Tenqri
Ana Sayfa
Dünya

Unudulmamalı unudulmuş - Rafael Hüseynov yazır

Unutmaq da Pərvərdigarın insana bir töhfəsidir ki, soyumazsa, insanın axırına çıxa biləcək duyğu və fikir yüklərini daşımaqdan xilas olsun. Ancaq unudulmamalıları unutmaq da bir ayrı mərəzdir ki, o xəstəliyə düçar olan adam içəridən çürüyür, mənəviyyatca kasıblaşır, bu azara mübtəla olan bütöv bir x

4 gün önce0 görüntüleme525.az
Unudulmamalı unudulmuş - Rafael Hüseynov yazır
Paylaş:

Unutmaq da Pərvərdigarın insana bir töhfəsidir ki, soyumazsa, insanın axırına çıxa biləcək duyğu və fikir yüklərini daşımaqdan xilas olsun. Ancaq unudulmamalıları unutmaq da bir ayrı mərəzdir ki, o xəstəliyə düçar olan adam içəridən çürüyür, mənəviyyatca kasıblaşır, bu azara mübtəla olan bütöv bir xalq da get-gedə heysizləşir, üzsüzləşir, yaddaş pas bağladıqca budaqların köklərlə bağlılığı itir, ardınca da cırlaşma, ruhca yoxsullaşma gəlir XII əsrdə parlaq bir şairimiz olub. Ancaq adını şairlərimiz cərgəsinə qatmırıq, belə bir şəxsiyyətin yazdıqlarından da, taleyindən dəxəbərsizik. Unutmamalı olub yaddan çıxardığımız saysız-hesabsız dəyərlilərdən və dəyərlərdən biridir İnsan tarixin övladıdır. İnsanın taleyi ilə zamanın aqibəti, dövrün qisməti arasında xeyli bənzərliklər var. İnsan ömrünün sevincli-fərəhli, yaxşılı-yamanlı günləri olduğu kimi, tarixin özünün də yüksəlişli, insanların məsud yaşadığı, şəhərlərin, yurdların inkişaf etdiyi dövrü də olur, tənəzzül çağları, eniş əyyamları da Orta çağdan üzü bəri hərdən Azərbaycan tarixinin XI-XII yüzillərini ədəbiyyatımızın, mədəniyyətimizin "qızıl əsrlər"i adlandırıblar və bir çox cəhətdən yanılmayıblar. Əslində, bu əsrlər yalnız Azərbaycanın da deyil, elə Yaxın-Orta Şərqin çox ölkələrinin həyatındakı altun dövr sayıla bilər: hakimiyyətdə böyük Səlcuqlardır - I Sultan Toğrul, Alp Arslan, Məlikşah, Mahmud Börküyarıq, İkinci Məlikşah, Məhəmməd Tapar, Sultan Səncər; bunlar, sadəcə, güclü hökmdarlar, ağıllı siyasətçilər, bəsirətli dövlətçilər deyildilər. Onlar həm də mədəniyyətin, elmin, təhsilin hamisi idilər. Bu hökmdarların taxtda olduğu çağlarda mədəniyyət bütün başqa zamanlardakından daha artıq çiçəklənir. Apardıqları dürüst, müdrik siyasət nəticəsində onillər boyu onlar hakimi olduqları səltənəti, sahibi olduqları yurdları durmadan tərəqqiyə doğru irəlilədirlər. Əlbəttə ki, bu inkişafonların adı ilə bağlı olduğundan tarixdə də elə beləcə - qurucular, yüksəliş təkançıları, sənətin, sözün, elmin havadarları kimi qalırlar Tarix salnamələri böyük Səlcuqların yalnız ayrı-ayrı savaş meydanlarında qazandığı zəfərlərdən bəhs etmir. Salnamələr böyük Səlcuq hökmdarlarının siyasətdə, dövlət işində, döyüş meydanlarında çaldıqları zəfərlərlə bərabər, onların quruculuqda, mədəniyyətin, ədəbiyyatın, sənətin yüksəlişində əldə etdikləri zəfərlərdən də heyranlıqla söz açır. Eyni parlayışlar bizlərdə - Azərbaycan Atabəylərinin dönəmində də davam etməkdədir. Şəmsəddin Eldəniz, Nüsrətəddin Cahan Pəhləvan, Müzəffərəddin Qızıl Arslanda böyük Səlcuq hökmdarları kimi, eyni xətti götürmüşdülər. Onlar da ağıllı dövlətçilər, mahir siyasətçilər, həm də quruculardılar Səlcuqlar dönəmində,Atabəylər dövründə Yaxın-Orta Şərqin, elə o sıradan Azərbaycanın mənzərəsi büsbütün dəyişir. Əvvələn, ayrı-ayrı şəhərlər çox inkişaf edir. İstənilən yurdun da tərəqqisinin ilk və bariz görsənişi şəhərlərdir. Yaxın-Orta Şərqin o çağacan xırda sayılan neçə şəhəri də böyüyərək, rövnəqlənərək mədəniyyət mərkəzlərinə