Tenqri
Ana Səhifə
Dünya

"Arzusunda olduğum rollara çəkilə bilmədim"

"İncəsənətin bütün növlərindən bizim üçün ən vacibi kinodur". Sovetlər Birliyində zamanında tez-tez səslənən bu şüar illər sonra dəbdən düşdü. Onun yerini məşhur bir Azərbaycan filmindən sonra zərbi-məsələ çevrilən: "Bu kino ki var, çox qəliz məsələdir" deyimi tutdu. Və hər dəfə kino ilə bağlı söhbə

0 baxış525.az
"Arzusunda olduğum rollara çəkilə bilmədim"
Paylaş:

"İncəsənətin bütün növlərindən bizim üçün ən vacibi kinodur". Sovetlər Birliyində zamanında tez-tez səslənən bu şüar illər sonra dəbdən düşdü. Onun yerini məşhur bir Azərbaycan filmindən sonra zərbi-məsələ çevrilən: "Bu kino ki var, çox qəliz məsələdir" deyimi tutdu. Və hər dəfə kino ilə bağlı söhbət düşəndə, ya yazmaq lazım gələndə istər-istəməz bu məşhur deyimi xatırlayıram Kino bizim üçün ekranda gördüyümüz obrazlar və hadisələrdir. Lakin onun bir də tamaşaçıya görünməyən tərəfi var - kadr arxasında qalan, çox zaman danışılmayan, amma taleləri yazan dünya. Nə yazıq ki, bu dünyada heç də hər şey istedad və zəhmətlə ölçülmür. Bəzən seçimlər, bəzən münasibətlər, bəzən təsadüflər və hətta görünməyən maneələr belə, aktyorun yolunu dəyişməsə də, həyatında ağrılı izlər qoya bilir. Olur ki, kamera önündə parlayan bir obrazın arxasında yarımçıq arzular, gözlədiyi rollar, deyilməmiş sözlər qalır. Bəzən isə bir insanın yaradıcı taleyi yazılmasa da, qəbul edilən qərarlarla həll olunur. Və bütün bunlara rəğmən, "incəsənət qurban tələb edir" fikrilə özünü sənət adlı dünyaya fəda edənlər az olmayıb Bugünkü müsahibimizi əksəriyyət kimi mən də daha çox "Dəli Kür"dəki Mələklə tanısam da, rol aldığı 50-yə yaxın filmlər sırasında "Tütək səsi", "Dantenin yubileyi", "Anlamaq istəyirəm", "Park", "Bağ mövsümü", "Qətl günü", "Axırıncı dayanacaq", "Dmitrov küçəsi 86" və digər ekran işlərində onun yaratdığı obrazların özünəməxsusluğu həmişə diqqəti çəkib. Onunla ömrünün müdrik çağında həmsöhbət olmaq düşdü payıma. Qonağımız Əməkdar artist, Prezidentin fərdi təqaüdçüsü və nəhayət, Azərbaycanın qüdrətli aktyorlarından biri, mərhum Xalq artisti Yusif Vəliyevin ömür-gün yoldaşı Zemfira Sadıqovadır "Heç zaman istəməmişəm ki, kimsəninsə mənə yazığı gəlsin" Bəzən birindən "necəsən?" deyə, soruşanda, cavab verir ki, yaxşı deyək, yaxşı olsun. Siz necəsiniz, Zemfira xanım, dünyanın bu narahat vaxtında? Yaşıma görə - üç aydan sonra 87 yaşım olacaq - evdəyəm, xəstəyəm, kinoya çəkilmirəm. Bununla belə, dünyada baş verənlərlə maraqlanıram, hadisələrdən xəbərdaram, efirləri izləyirəm. Fiziki gücüm azaldığından başqa heç nə edə bilməsəm də, şikayətçi də deyiləm Jurnalist ailəsində boya-başa çatmısınız Atam Emin Sadiq ixtisasca jurnalist olsa da, şair və tərcüməçi kimi də tanınıb. 