Ay tutulan gecənin səhəri - Povestdən parça
Ürəyimlə danışa-danışa şəhərimizin abad, gəlişli-gedişli ən uzun küçəsində, böyük şair Xaqani Şirvaninin adını daşıyan meydanda, o meydanın sağ tərəfində çiynini dağa söykəmiş Xaqani Poeziya Evinin önünə, dahi şairin əzəmətli heykəlinin qarşısına necə gəldiyimi hiss etməmişdim Dahilərin, söz-sənət

Ürəyimlə danışa-danışa şəhərimizin abad, gəlişli-gedişli ən uzun küçəsində, böyük şair Xaqani Şirvaninin adını daşıyan meydanda, o meydanın sağ tərəfində çiynini dağa söykəmiş Xaqani Poeziya Evinin önünə, dahi şairin əzəmətli heykəlinin qarşısına necə gəldiyimi hiss etməmişdim Dahilərin, söz-sənət fatehlərinin çox zaman bir qismətləri də qürbətçilik olur. Kürkləri doğulduqları məmləkətlərdə qızmır. Daxili dünyalarını, ruhi azadlıqlarını zamanın gərdişinin ahənginə tabe edənlər ya yaddaşlarından gileylənənlərdi, ya da heç o məqama qədər də ömür sürüb yaşamayanlar Xaqani də bəşərin söz səltənətinin sultanlarındandı. Fəqət onun da kürkü doğulduğu məkanda qızmayıb. Dərin idrakı, azadlığa təşnəliyi şairi yaşadığı mühitin ahəngində buxovlaya bilməyib. Dahi şair çıxış yolunu qürbətçilikdə görüb. Azadlıq ruhu şairin cismini başının üstünə qaldırıb uzaqlara, yenilməzliyə götürüb. İlahi sözü, dühası ilə əbədiyaşar olsa da, qürbətçiliyi də sonsuza qədər oldu Xaqani və bu qədim şəhər! Buraya dustaq kimi cəza çəkmək üçün gətirilmişdi. Ancaq bu qədim şəhərdə o, mənim qənaətimə görə, cəzadan ilahi eşq misallı sevən bir qəlbin fədakarlığı ilə azadlığa qovuşub İndilərdə bu qədim şəhərə yolu düşənlər üçün hər növ nəqliyyatdan istifadə etmək imkanı var. Xəzərin sahili ilə düzənliyə qoşa qanad kimi açılan rahat avtomobil magistralları, etibarlı dəmir yolu... Həvəsində olanlar lap qayıqla da üzüb gələ bilərlər Xaqaninin zamanında isə uzaq diyarlardan buralara gəliş-gediş üçün bircə yol vardı: Şamaxıdan ötüb Dübrar dağının ətəklərindən keçən, qədim Şərvan şəhərinin qalıqlarının üstündən adlayıb Zöhrabkənddən Qızılçay boyunca Gilgilçaya enən, Çıraqqaladan haçalanıb bu qədim şəhərdə toxdayan, miniyi at, dəvə, qoşqu heyvanları olan karvan yolu - müddəti aylarla, bəzən illə hesablanan Şirvan yolu! Xaqani Şirvani də elə bu yolla, o yurd yerlərindən ötüb keçərək Şabran qalasına qazamata gətirilmişdi Bir gün yolum Dübrar dağının ətəklərində binə bağlayan kəndlərə düşmüşdü, gərək ki, Çuxurazəmidən dostum Mehdi müəllim məni dəvət eləmişdi El ağırlığında o kişi: Ay müəllim, gəl bizim bu dağların havasından da bir sinədolusu nəfəs al, sərin sularımızdan iç, - deyə məni həvəsləndirmişdi Hal əhli bir neçə yoldaşımla yığışıb getdik Çuxurazəmiyə. Qəribliyə qədər qalxdıq, kəndin üstündəki qayanın qaşından indikilərin "Xaraba Zarat" dedikləri, binələrinin kalovları hələ də sahiblərinin sinə daşı kimi söykənib duran qədim yurd yerinə, bir qədər də irəlidə Şirvana yürüşləri zamanı üstündə Şah Abbasın hovuz tikdirdiyi Dəhnə isti suyuna aşan tərəfi, dik yamacları da xeyli seyr elədik Mehdi müəllim, oğlu