“21 May iki mühüm, tarixi məna daşıyır”
21 May, bir tərəfdən, Dialoq və İnkişaf naminə Dünya Mədəni Müxtəliflik Günü kimi qeyd olunur. Digər tərəfdən isə, 21 May bəşər tarixinin ən dəhşətli səhifələrindən biri olan Böyük Çərkəz Qırğını və Sürgününün anıldığı gündür. Ədəbiyyatşünas və redaktor Seyfəddin Hüseynlinin sədr olduğu “Mədəni və E

21 May, bir tərəfdən, Dialoq və İnkişaf naminə Dünya Mədəni Müxtəliflik Günü kimi qeyd olunur. Digər tərəfdən isə, 21 May bəşər tarixinin ən dəhşətli səhifələrindən biri olan Böyük Çərkəz Qırğını və Sürgününün anıldığı gündür. Ədəbiyyatşünas və redaktor Seyfəddin Hüseynlinin sədr olduğu “Mədəni və Etnik Müxtəliflik Mərkəzi” (MEMM) ictimai birliyi bu gün ilə əlaqədar bəyanat yayıb 525.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, iki cəhətdən mühüm və tarixi məna daşıyan 21 May təqvimdəki adi günlərdən biri sayıla bilməz. Çünki bir tərəfdən insanlığın rəngarəngliyini bayram etdiyimiz Dialoq və İnkişaf naminə Dünya Mədəni Müxtəliflik Günü kimi qeyd olunur. Digər tərəfdən isə 21 May tarixin ən dəhşətli səhifələrindən biri olan Böyük Çərkəz Qırğını və Sürgünü ilə qara “əlamətdarlıq” qazanıb MEMM-in bəyanatında qeyd olunur ki, mədəni müxtəliflik sadəcə fərqli dilləri, adət-ənənələri, musiqiləri, rəqsləri və digər mədəniyyət elementlərini ifadə etmir, bu, insanın dünyanı dərketmə modeli ilə də birbaşa bağlı anlayışdır: “Hər bir mədəniyyət bəşəriyyətin ortaq yaddaşındakı bənzərsiz naxışdır. Bu naxışda bir rəngin, bir səsin belə itməsi bütün təsvirin solması demək olardı. İnsanlıq fərqlilikləri ilə gözəldir və bu müxtəlifliyi qorumaq, əslində, insanlığın obraz bütövlüyünü qorumaqdır. İnancın, dilin, adət-ənənənin, mədəniyyətlərin yanaşı, iç-içə mövcud olub sərbəst nəfəs aldığı dünya hər birimizin ortaq arzusuna çevrilməlidir” Bəyanatda bu da vurğulanır ki, eyni təqvim vərəqi bizi 1864-cü ilin 21 mayına – Qafqazın qədim xalqı olan çərkəzlərin doğma yurdlarından qoparıldıqları, Çar Rusiyasının onları kütləvi qətliama və sürgünə məruz qoyduğu o qara günə də aparır: “Çərkəzlər 21 may 1864-cü il tarixi ilə simvolikləşən o qanlı-müsibətli hadisələrin yekununda yalnız evlərindən, yurdlarından, doğmalarından məhrum olmadılar. Onlar Qara dənizin soyuq sularında, yad ellərin aclıq və xəstəlik dolu yollarında bütöv bir nəsli, gələcəyi və ən pisi, tarixlərinin böyük bir hissəsini itirdilər. Bu, sadəcə bir xalqın qırğını, müsibəti sayıla bilməz, çünki bəşəriyyətin ortaq vicdan əzabı, ruh zədəsidir. Bir mədəniyyəti yox etmək cəhdi Dünya Mədəni Müxtəliflik Gününün ehtiva etdiyi hər bir dəyərə vurulan son dərəcə ağır, ağrılı zərbədir Bu iki anlayışın eyni gündə qovuşması hamımıza çox mühüm bir dərsi xatırlatmalıdır: mədəni müxtəlifliyin gözəlliyindən danışarkən, o müxtəlifliyin qorunması üçün nə qurbanlar verildiyini bircə an da unutmaq olmaz! Çərkəz xalqının çəkdiyi acıları anmaq bu gün hələ də öz kimliyini, dilini qorumağa çalışan hər bir qrupa hörmətlə yanaşmağın nə qədər həyati olduğunu göstərir” MEMM-in bəyanatında xüsusi qeyd edilir ki, oxşar müsibətləri zaman-zaman Azərbaycan xalqı da yaşayıb. Ən çox da son iki əsrdən artıq müddətdə cilddən-cildə girən Rusiyanın işğal, zülm və istibdadı altında saysız məşəqqətlər çəkmişik və eyni silsilənin uğursuz davamı olan təzyiqlər, sıxışdırmalar vaxtaşırı təkrarlanır Bütün bunlara görə də 21 May – keçmişin ağrılarını ürəyimizdə hiss edərək indiyə həssas münasibət bəsləmək, gələcəyə ayıq nəzərlərlə baxmaq günüdür: “Mədəni və Etnik Müxtəliflik Mərkəzi” İctimai Birliyi olaraq, 21 Mayın hər iki cəhət üzrə mahiyyət və əhəmiyyətini layiqincə dəyərləndirməyə çalışır, qurbanları ehtiramla anır, itkinləri, didərginləri həsrətlə yad edirik! Fərqliliklərin nifrət mənbəyinə yox, zənginlik qaynağına çevrildiyi, heç bir xalqın öz kökündən qoparılmadığı, zülmə məruz qalmadığı ədalətli və dinc bir dünya arzulayırıq!”