1920-ci illərin sonlarında yaranan "Gənc qızıl qələmlər" ədəbi cəmiyyətinin yaradılmasında atamın böyük xidməti olub. 30-cu illərdə "Kommunist" qəzetində şöbə müdiri, Azərbaycan Radiosunda baş redaktor vəzifəsində çalışan Emin Sadiqin elə həmin illərdə də "Əməlim və yolum" adlı şeirlər kitabı çıxıb. Rus poeziyasından Puşkinin, Lermontovun yaradıcılığından tərcümələr edib, qazax şairi Cambulun "Batır ötəgən" poemasını Azərbaycan dilinə çevirib. Müharibə illərində və ondan sonra əsasən nomenklatur işlərdə çalışan atam məsuliyyəti, dürüstlüyü, vicdanı ilə hər zaman fərqlənə bilib. Deməzdim ki, tək jurnalist ailəsində böyümüşəm, mən ziyalı ailəsində yetişmişəm. Atam işləməyinə icazə verməsə də, anam da ali pedaqoji təhsilli idi. Bacım Moskva Dövlət Universitetini fəlsəfə ixtisası üzrə bitirmişdi, qardaşım mühəndis oldu. Yəni ziyalı mühitində yaşamışam Lakin valideynləriniz sizin Moskvada təhsil almağınıza qarşı çıxdı Ona görə ki, mən aktrisa olmaq arzusu ilə Ümumittifaq Kinematoqrafiya İnstitutuna daxil olmaq istəyirdim. Valideynlərim heç Bakıda da mənim bu təhsili almağımın tərəfdarı deyildilər. Vəziyyəti belə görəndən sonra seçimi ata-anamın ixtiyarına buraxdım və onların istəyi ilə Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil oldum, çünki hələ məktəb illərindən dəqiq elmləri yaxşı oxumuşdum. Lakin buna yalnız yarım il dözə bildim. Birinci semestrdən sonra bütün cəsarətimi toplayıb Teatr İnstitutunun rektoru mərhum Rahib Hüseynovun yanına gəldim. İstəyimi bildirdim, vəziyyətimi danışdım. Rəhmətlik çox nəcib insan idi. Məni diqqətlə dinlədi, dedi ki, fərq və qabiliyyət imtahanlarını verməklə səni universitetdən instituta keçirə bilərik. Beləliklə, Ədil İsgəndərov, Məlik Dadaşov, Müxlis Cənizadə, Rza Təhmasib kimi sənətkarların qarşısında imtahan verdim, yekdil olaraq bildirdilər ki, səhnələrimiz sizin kimi istedadlar üçün ağlayır. Beləcə oldum institutun tələbəsi. Təbii ki, evdə bu hadisə qanqaraçılıq yaratdı, valideynlərimin qəzəbinə tuş gəldim, lakin artıq olan olmuşdu Deməli, cəsarətlisiniz Həyatda güclü insanam. Nə qədər çətinliklər olsa da, onlara qalib gəlməyi, dəf etməyi bacarıram. Çox ağır həyat yaşamışam və bu haqda danışmağı sevmirəm. Heç zaman istəməmişəm ki, kimsəninsə mənə yazığı gəlsin, çünki həmişə qürurlu, özümə arxayın olmuşam və bacardığım qədər istədiyimə nail olmağa çalışmışam "Yusif Vəliyevi gözü götürməyənlər ondan acığını mənə rol verməməklə çıxmağa başladılar" Amma sənət eşqiniz də çox güclü olub Bu eşq kiçik yaşlarımdan məni bağrına basıb deyə bilərəm. El arasında italyan həyəti adlanan evdə yaşayırdıq. Bir böyük həyətdə qarışıq millətlərdən olan ailələr o qədər mehriban, səmimi yaşayırdı ki... Nə millət söhbəti vardı və din ayrılığı. Üç yaşımdan qonşuların qarşısında şeir söyləyirdim, mahnı oxuyurdum, rəqs edirdim, kimlərisə yamsılayardım. Böyüyəndə kim olacağımı soruşanlara tək bir cavabım vardı - aktrisa. İllər göstərdi ki, bu heç də bir uşağın keçici həvəsi deyilmiş. Allahımdan çox razıyam ki, güclü, istedadlı, savadlı müəllimlərdən dərs ala bildim. Mənim düşüncəmdə sənəti ürəkdən sevməklə yanaşı, fitri istedad da mütləqdir. Özümü tərifləmək kimi çıxmasın, sonuncu kursda "Almaz" pyesində Fatmanisə rolunu oynamışdım. Tamaşaya baxan Mehdi Məmmədov bizə dərs deməyinə baxmayaraq, rolda məni tanımamışdı. Ətrafdakılardan