Səxavətin dayısı Oqtay, qonşusu Əliniyaz bəy də içi ərzaqla dolu UAZ maşınında bizi su içmək qəsdi ilə yaylağa, yarpızlı bulağa apardılar. Bulağın qabağında alaçıq qurulmuş, yerinə də xalça-palaz döşənmişdi. Mütəkkə, hətta nazbalış da öz yerində. Kənarlarında cərgə ilə su piyalələri düzülmüşdü, tən ortasında isə yazıçı dostum Aydının sevdiyi "nemətlər" olan məcməyi vardı Çeşmənin başında yaxşıca sərinlənib bulağın gözündən dolan piyalələri başımıza çəkib "oxqay" deyəndən sonra alaçığa keçib süfrənin kənarlarında yerləşdik. Elə təzəcə əl uzadıb buğlanan quzu kababından bircə tikə götürüb "bismillah" eləmişdik ki, Mehdi kişi bu bulaqdan, bulağın suyundan içən ünlü qonaqlarından söz açdı Dahi şairimiz Əfzələddin Xaqani də bu bulağın suyundan içib, - deyərək əlini çayın arxasındakı yamacdan ötüb keçən cığıra tərəf uzatdı: - Baxın, Qədim Şirvan yolu o gördüyünüz cığırla qabaqdakı xarabalıqların qalıqları hələ də həsrətlə boylanan Şirvan şəhərindən ötüb Dərbəndə doğru keçir. O yolla böyük şairi Şabran qalasına gətiriblər. Deyirlər ki, qorçular (o zamanın polisləri) su götürmək üçün bu bulağa üz tutublar. Böyük şair nəfəs dərib su içmək üçün bu çeşmənin üstündə dayanmalarını istəyibmiş Ağlabatandır: Xaqanini dövrün hökmdarı sevmədiyi üçün həbsə göndərirdi, qulluq əhlinin isə onunla nə ədavəti ola bilərdi ki? Şairin istəyini nəzərə alan qorçular, indi suyundan bəh-bəhlə içib sərinlədiyimiz bu bulağın başına gəliblər Elə bu məqamda gözlərimin önündə uzaq yoldan yorğun düşən, əlləri qandallı böyük şair canlandı. Sanki ustadı yaxından gördüm, qüssəli siması içimi göynətdi və dostum Aydının "təamları" əlindəki qədəhdə alışdı, mənim tikəm isə əlimdə, ovcumun içində buza dönüb qaldı Mehdi müəllim yaşlanıb, ancaq ürəyi elə əvvəlkidir - həyat eşqi ilə dolu Oğlu Səxavət yalvar-yaxar edib hər qış fəsli onu Qızılburuna gətirməyə birtəhər razı salır. Kişi bütün qışı "vəsvəsəsi" ilə oğul-uşağı bezdirir. Əslində bu da onun bir fəndidir. Nəzərdə tutur ki, bezikən ailə üzvləri, nəhayət, bayram aşını yeyənin ertəsi gün onun Dübrarın ətəklərinə, Çuxurazəmiyə, bu sevimli ocağına köçməsin etiraz edib "yox" deməzlər Əvvəldə dediyim kimi, özü bu yerə çox can atan Mehdi müəllim, hər il məni də dağa çağırır, yarpızlı çeşmədən su içməyə dəvət edirdi. Mən də elə "Gələrəm", "Gələcəm" deyərək kişini birtəhər "yola" verirdim. Daha bəhanəm qalmadı deyə, axır ki, onunla Xaqani bulağından su içməyə gəldim, dostum Aydın da yol yoldaşım oldu Mehdi kişinin də mənalı ömründə qismətinə bir az "qürbətçilik" düşüb. Daha doğrusu, valideynlərinin seçib yeni binə elədikləri Çuxurazəmidə böyüməli olub. Ata-baba yurd yerləri isə indi də bulaqları gur axan, nohurları, sututarları o çeşmələrdən dolub aynalanan, gen-geniş, ormanı, çəməni ilə ötənə "gəl-gəl" deyən, indi yaddaşlarda yurd yeri kimi adı vur-tut bircə dərə aralığındakı Gülaxdır Vəzifəmizin gərəyincə, fındıq bağı salmaqdan ötrü xeyli gəzib-dolandıq, belə bir iş üçün əlverişli, geniş