Tenqri
Ana Səhifə
Dünya

Akademik Tofiq Hacıyev və türk dünyası

türk bütövlüyü, ümumi dünya qloballaşma hərəkatını sürətləndirər Akademik Tofiq Hacıyev Azərbaycan dilçiliyində yalnız fundamental tədqiqatların müəllifi kimi deyil, eyni zamanda türk dünyası anlayışını elmi konsepsiya səviyyəsinə yüksəldən alimlərdən biri kimi tanınır. Onun elmi irsində türk dillə

0 baxış525.az
Akademik Tofiq Hacıyev və türk dünyası
Paylaş:

türk bütövlüyü, ümumi dünya qloballaşma hərəkatını sürətləndirər Akademik Tofiq Hacıyev Azərbaycan dilçiliyində yalnız fundamental tədqiqatların müəllifi kimi deyil, eyni zamanda türk dünyası anlayışını elmi konsepsiya səviyyəsinə yüksəldən alimlərdən biri kimi tanınır. Onun elmi irsində türk dilləri arasındakı tarixi, struktur və semantik bağlılıq məsələləri aparıcı tədqiqat istiqamətlərindən biri olmuşdur. Türk dünyasının elmi-mədəni inteqrasiyası problemi XX əsr Azərbaycan türkologiyasında xüsusi yer tutmuş, bu istiqamətdə aparılan araşdırmalar milli dilçiliyin ümumtürk elmi məkanı ilə əlaqələndirilməsinə xidmət etmişdir. Məhz bu inteqrasiyanın formalaşmasında və inkişafında akademik Tofiq Hacıyevin elmi fəaliyyəti mühüm rol oynamışdır Onun türk dünyasına olan dərin marağı bu məkanı ortaq dil və mədəniyyət zəminində dərk etməsindən, müxtəlif türk xalqlarının alimləri ilə qurduğu sıx elmi əlaqələrdən və apardığı müzakirə və diskussiyalardan qaynaqlanırdı. Türkiyədən kənarda ortaq türk ünsiyyət dili məsələsini yazılarında, çıxışlarında və konfrans məruzələrində ardıcıl olaraq gündəmdə saxlayan nadir alimlərdən biri olan Tofiq Hacıyev bu ideyanı həm elmi, həm də mənəvi borcuna çevirmişdir Tofiq Hacıyevin elmi yaradıcılığı mövzu dairəsinin genişliyi və problematikasının zənginliyi ilə seçilir. 400-ə qədər elmi məqalə, 40-dan çox dərslik və monoqrafiyanın müəllifi olan akademik Tofiq Hacıyev hələ sovet dövründən etibarən “Dədə Qorqud kitabı”nın dili, Sabir və Füzuli yaradıcılığının dil xüsusiyyətləri, “Molla Nəsrəddin” jurnalının dili, eləcə də Cəbrayıl şivəsi haqqında apardığı tədqiqatlarla həm Azərbaycan dilçiliyində, həm də ümumtürk filologiyasında mühüm elmi mənbə kimi tanınmışdır. “Sabir: qaynaqlar və davamçılar”, “Füzulinin dili və üslubu”, “Molla Nəsrəddinin dili və üslubu”, “Dədə Qorqud: dilimiz, düşüncələrimiz” kimi əsərləri bu zəngin yaradıcılığın parlaq nümunələridir. Tofiq Hacıyev Azərbaycan dilini heç vaxt təcrid olunmuş milli fakt kimi təqdim etməmiş, onu ümumtürk dil məkanının ayrılmaz və canlı tərkib hissəsi kimi araşdırmışdır Akademikin “Azərbaycan ədəbi dilinin tarixi” adlı iki cildlik monoqrafiyası uzun illərdir ali məktəblərdə müəllim və tələbələr üçün əvəzolunmaz stolüstü kitaba çevrilmişdir. Ümumi həcmi 900 səhifəyə yaxın olan bu sanballı əsərdə Azərbaycan ədəbi dilinin formalaşma və inkişaf mərhələləri ümumtürk dil tarixi fonunda araşdırılır, dil faktları türk dillərinin ümumi qanunauyğunluqları kontekstində izah olunur. Alim burada Azərbaycan dilinin tarixi inkişaf yolunu digər türk dilləri ilə qarşılıqlı əlaqədə təqdim edir və onu böyük türk dil ailəsinin mühüm qollarından biri kimi dəyərləndirir Tofiq Hacıyevin elmi fəaliyyəti yalnız tədqiqatçılıqla məhdudlaşmamış, o eyni zamanda güclü bir elmi məktəbin banisi olmuşdur. Onun rəhbərliyi ilə 6 filologiya üzrə elmlər doktoru və 30-a yaxın fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir. AMEA-nın müxbir üzvü