soruşub ki, Fatmanisəni oynayan kimdir? Zemfira Sadıqova desələr də, xatırlaya bilməyib. Sonra dərs otağında məni göstərib dedilər ki, Fatmanisəni oynayan tələbə budur. Elə bir vaxt gəldi ki, bacım namizədlik işini müdafiə edəndə Mehdi Məmmədov opponent idi. Müdafiədən sonra yaxınlar, doğmalar bir məclisə cəm olduq. Orada Mehdi Məmmədov məni gördü və biləndə ki, müdafiə edənin bacısıyam, ayağa qalxıb həmin tamaşanı yada saldı. Haqqımda danışanda isə dedi: "Mən gözlərimə inanmırdım ki, bu dərəcədə mədəni, erudisiyalı, utancaq tələbə belə bir Fatmanisə obrazı yarada bilər. Bu, obrazın tam şəkildə dəyişdirilməsi idi". Mənim üçün bu tərifdən yüksək heç nə ola bilməzdi Teatr İnstitutunu bitirib təyinatla Gənc Tamaşaçılar Teatrına gəldiniz, lakin iki il ərzində kütləvi səhnələrdə yer aldınız Səbəbkar həyat yoldaşım, Xalq artisti, teatrın aktyoru Yusif Vəliyev idi. Yusif çox dürüst, ağır xarakterə malik insan idi. Haqqı nahaqqın ayağa verməyən, ağa ağ, qaraya qara, cəsarətlə heç nədən çəkinmədən sözün düzünü hər kəsin üzünə deyən biri olduğuna görə onu teatrda sevmirdilər. Mən teatra gələndən sonra biz ailə qurduq. Teatrda Yusifi gözügötürməyənlər bir növ ondan acığını mənə rol verməməklə çıxmağa başladılar. Lakin iki ildən sonra "Son məktub" tamaşasında başqa aktrisanın yerinə məni təyin etdilər. Orada Yusiflə mən ata-qız rollarında çıxış edirdik. Məşq etmədən səhnəyə çıxsam da, tamaşanın sözlərini əzbər bilirdim. Səhnədə görünəndə ilk eşitdiyim zaldan gələn heyrət ifadə edən səda oldu və həmin anda sandım ki, xoşbəxtliyin zirvəsindəyəm Təbii ki, tamaşaçı sizin gözəlliyinizə biganə qala bilməyib Qeyri-təvazökarlıq kimi səslənməsin, görünür, ilk baxışdan bu belə olub, lakin oynadığım rolun da burda payı vardı "Valideynlərim Yusif Vəliyevlə izdivacımıza razı deyildilər" Yusif Vəliyevlə aranızdakı iyirmi iki illik yaşın fərqinə varmamaq təkcə cəsarətdən irəli gəlməyib Bu fərqi yalnız sevgi görməyə bilərdi. 1965-ci il, teatra təzə gəlmişəm, hələ heç kəsi düz-əməlli tanımıram. Teatr "Komsomol" tamaşası ilə Kürdəmirə qastrol səfərinə yollandı. İlk dəfə Yusifi tamaşada oynadığı Gəray bəy rolunda gördüm və elə ilk baxışdan ona aşiq oldum. Onunla tanışlığımız isə ertəsi gün oldu. Truppa ilə birlikdə səhər yeməyinə getdik və orada tanış olub söhbət etdik. Evdə nə valideynlərim, nə bacım bu izdivaca razı idilər. Narazılıqlara, söz-söhbətə baxmayaraq, iki ildən sonra ailə qurduq. Mən çox incəliklərə getmək istəmirəm. Elə məqam oldu ki, mən əlaqəmizi kəsdim, anamı və oğlumu götürüb İrəvan Teatrına getdim. Üç ay orada qaldım və bu müddətdə Yusifdən gələn davamlı məktubları oxuyanda göz yaşlarımı saxlaya bilmirdim. Romantik təbiətli bu insan məni çox sevirdi. Sonra rejissor Şamil Mahmudbəyovun vasitəsilə Yusif mənim qayıtmağıma nail oldu və mən geri döndüm. Bilirsiniz niyə? Çünki hər ikimizin bir-birinə olan sevgisinin hüdudu yox idi. Bundan sonra Yusif mənim teatrda işləməyimə qarşı çıxdı və gəldim radioya "Ad-san naminə qürurumu, mənliyimi heç kimin ayağına vermədim" Amma