ərazisi olan elin bu yerini - Gülaxı seçdik. Maşın-traktor, gərəkli texnika cəmləyib, keçmiş kişilərin zamanında kəllə, öküzə qoşulub xışla əkilən, məhsulu vəllə, girə ilə döyülən yol-yamacı şumlayıb əkinə başladıq Qərargahımızı da çeşməyə yaxın bir yerdə, dağın döşündəki, təpənin üstündə ayna suları göz oxşayan gölün qabağında qurmuşduq. Bir gün Çuxurazəmidən, Mehdi kişidən xəbər gəldi: "Müəllimə deyin, o düşərgəsini ordan yığışdırsın!" Dost bildiyim kişinin belə namünasib sifarişinin (əslində, tələbinin) səbəbini soruşdum. "Orada özü üçün ev tikəcəkmiş", - dedilər Başlanğıcda mənə ağır gələn sifarişə indi sevindim. Sevindim ki, bu qədim yurd yerində yenə bir çıraq yanacaq Sən demə, düşərgə saldığım bu çeşmə başı, göl qabağı Mehdi kişinin ata-baba yurd yeriymiş, kişi bu təpənin üstündəki yurdda doğulubmuş Əliniyaz adlı birisi də var, bu mahalın bəlkə də ən ucaboy adamıdır. İki arşından da bir az artıq uzun boyu, elə enli buxununa da yaxşı yaraşır. Əliniyazın əli də uzundur, hər yerə çatır. Səxavəti də öz yerində. Bu dağlara yolu düşənin hələ özü gəlib çatmamış sorağına bu kişi süfrəsini açır. Əliniyazın bu şakərindən Aydın Tağıyev o yerlərə səfərimiz zamanı yaranan maraqlı təəssürat dolu "Ömrə bərabər bir gün" kitabında gen-geniş yazıb Əliniyazla rastlaşdım, yadıma Mehdi müəllimdən gələn xəbər düşdü Əliniyaz, səndən bir xahişim olacaq, - dedim Buyurun, müəllim, nə qulluğunuz olsa, mən hazır, - deyə sidq ürəkdən dil-təvazö elədi Həmkəndlisi Mehdi müəllimdən gələn sifarişi, indicə nəql elədiyim əhvalatı ona danışdım, sonra da: Əliniyaz, - dedim, - Mehdi müəllimin yanına, evinə get, əvvəlcə salamlarımı çatdır. Sonra de ki, köhnə yurd yerinlə bağlı giley-güzarın o kişiyə çatıb. Məni də özü göndərdi, sizə deyim ki, həmin yeri verməkdən əlavə, Mehdi müəllim daha nə köməklik istəsə edərik, təki gəlib başlasın, özünə yurd-mülk salsın Bəli, Əliniyaz çatır Mehdi müəllimin həyətinə, kişinin evinin həmişə açıq olan qapısından keçir içəri, görüşüb hal-əhval tutur. Yer göstərirlər, keçib oturur Gəlişinin səbəbini açıb söyləmək üçün sözə körpü salanda Mehdi kişi: - Dayan, Əliniyaz! - deyib onun sözünü kəsir Tanıyırsan da, o haqverməz Qələmirzəni, nataraz Göyüşü, Bəhrəmi... O gün oğluna toy edirdi, əlimdə nə var idisə, Kəramət borc adı ilə gəlib aparıb, neçə vaxtdı, "qaytarın" deməyə də utanıram. Odu ki, gərək üzrlü sayasan, səni əliboş qaytaracam Borc alıb qaytarmayanların sayını, elə bu kişi kimi, özü də ancaq qoltuq cibindəki dəftərçəyə yazılı siyahıdan bilən Əliniyaz xeyli gülür və elə gülə-gülə də gəlişinin səbəbini Mehdi müəllimə çatdırır Gülaxda fındıq tutmadığı kimi, Mehdi müəllim də dönüb ata yurdunda ev tikmədi. Qazanan elə Oqtay oldu ki, düşərgəmizi yığıb Qızılqazmaya, həyətinə daşıdı. Gülaxın qazancı isə köhnə yurd yerinə çəkdirdiyimiz torpaq yol oldu Bizim bu qədim şəhərin min illərlə daşıdığı halal tarixi adını özünə qaytaranda sakinlərdən, eldən-obadan qalaq-qalaq məktublar alırdıq. Mehdi müəllim