çevrilir. XI-XII yüzillərdə Əbu Bəkr Əcəmi Naxçıvanivə onun sağında-solunda elə özü kimi üstün memarlar yarandısa, onlar ən əvvəl elə həmin nəhəng əsrin övladları və bəhrəsiydilər - Əcəmiləri vaxt yaradırdı. Əbu Bəkrin Naxçıvanda yaratdığı abidələr məsafəcə yaxınımızda - göz önündə idi. Ancaq onun Azərbaycandan kənarda yaratdığı misilsiz memarlıq abidələri də vardı. Onun Azərbaycan sərhədlərindən uzaqlarda davam edən üslubu, onun ülgüləri ilə işləyən ardıcıllarının yaratdığı məktəbi vardı. Fəqət Əcəmi tək də deyildi, həmin parlayan vaxt kəsiyində müsəlman Şərqi boyunca elə bu cür yola çevrilən, məktəbə dönən sıra-sıra ünlü memarlar yetişmişdi. Tərəqqidə həmişə cazibə var - Səlcuqlar dönəmində, Atabəylər çağlarında zəmanənin mühüm elm, maarif mərkəzləri hesab edilən Bağdaddan, Dəməşqdən, Qahirədən, Əndəlüsdən Azərbaycana sıra-sıra böyük alimlər gəlirdi. Azərbaycanda, əlbəttə ki, XI-XII yüzillərə qədər də məşhur təbiblər olmuşdu. Ancaq Səlcuqlar dönəmində, Atabəylər dövründəki güclümüaliclərinşöhrəti elə həddə yetir ki, onların adı elə sağlıqlarında tarixləşir, Vaxt Kitabına "qızıl hərflərlə" həkk olunur: Cəlaləddin Təbib Əli İbn Əhməd, Fəxrəddin Naxçıvani, Əkmələddin Naxçıvani - bunlar Azərbaycanda Səlcuqlar dönəmində, Atabəylər dövründə fəaliyyət göstərmiş böyük həkimlərin yalnız bir neçəsidir. Salnamələr, həm də yalnız Azərbaycanda yazılanlar deyil, Azərbaycandan kənarlarda yaradılanlar da bu həkimlərin adını o çağın Yaxın-Orta Şərqdəki ən misilsiz təbibləri sırasında çəkir. Həm də bunların ətrafında böyük bir dəstə başqa qabil həkimlər fəaliyyətdə idi. Məşhur təbib Əkmələddin Naxçıvaninin şöhrəti haqqında bircə bunu vurğulamaq yetər ki, onun ad-sanı Azərbaycan hüdudlarına sığmamışdı, ayrı-ayrı qaynaqların məlumatınca, o, sıralarında nəhəng kütləni qovuşduran mövləviliyin öndəri Mövlana Cəlaləddin Rumini müalicə edən əsas həkim kimi seçilibmiş Bu dövrdə Yaxın-Orta Şərqdə, o sıradan Azərbaycanda da elmin ucalış əyyamlarıdır. Məlikşahın Nişapurda yaratdığı rəsədxananın təsiri, əlbəttə ki, oçağkı mədəni aləmdə nücum elminin sıçrayışlı inkişafına təsir göstərməyə bilməzdi. Rəsədxana qısa müddətdə Nişapuru nücumun Məkkəsinə çevirmiş, göyşünas araşdırıcılar ora axın-axın üz tutmağa başlamış, orada yığdıqları təcrübələri tezliklə bütün Yaxın-Orta Şərq boyu yaymağa başlamışdılar Həmin dövrdə elmin ayrı-ayrı sahələri - riyaziyyatda, dilçilikdə, musiqişünaslıqda, şeirşünaslıqda eyni qaynar ritmdə inkişaf etməkdədir. Ancaq sözsüz ki, ən böyük tərəqqi şeirdə, ədəbiyyat aləmində müşahidə edilməkdədir. Bir-birinin ardınca müsəlman Şərqinin, o sıradan Azərbaycanın neçə şəhəri həm də ədəbiyyat mərkəzi, şeir paytaxtı kimi məşhurlaşmağa başlayır. Təbriz də, Marağada, Xoyda, Ərdəbildə, bu tərəfdən Gəncədə, Bərdədə, Beyləqanda, Şirvanda və neçə-neçə digər Azərbaycan şəhərləri də oçağkı mədəniyyət fəzasında cazibə nöqtəsinə çevrilməyə başlayır Şərqin bu məmləkətindən o məmləkətinə karvanlar gedirdi. O karvanların daşıdığı yalnız ticarət yükləri deyildi. O karvanlar həm də SÖZ aparırdı. Asta-asta şöhrətlənən şairlərin "Divan"ları, o şairlərin adlarının yanındakı nisbələr - onların hansı məmləkətlərdən, hansı şəhərlərdən çıxdığını göstərən kəlmələr əslində sadəcə təxəllüsün davamı deyildi. Bu nisbələr həm də onların çıxdığı şəhərləri, yurdları,mənsub olduqları xalqları - Marağanı, Ərdəbili, Xoyu, Təbrizi, Gəncəni, Bərdəni, Beyləqanı, Bakını, Şamaxını... - Azərbaycanı məşhurlaşdırırdı VIII, IX, X