bir neçə ildən sonra gəldiniz kinostudiyaya... Sənət sevdasına qalib gələ bilmədiniz 1974-cü ildə ayaq basdığım bu məkan mənim təkcə son iş yerim olmadı, həm də çox haqsızlıqlarla üzləşdiyim, arzularımı ürəyimdə qoyan bir dünya oldu. Bir aktrisa kimi irəli getməyimə, filmlərə çəkilməyə kinostudiyanın o zamankı rəhbərliyi icazə vermirdi. Hər vəchlə karyeramın qarşısına bir sipər çəkdilər. Məni öz filmlərində mükəmməl bir obraz kimi görən rejissorlara imkan vermədilər ki, çəkilim. "Onun potensialı azdır", "Bu obrazda önu görmürük", "Öhdəsindən gələ bilməz" kimi bəhanələrlə adımı siyahıdan çıxarırdılar. Olub rejissor mübahisə də edib ki, Zemfira Sadıqovanı bu obrazda görürük, lakin rəhbərlik dediyinin üstündə dayanıb. Deyə bilərsiniz ki, yaradıcılığımda əlliyə yaxın filmə çəkilmişəm. Bəli, çəkilmişəm, amma o filmlərin hansı birində məni baş rolda görmüsünüz? Çox təəssüf ki, yaradıcılıq imkanlarım ola-ola arzusunda olduğum, istədiyim rollara çəkilə bilmədim. Elə başa düşməyin ki, mən çəkildiyim filmlərə ürəksiz yanaşmışam. Əsla, kiçik bir rola belə, ruhumu qoymuşam. Amma daha parlaq obrazlar silsiləsi yarada bilərdim Buna səbəb Yusif Vəliyevlə Zemfira Sadıqova cütlüyünə həsəd hissi də ola bilərdi Bəlkə də... Amma şəxsi münasibətlər, insanların bir-birinə antipatiyası, paxıllıq, həsəd, qısqanclıq yaradıcı insanın imkanlarının qarşısını kəsə bilməz və kəsməməlidir. Bəli, Yusif Vəliyevi xarakterinə görə sevməmək olardı, lakin axı o, sənətkar idi. Bir sənətkara on il çalışdığı teatrda rol verməməyin adı nə ola bilər? Bir sənətkara 61 yaşında Xalq artisti adı verəndə o nə qədər sevinə bilər? Bir sənətkar layiq olmadığı münasibətin acısını içində nə qədər daşıya bilər? Mən hər şeyi öz adı ilə deməkdən çəkinən biri olmamışam, ləyaqətli ömür yaşamışam. 40 yaşımda həyat yoldaşımı itirdim. İstər onun sağlığında, istərsə sonra atdığım hər addımın məsuliyyətini daşımışam. Bu günə qədər ailəmin, övladlarımın adına xələl gələcək bir hərəkətimi üzümə deyən ola bilməz. Bu yaşımda Əməkdar artist adı ilə yaşayıram. Ad-san naminə qürurumu, mənliyimi, şəxsiyyətimi heç kimin ayağına vermədim. Xalq artisti olmasam da, xalqın artistiyəm. Mən bunu 85 illiyimdə səhnəyə çıxanda tamaşaçı alqışlarında gördüm. Bu, mənə yetər Zemfira Sadıqovanı tamaşaçı daha çox Mələk rolu ilə xatırlayır. Cahandar ağanın Mələyi "Dəli Kür" çəkildiyim üçüncü filmdir. Rejissor Hüseyn Seyidzadə məni "Torpaq, dəniz, od, səma" filmində görmüşdü. Planında "Dəli Kür" filmini çəkmək vardı. Bir gün eyni trolleybusda onunla kinostudiyaya gəlirdik. Düşəndən sonra mənə yaxınlaşıb soruşdu ki, siz Yusif Vəliyevin həyat yoldaşısınız? Cavab verdim ki, bəli. Sonra fikrini bildirərək dedi ki, sizi Mələk rolu üçün foto çəkilişlərinə dəvət etmək istəyirəm. Mən də ona öz fikrimi bildirdim, dedim ki, foto çəkilişlərindən az nəticə əldə etmək olur. Əgər məni çəkmək fikriniz varsa, kino sınağına çəkin. Orada mənim həm xarici görünüşüm, həm aktyor məharətim aydın görsənər və bir nəticəyə gələ bilərsiniz. Rejissor təklifimi