də rəy bildirib fikir söyləyənlər arasındaydı. Bu mövzuda məktublarının birində yazırdı: "Şabran" uzun müddət "Dəvəçi" adlandırılıb. Əhali, ən çox da aralarında umu-küsü olanlar "Dəvəçi" sözünü "dəbbəçi" kimi yozurdular. Sağ olun ki, bu qədim diyarın öz tarixi adına qovuşmasında təşəbbüskar oldunuz..." Söz-söhbətimdə tez-tez haqqında "bu qədim şəhər" ifadəsini işlətdiyim bu yaşayış məskəni bir vaxtlar dəvə karvanlarının keçib getdiyi məşhur qədim Şirvan yolunda bir dayanacaq yeri imiş. Gecəyə, yağışa-yağmura düşəndə dəvə karvanlarını sarvanlar bu yerdə, Dubrarın, Tənkəmərin dupduru çeşmələrindən süzülərək axıb gələn, dağların ətəklərindən Xəzər dənizinəcən gen-geniş düzənliyə açilan, adına da elə indiyə qədər Dəvəçi çayı deyilən su qaynağının kənarında əyləndirər, gecələyib-dincələrmişlər Yaxın ətrafdakı el-obadan əhali buraya bazarlığa gələrmiş. Beləcə, dəvə karvanlarının dayanacaq kimi əyləndiyi, alış-veriş yeri olan bu məkan geniş, qaynar bazara çevrilib, Dəvəçibazar kimi tanınıb. Karvanlarla gələnlərdən kimlərsə burada qalıb yurd-yuva salıblar. İllər keçdikcə buranın sakinləri çoxalıb. Balaca bir bazar yeri kəndə, qəsəbəyə, daha sonra şəhərə çevrilib Ancaq bu qədim yaşayış məskənini daha çox tanıdan, əlbəttə, əvvəlcə Şirvanın qədim paytaxtı, adı Xaqaninin şeirlərindən üzü bəri keçən Şabran şəhəri olub Bu qədim diyarın adlı-sanlı kişilərindən, mərd, mübariz, cəsarətli övladlarından, halal tikəsinə xəzinə toxluğu ilə baxanlarından xeyli danışdıq. Yəni bu məmləkətdə əl-ayağa dolaşanlar, ortada yeyib-qıraqda gəzənlər heç yoxdurmu? Elələri də var, yəqin ki. Amma yenə də bu gülüstan diyar qiymətli insanları ilə ad çıxaran ağır ellərdəndir Bunlar da Mehdi müəllimin bir vaxt mənə yazdıqlarına söykənir: Köhnə Şabran şəhərinin xarabalıqlarının qənşərində (bərabərində) dəmir yolu keçən ərazidə "Sarvan" deyilən bir kənd də var... Əhalisindən bəziləri çox yava (yaman) məxluqdurlar. Orta məktəb illərimizdə paralel sinifdə Sarvandan Allahverdi adında bir oğlan oxuyurdu. İnternatda qalırdıq. Yatarkən Allahverdidən ehtiyatlanıb pal-paltarımızı balışımızın altına qoyardıq. Sarvanlı Allahverdi hətta bu "tədbir"imizdən sonra da ciblərimizə elə məharətlə "əl gəzdirir"di ki, ha ayıq-sayıq olsaq da, heç birimizin xəbəri olmurdu Səhər oyanıb yerimizdən duranda hamı bir-birinə dəyirdi. Nəhayət, məsələ qaldırıb onu yataqxanadan qovdura bildik Haşiyə: Sarvanlıların bir parası haqqında Mehdi müəllim belə fikirdə olsa da, bu kənd həm də o Sarvandır ki qələgahlı Həmdulla Əfəndi (əvvəllər haqqında, yığcam da olsa, bəhs etmişik) zirehli qatarlarla ölkəmizi istilaya gələn 11-ci "Qızıl ordu" ilə döyüş üçün cövlan etməyə geniş imkanları olan düzənlikdəki bu kəndin ərazisini seçmişdi. Üçcə yüz az qala əliyalın olan əsgərlə meydana çıxmış, toplarla, pulemyotlarla silahlanıb zirehli qatarda gələn nizami işğalçı orduya qarşı döyüşmüşdü Mehdi müəllimin söz açdığı həmin o Allahverdi isə, yəqin, o vaxt özlüyündə bir növ məşq edirmiş, təlim