Nizami Cəfərov, professorlar Elbruz Əzizov, Sərxan Abdullayev, Ramiz Əskər, Eldar Piriyev, Sərdar Zeynalov, Rasim Özyürək bu məktəbin tanınmış nümayəndələri sırasındadır. Akademikin yetirmələri arasında Türkiyə, İran və Türkmənistandan olan tədqiqatçılar da var - bu isə onun elmi təsirinin Azərbaycan hüdudlarını aşdığının bariz göstəricisidir Tofiq Hacıyevin türk dünyası ilə bağlı məqalələri məzmun və istiqamət baxımından müxtəlif sahələri əhatə edir. Bu yazıları şərti olaraq aşağıdakı qruplara ayırmaq olar: a) Türk dillərinin tarixi və struktur problemlərinə həsr olunmuş tədqiqatlar: “О происхождении герминат в тюркских языках”, “Восстановление древних элементов в тюркских языках”, “Orxon-Yenisey kitabələri: janr xüsusiyyətləri”, “Orxon dastanlarının şeir sənətkarlığı”, “Kül tigin ve Bilge kağan destanlarının şiiri üzerine”, “Türkün dili tək sevgili, ehsaslı dil olmaz”, “Türk dilində sözün morfoloji inkişafı”, “Türk dillərinin leksik-morfoloji inkişafı”, “-dürür, -türür şəkilçisinin mənşəyinə dair”, “Türkcələrin tarixində mətn dilinin bütövlüyü”, “Qədim yazılı abidələrdə bədiiliklə tarixiliyin vəhdəti”, “Türk dillərində qədim morfemlərin bərpası”, “Türk dilinde kelimenin içeriği ile seslenmesindeki birlik” və s b) Türkoloji fikir tarixi və qurultaylarla bağlı məqalələr: “Türk dünyasının böyük oğlu Əli bəy Hüseynzadə”, “Biz Mirzə Kazım bəyi yaxşı tanıyırıqmı?”, “Bir türkoloji mərkəz gərəkdir”, “I Türkoloji Qurultay: gündəliyi və problemlərinin taleyi”, “Bakı 1926 və 1996-cı illərdə türkologiyanın diqqət mərkəzində”, “I Türkoloji Qurultayda ədəbi dil məsələsi” və s c) Müasir türk dünyasında dil, mədəniyyət və kimlik problemlərinə dair yazılar: “Yunus Əmrə və türkcəmiz”, “Yunus Əmrənin şeir texnikası”, “Azərbaycanda qaqauz dili tədqiq olunur”, “Axısqa türklərinin dili öyrənilir”, “Buntürklər kimdir?”, “Bugünkü türk əlifbaları”, “Bugünkü türk kitabları”, “Dilimizin tarixi: onu yaxşı bilirikmi?”, “Türk dilli xalqlar, yoxsa türk xalqları”, “Türkçülüyümüzün və ədəbiyyatımızın vəziyyəti”, “Türkiyə türkcəsi hara gedir?”, “Ortaq türkcə deyilən ədəbi dil mövzusunda” və s Bu məqalələrdə türk dünyası vahid ideoloji konstruksiya kimi deyil, tarixi reallıqlara söykənən, dil və mədəniyyət birliyi üzərində formalaşan canlı elmi-mədəni məkan kimi təqdim olunur. Diqqətəlayiqdir ki, alimin türkologiya mövzusunda ilk yazısı - “İstedadlı türkoloq” - sovet ideologiyasının türkçülüyü “pantürkizm” adı ilə damğaladığı bir dövrdə, “Azərbaycan gəncləri” qəzetinin 1970-ci il 12 fevral nömrəsində dərc edilmişdir. Bu da Tofiq Hacıyevin elmi cəsarətinin və mövqeyinin sabitliyinin erkən göstəricisidir Türk mədəni irsinin Azərbaycana qazandırılması Akademik Tofiq Hacıyevin nəzəri baxışları heç vaxt kabinetdə qalmamış, həmişə praktik fəaliyyətlə birgə addımlamışdır. Bu fəaliyyətin ən mühüm qollarından birini türk dünyasına aid elmi və bədii mənbələrin Azərbaycan dilinə qazandırılması təşkil edir. Alim bu işi türk xalqları arasında mənəvi körpünün qurulması missiyası kimi dərk edirdi Maraqlıdır ki, Tofiq Hacıyevin tərcümə fəaliyyəti hələ tələbəlik illərindən başlamışdır. 