qəbul etdi, gəldim sınaq çəkilişlərinə. Ədil İsgəndərovun iştirakı ilə bir neçə aktrisa sınaq çəkilişində iştirak etdik. Çəkilişdən sonra Bədii Şura yekdil səslə məni Mələk roluna təsdiq etdi Filmdə Mələk az görünsə də, xarakterik bir obraz kimi yadda qalıb İntellekt deyilən bir anlayış var və bunun üçün savadlı olmaq da lazım deyil. Mələk bir kəndli qızı olsa da, güclü, özünə arxayın, gözəl bir qadın idi. Cahandar ağa kimi ağır xarakterli bir insanın diqqətini və sevgisini çəkmişdisə, deməli, Mələk daxilən güclü intellekt sahibi idi. Yəqin ki, bu rolu mükəmməl oynadığıma görə 1970-ci ildə Minsk festivalında "Ən yaxşı qadın obrazına görə" mükafatına layiq görüldüm Yusif Vəliyevlə Cahandar ağa arasında hansısa bir bənzərlik "Bu hadisədən sonra Ədil İsgəndərovla Yusifin arasında inciklik yarandı" Söhbətinizdən anladım ki, sənət cameəsində sizə də, Yusif Vəliyevə də münasibət ailəniz üçün ürəkaçan olmayıb. Yəqin ki, dedi-qodularla da rastlaşmısınız Əlbəttə, olub... Kinostudiyada bir nəfər öz səviyyəsizliyini göstərdi və Yusif mənə görə onu döydü. Ədil İsgəndərovla Yusifin yaxın münasibətləri vardı. Söhbət onun qulağına çatanda Yusiflə aralarında inciklik yarandı. Mən dedi-qoduya son qoymaq üçün pasportumu götürüb Ədil müəllimin yanına gəldim. Ona dedim ki, sizə kim nə deyib ondan xəbərim yoxdur, amma istədim sənədlə bizim evli olduğumuzu özünüz görəsiniz. Əksəriyyət gənc, yaraşıqlı bir qadının özündən xeyli böyük bir kişi ilə evliliyinə inanmırdı, bəzilərinin gözü götürmürdü. Elə onu xəstəliyə salan da görüb-yaşadığı haqsızlıqlar oldu. Həyatın qəribə gərdişi var. Yusif Vəliyev Novruz bayramında dünyaya göz açmışdı, elə bayram ərəfəsində də dünyadan köçdü. Həmin ərəfədə xəstəxanada idi. Martın 15-i onu ziyarətə gəldim. Dedim ki, ay Yusif, sən xəstəxanadasan deyə, əlim heç gəlmir bayram şirniyyatı bişirməyə. Etirazını bildirdi və dedi ki, bayram hazırlığını mütləq gör. Sözündən çıxmadım, bişirdim və ayın 17-si bayram payı ilə xəstəxanaya gəldim. Yerindən qalxıb məni bağrına basıb hönkür-hönkür ağladı. O zamana qədər mən Yusifi ağlayan görməmişdim. Qızımız da ətrafımızda fırlanırdı. Nə qədər israrla ağlamağının səbəbini soruşsam da, heç nə demədi. Səhəri günü yenə xəstəxanaya gəldim, çünki konsilium olmalı idi, həkimlərin qərarını bilməli idim. Lakin mən gələndə artıq Yusif yox idi. Anladım ki, bir gün əvvəl onun mənə sarılaraq ağlamağı ailəsi ilə son vidası imiş və bunu yalnız özü bilirmiş. Bir də onu bilirəm ki, Yusif məndən çox nigaran getdi Yaradıcılığınızda diqqəti çəkən məqam filmlərdə daha çox ana obrazına çəkilməyinizdir Düz vurğuladınız... Ümumiyyətlə, mənə həmişə fağır, sakit, başıaşağı, tərbiyəli, intelligent rollar tapşırılıb, o cümlədən də ana obrazları. Özüm həyatda çox mühafizəkar ana olmuşam. Yəqin ki, bunu hiss edən rejissorlar məni bu obraza daha uyğun görüblər. Lakin bu analar bir-birindən tamam fərqli obrazlardır və mən onları yarada bilmişəm. "Anlamaq istəyirəm" filmindəki Fəridə sakit və dərin daxili aləmi ilə seçilir. Fəridə zahirən sadə