əvəzi "bəzi işlər" görürmüş. Axı Sarvandan həmişə yük dolu qatarlar keçib və oranın o cür kişiləri haramxorların qənimi olub, haram yüklərə əl uzadıblar, yoxsa doğru-dürüst kimsələrlə nə işləri vardı?! "Atam deyirdi ki, (Mehdi müəllim öz atasını nəzərdə tutur) bir vaxtlar, yəni sovetlərdən qabaq bu qədim şəhərdə qoçuluq, lap quldurluq edən dəstələr də olub. Qoçular dəstəsinin birinin başında əslən Əmirxanlı kəndindən olan "Bığ Fazil" dururdu. Sifarişlə (ya da törətdiyi əməlin qisası olan cəza kimi) istənilən adamı qətlə də yetirirdilər Dağbilicilərin də içərisində belə dəstələr yaranmışdı, amma onlar soyğunçuluq etməzdilər: ya onlara düşmən olanlara, ya da özlərinin niyəsə düşmən kəsdildiklərinə aman verməzdilər" Mehdi müəllim məktubunda Zağlı kəndindən, o kəndin sayılıb-seçilən kişilərindən də söz açır. Nurulla müəllimdən, o kişinin atası Əmrulla kişi haqqında eşitdiklərindən danışır: "Əmrulla kişi həm də atamla dost idi, - deyir. - Sovetləşmənin ilk illərində biz tərəflərdə o, meşə işçisi kimi çalışıbmış. Bir gün öz kəndləri Zağlıda toy çalınan yerdə, mağardaca, hamının gözü qarşısında sözünün çəpləşdiyi birisini xəncərlə doğramışdı Əmrulla kişi. Atamın Əmrulla kişi ilə olan yaxınlığına görə Nurulla müəllimin də, əmisi saydığı atama xüsusi hörməti vardı. Bir gün atam məni ona əmanət edəndə: "Uşaqdan nigaran qalma, Novruz əmi, mən onu öz himayəmdə saxlayacağam" - demişdi. Həqiqətən, o məni, vəzifədə olduğu müddətdə, axıra kimi, diqqətindən kənarda qoymadı (Nurulla müəllim o zamanların çox dəbdə olan maarif müdiri vəzifəsində işləyib). Onun sayəsində 1978-ci ildə Respublika Müəllimlərinin VI Qurultayında nümayəndə kimi iştirak elədim" Xatirələri xatirələrə calanır Mehdi müəllimin: Mən Əmrulla kişini də, "Bığ Fazil"i də, 85-90 yaşlarında belə, gümrah və şax görkəmdə görmüşdüm, - deyir, ötənləri beləcə yada salır. Əmrulla kişinin meşəçilərə məxsus "lıçkalı" papaq və paltarda, "Bığ Fazil"i isə başında qoyun dərisindən papaqla, əlində dəyənəklə gördüyünü xatırlayır. - Bu kişilərin hər ikisi boy-buxunlarına görə də başqalarından seçilərdilər. İnanın ki, "Keçən cavan çağım ola"dakı Kəlbi əmi ilə o kişilər eyni biçimdə adamlar idilər, bığları da elə Kəlbi əminin bığları kimiydi! Zəmanə belələrini daha yetirmir. Yaxşı deyiblər: "Köhnə kişilər köhlən atları minib getdilər" Məlum olur ki, Mehdi müəllim mənə ünvanlanmış bu məktubunu 3 iyun 2019-cu ildə yazıb və rahat oxunsun deyə uyğun şriftlərlə çap olunmağa verib. Məktub məni xeyli mütəəssir edən bu cümlələrlə tamamlanır: "Arada Sinqapura həsr etdiyiniz kitabı da vərəqləyirdim. Kiçik bir ölkənin coğrafiyasına dair yazdığınız rəqəmlər və etdiyiniz müqayisələr ilk baxışdan məni cəlb etdi. Kitabın 37-ci səhifəsinə yetişən, yeni tikilmiş Çuxurazəmi kənd məktəbinin açılışı günündə ) Sizin buraya gəlişinizin təsvirini oxuduqca çox duyğulu anlar yaşadım "Səhləb çiçəyinin nağılı"na görə də Sizə öz təşəkkürümü bildirir və bir daha: - Sağ olun! - deyirəm"