1959-cu ildə Azərbaycan Dövlət Universiteti nəşriyyatında çap olunan “Roma ədəbiyyatı müntəxəbatı” antologiyasının geniş bir bölməsinin tərcüməsi məhz ona tapşırılmışdı - bu, gənc bir tələbə üçün böyük etimad əlaməti idi. Sonrakı illərdə isə bu fəaliyyət türk dünyasına yönəldi Murad Adcının “Qıpçaq çölünün yovşanı” (1997) və “Dünya və türk: munis tariximiz” (2006) əsərlərinin, B.Serebrennikov və N.Hacıyevanın “Türk dillərinin müqayisəli tarixi qrammatikası” (2002) kitabının Azərbaycan dilinə tərcüməsi, “Şan qız” (2005) dastanının, İbn Mühənna lüğətinin (2008) Azərbaycan dilində nəşri - bütün bunlar alimin türk ortaq elmi-mədəni irsini geniş oxucu kütləsinə çatdırmaq istəyinin nəticələridir Diqqətəlayiq bir məqam da ondan ibarətdir ki, Tofiq Hacıyev həm rus, həm türk, həm də Azərbaycan dilində əsərlər yazmış, beynəlxalq simpozium və konfranslarda çıxışlar etmişdir. Türkiyəli alimlər, qazax, özbək, türkmən və qırğız türkoloqlarla qurduğu sıx elmi əlaqələr onun türk dünyasına yalnız Azərbaycan mövqeyindən deyil, bütöv bir mədəni məkan perspektivindən baxdığını göstərir Beləliklə, Tofiq Hacıyev üçün elmi fəaliyyət ilə mədəni missiya bir-birindən ayrılmaz idi. O, qələmi ilə türk dilini tədqiq etdiyi qədər, əməli işi ilə də türk xalqları arasındakı mənəvi məsafəni azaltmağa çalışırdı Türklər üçün ortaq ünsiyyət dili məsələsi Tofiq Hacıyevin elmi baxışlarında ortaq türk dili məsələsi xüsusi yer tutur. O, bu problemi süni şəkildə yaradılacaq vahid ədəbi dil modeli kimi deyil, mərhələli, real və təbii ünsiyyət ehtiyaclarından doğan proses kimi dərk edirdi. Alimin bu ideyası yalnız nəzəri mülahizə kimi qalmırdı - o, real ünsiyyət prinsiplərinə əsaslanan işlək bir model kimi formalaşırdı. Vacib bir məqamı da vurğulamaq lazımdır: bu ideya Tofiq Hacıyev üçün gec yaşlarda formalaşmış bir düşüncə deyildi. Sovet dövrünün ideoloji məhdudiyyətləri içərisində belə alim türk dillərinin yaxınlığını və ortaq ünsiyyət potensialını tədqiqatlarında ardıcıl olaraq önə çəkmiş, bu mövzuya onilliklər boyu sadiq qalmışdır Bunu alimin öz praktikasında da görmək mümkün idi. O, məqalələrinin türk dilinə tərcüməsini bu yazının müəllifinə və nəvəsi, türkoloq Turan xanıma tapşırarkən həmişə vurğulayırdı ki, tərcümə klassik mənada Türkiyə türkcəsinə uyğunlaşdırılmamalıdır. Əksinə, Azərbaycan dili ilə Türkiyə türkcəsi arasında, hər iki tərəf üçün anlaşıqlı, hər dilin öz xüsusiyyətlərini qoruyan ortaq bir dil modeli əsasında aparılmalıdır. O, tez-tez nümunələr gətirərdi: “Ana sözünü türklər başa düşür? Bəli, o zaman anne eləmə, qoy ana qalsın”. Bu kiçik, lakin tutarlı nümunə onun ortaq dil anlayışının mahiyyətini açıq şəkildə ortaya qoyur: zorla tətbiq yox, qarşılıqlı anlaşma əsasında təbii yaxınlaşma Akademikin ortaq türk dili məsələsinə dair baxışları 2013-cü ildə nəşr etdirdiyi Türklər üçün ortaq ünsiyyət dili (2013) adlı kitabında sistemli və konseptual şəkildə ifadə olunmuşdur. Bu əsərdə alim ortaq ünsiyyət dili problemini yalnız dilçilik məsələsi kimi deyil, eyni zamanda türk dünyasının elmi, mədəni və mənəvi inteqrasiyası baxımından mühüm strateji məsələ kimi dəyərləndirir. Kitabda o, Altaydan Dunaya qədər uzanan geniş coğrafiyada yaşayan türk xalqlarının tarixən ortaq ünsiyyət vasitəsinə malik olduğunu, bu ənənənin müasir şəraitdə də bərpasının mümkün olduğunu elmi dəlillərlə əsaslandırır Ümumiləşdirsək, akademikin ortaq türk dili modeli idealist şüar deyil, çoxşaxəli və praktik strategiyadır. Bu strategiya texniki (əlifba, imla), təşkilati (terminoloji komissiya), təhsil (ortaq dilin öyrədilməsi), media (paralel istifadə) və sosial-iqtisadi (turizm, əmək bazarı) komponentlərin birgə fəaliyyətini tələb edir. Bununla