin yalnız gəlir mənbəyi deyil, düzgün idarəçilik şəraitində dövlət quruculuğunun əsas alətinə çevrilə biləcəyini göstərir “Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və bu coğrafiyanın genişlənməsi davam edir. TANAP və TAP kimi layihələr Avropanın enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynayır. Eyni zamanda, Azərbaycan Xəzər dənizinin şərq sahilində yerləşən ölkələr üçün də vacib tranzit platformasına çevrilir. Bu proses enerji siyasətinin uğurlu diplomatiya ilə tamamlandığını göstərir. Enerji və nəqliyyat infrastrukturlarının paralel inkişafı Azərbaycanın Avrasiya məkanında geoiqtisadi əhəmiyyətini daha da artırır. Bütün bunlar göstərir ki, Azərbaycan enerji ehtiyatlarını, sadəcə, iqtisadi resurs kimi deyil, beynəlxalq nüfuzun, regional liderliyin və uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir. Məhz buna görə də ölkənin son 30 ildə formalaşdırdığı enerji modeli bu gün oxşar çağırışlarla üzləşən bir çox dövlət üçün maraqlı təcrübə nümunəsi kimi çıxış edir”, - deyə Fərid Şahbazlı vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