görünür, lakin daxilində gizli narahatlıqlar yaşayır. O, həyatın qarşısına çıxardığı suallara tələsik cavab vermir və tamaşaçıya çox düşünən, müşahidə edən, içində yaşayan insan təsiri bağışlayır. "Bağ mövsümü"ndəki Ağabacı isə zahirən sərt və tələbkar təsiri bağışlasa da, daxilində qayğıkeşlik və ailəyə bağlılıq hissi daşıyır. Məndən ana obrazları arasında xarakterimə hansı daha yaxındır soruşsanız, deyərəm ki, Fəridə obrazı ilə özüm arasında uyğunluq görürəm Cavablarınızdan hiss olunur ki, sənətinizin vurğunu olsanız da, gileyiniz də yox deyil. Yəni kinonun Zemfira Sadıqovadan aldığı daha çox olub, nəinki verdiyi Kino yox, əhatəmdə sənətimə mane olanlar mənim həyatımı aldı, gücümün qarşısını kəsdi. Bu əngəllər olmasaydı, çox filmlərə çəkilə bilərdim. Həyat yoldaşımı itirəndə qızımızın səkkiz yaşı vardı. Həyat yoldaşı olmadan, ləyaqətlə övlad böyütmək məsuliyyəti çiyinlərimdə idi. Sənətdə irəliləməyim üçün çox təkliflər gəlirdi. Lakin mənim böyüdüyüm mühit, aldığım tərbiyə, əxlaqım, qürurum yanlış addım atmağa imkan verməzdi. Kimlər necə, hansı yollarla fəxri adlar alıbsa, onlar mənə yaddır. Kinoda nəyə nail olmuşamsa, onları alnımın təri, öz istedadım, bacarığım sayəsində qazanmışam. Odur ki, gileyim kinodan yox, sənətimdə qanqal kimi yolumda bitənlərdən, hər addımbaşı məni geri çevirənlərdəndir "Arzu edərdim ki, istedadlı adamların yolu maneələrdən uzaq olsun" Lakin iki güclü sənətkarın davamçısı olmadı Davamçımız olmasa da, qızımız Bahar incəsənətin başqa sahəsində uğurla irəliləyir. Rəsmdən çox uzaq olan bir insan böyük bir sarsıntıdan sonra şəkillər çəkməyə başladı. Pandemiyada qardaşını itirdi və illərlə daxilində yaşayan istedad bir sıçrayışla onun həyatını dəyişdi. Abstrakt janr üzrə rəssamlıqla məşğul olan Bahar Yusif artıq fərdi sərgiləri ilə tanınır. Hər bir sənətin təhsilini almaq yaxşıdır, lakin bəzən istedad təhsilsizi omasa belə, öz yolunu düzgün tapa bilir. Çox arzu edərdim ki, istedadlı adamların yolu maneələrdən uzaq olsun Və son olaraq Azərbaycan incəsənətinin bu günü Çox narazıyam... Bu gün kino çəkilmir, seriallarla insanların başını qatmaq olmaz. Kino mədəniyyətdir, kino bir millətin simasıdır, mənəviyyatının göstəricisidir. Bizim istedadlı gənclərimiz var, onlardan istifadə edərək kinomuzu yaşatmaq lazımdır. Mən bugünün efirlərindən, aparıcıların efir mədəniyyətindən, ailə-məişət söhbətlərinin müzakirə mövzusuna çevrilməyindən narazıyam. Mədəniyyətimizdə də, incəsənətimizdə də mənfilərimiz çoxdur. Onlara əncam çəkmək lazımdır SÖZARDI: Həyat bəzən insanı arzuladığı zirvəyə çatdırmasa da, ona yaşadıqlarını dərk etməyi öyrədir. Sənət də elədir - istədiyinə nail ola bilməyən sənətkarı formalaşdırır, ona səbr, dözüm və iç dünyasını qorumağı aşılayır. Bu yolun içində onun qazandıqları da var, itirdikləri də. Və bəzən məhz itirdikləri sənətkarı daha böyüdür. Sonda isə yadda qalan təkcə rollar olmur. Yadda qalan bu rolların arxasında dayanan insanın özü, yaşadığı həyat və qəlbində qoruyub saxladığı həqiqətlər olur

Kaynak: 525.az

Diğer Haberler