belə, modelin zəif tərəfi də var: müxtəlif dövlətlərin siyasi maraqları, milli dil siyasətləri və identiklik məsələləri bu prosesin sürətini ciddi şəkildə məhdudlaşdıra bilər. Yəni ideya elmi baxımdan əsaslandırılmış olsa da, onun tam reallaşması yalnız dilçilərdən deyil, daha geniş geosiyasi razılaşmalardan asılıdır Alimin təklifləri isə siyasi çağırışdan çox dilçilik prinsiplərinə söykənir - bu da onları digər “türk birliyi” diskurslarından fərqləndirən əsas cəhətdir. Alim məcburiyyət yox, qarşılıqlı fayda, süni vahidləşmə yox, təbii yaxınlaşma prinsipini əsas götürmüşdür Akademik Tofiq Hacıyev türk dünyasının müxtəlif bölgələrində keçirilən beynəlxalq konfrans, simpozium və konqreslərdə fəal iştirak etmiş, çıxışları və elmi mövqeyi türk dünyası alimləri tərəfindən daim diqqətlə qarşılanmışdır. O, Ankara, İstanbul, İzmir, Almatı, Daşkənd, Səmərqənd, Aşqabad, Bişkek və digər türk dünyası mərkəzlərində keçirilən elmi tədbirlərdə Azərbaycan türkologiyasını layiqincə təmsil etmiş, türk dillərinin ortaq problemləri ilə bağlı məruzələri geniş elmi rezonans doğurmuşdur. Eyni zamanda o, Türkiyənin aparıcı universitetlərində mühazirələr oxumuş, türk dilçiliyi sahəsindəki birgə tədqiqat layihələrinin iştirakçısı olmuşdur Onun türk dünyası qarşısındakı elmi xidmətləri müxtəlif illərdə bir sıra nüfuzlu qurumlar tərəfindən layiqincə dəyərləndirilmişdir: * 1995-ci ildə “Atatürk Dil, Tarix və Kültür Qurumu”nun fəxri üzvü seçilmişdir * 1998-ci ildə “Ləyaqət” nişanı ilə təltif olunmuşdur * 2002-ci ildə “Türk Dünyasına Xidmət” medalına layiq görülmüşdür * 2004-cü ildə “Karaman Türk Dili Mükafatı və Atatürk Dil və Tarix Yüksək Qurumu”nun “Üstün Hizmet Beratı” ilə təltif edilmişdir Bu təltiflər akademik Tofiq Hacıyevin yalnız Azərbaycan dilçiliyində deyil, bütövlükdə türk dünyası elmi-mədəni məkanında qazandığı yüksək nüfuzun və etimadın bariz göstəricisidir. Diqqətəlayiqdir ki, bu mükafatların böyük hissəsi Türkiyə qurumları tərəfindən verilmişdir - bu isə alimin Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafındakı rolunun xüsusi olaraq qiymətləndirilməsini əks etdirir Tofiq Hacıyev üçün türk dünyası yalnız elmi tədqiqat obyekti deyil, həm də mənəvi birlik ideyasının ifadəsi idi. O, türk xalqlarının ortaq dil və mədəni köklər üzərində birləşməsini romantik arzu kimi deyil, elmi əsaslarla möhkəmləndirilməli real inkişaf yolu kimi görürdü. Alimin irəli sürdüyü ideyalar - xüsusilə ortaq türk dili və ümumtürk elmi əməkdaşlığı ilə bağlı baxışlar - bu gün türk dünyasında aparılan inteqrasiya prosesləri fonunda xüsusi əhəmiyyət kəsb edir Akademik Tofiq Hacıyevin zəngin elmi irsi, pedaqoji fəaliyyəti və türk dünyasının dil-mədəni birliyinə yönəlmiş ideyaları gələcək nəsil tədqiqatçılar üçün etibarlı elmi yol göstəricisi kimi yaşayır və yaşayacaqdır. Onun yaratdığı elmi məktəb, formalaşdırdığı ümumtürk düşüncə tərzi və yetişdirdiyi tələbələr türk dünyasının elmi yaddaşında qalmaqdadır. Zaman keçdikcə adlar unudula, səs-küylü sözlər səngiyə bilər, lakin elmi məsuliyyətlə deyilmiş fikir, xalqın taleyini düşünərək yazılmış söz unudulmur. Akademik Tofiq Hacıyev də məhz belə alimlərdəndir - türk dilinə, türk dünyasına və bu böyük mədəniyyətin gələcəyinə sədaqətlə xidmət etmiş, ardınca isə elmi vicdanla qurulmuş möhkəm bir yol qoyub getmiş alim Bakı Dövlət Universiteti Türkologiya kafedrasının dosenti

Kaynak: 525.az

Diğer Haberler