əsrlərdə də Azərbaycanın görkəmli alimləri vəədibləri yaşayıb-yaradıb, bu qəbil zəka və ilham hünərliləri XIII, XIV, XV, XVI əsrlərdə də az olmayıb. Ancaq XI-XII əsrlərdəki əliqələmli şair və alimlərimizin, sənət adamlarımızın ümumi sayını göz önündə tutaraq digər əsrlərdəkilərlə müqayisə edəndə elə miqdarın özü və məşhur adların çəkisi, siqləti niyə məhz XI-XII əsrlərin "altun əsrlər" adlandırılmasının səbəbini üzə çıxarır Və mətləbin bir diqqətəlayiq çaları da var. Həmin əsrlərdə Azərbaycanda yetişən məşhurların hər biri yalnız özlüyündə böyük yaradıcılar deyillər, onların bir çoxu həm də əngin coğrafiyaya təsir dalğası yayılan örnəyə, məktəbə, dəst-xəttə, cərəyana dönürlər Nizami səfərlər etmədən, səyahətlərə çıxmadan Gəncəsində əyləşmişdi, onun əvəzində əsərləri ən fəal peşəkar səyyahları da heyrətdə qoyacaq sürətlə ölkə-ölkə, şəhər-şəhər, ev-ev yayılırdı Ya Xaqani Şirvanini yalnız Şirvanın, təkcə Azərbaycanın şairi necə hesab edəsən? O da, Nizami kimi,bütün müsəlman Şərqininki idi. Onun da qələmindən çıxanların bir çoxy qəlibə, nəzirə ünvanınaçevrilmişdi. Gündən-günə qıraq ellərin çox söz sahibləri ondan öyrənirdilər, yolunu tutub gedirdilər Beləcə ülgü kimi baxılan, yalnız Azərbaycanınkı olmayan, sözünün dalğası çox uzaq sahillərədək çatan, yaratdıqlarına bənzətmələr yazılanlardan biri də XII əsrin Azərbaycan şairi Tacəddin Əmir Əhməd idi və o vaxt o qədər məşhurkən bu gün bunca unudulmuş olması nə qədər gözlənilməz olsa da, bu paradokslu yaddançıxmanın izahı da var Kəhkəşandakı ulduzların irisi-xırdası olan kimi, şairlərin də parlaqlıq və şöhrət dərəcəsinin bəzən lap kəskinliklə fərqlənənləri də olur. Nizaminin çağdaşı olan və Gəncədə yaşamış şairlərin sayı onlarla yox, yüzlərlə idi. Bəlkə də ayrı zaman qatında o şairlərdən bir çoxu yaşadığı vaxtı doldura, ən mahir söz ustaları kimi şöhrətlənərdi. Lakin Nizami işığı o qədər gur idi ki, hətta parlaq olanların belə əksəri həmin nur selində diqqət hədəfindən böyürdə qalır, nəhəng ulduzun şöhrət selində itib-batırdılar. XX yüzildə aparılan araşdırmaların, aşkarlanan bir sıra əski tarixli əlyazmaların sayəsində təkcə Gəncə mühitində qələm çalmış və arxada qalan 8 əsr ərzində təzkirələrdə belə adına rast gəlmədiyimiz 30-dan artıq alim, şair və nasirimiz əsərləriylə birgə bizə qayıtdı. Gələcəkdə bu sıraya əlavə ediləsi başqalarının da olacağı istisna deyil. Elə təkcə 1345-ci ildə Cəmaləddin Şirvaninin tərtib etdiyi "Nüzhət əl-məcalis" məcmuəsində şeirləri yer alan 20-dən artıq bilinməz gəncəlinin (hələ bu topludakı digər onlarla başqa naməlumları bir qırağa qoyuruq) yadigarlarını oxuduqca şahid olur və əmin kəsilirik ki, onların hər biri yaşamağa layiq, əsərləri gələcək içərisində də insanların ruhunu oxşamağa qadirdir. Sərvətimiz çoxdursa, onun ən qiymətlilərindən yapışıb, o ən qiymətlilərin yanında nisbətən solğun görünənləri bir kənara atmaq heç də düz olmaz. Almazın almaz yeri var, qızılın qızıl, gümüşün gümüş yeri. Əlimizdə-ovcumuzda nəyimiz varsa, onun qədrini bilməliyik. Ancaq yaxınlaşdıqca, dərin qatlarına endikcə bu yəqinlik də hasil olur ki, gendən bizə xırda ulduzlar kimi görünən bu şairlər də əslində hər biri mahiyyətcə çoxdan kəşf edilməyə haqqı çatan ulduzmuş. Sadəcə, onlara doğru hərəkət etmək, onları görmək, tanımaq üçün can atmaq gərəkdir Tacəddin Əmir Əhməd İbn Xətib XI əsrin sonları - XII əsrdə yaşadı. Haqqında ötəri bilgilərimiz var. Bugün onu Azərbaycanın tanınan şairləri sırasına daxil etmirik. XII yüzil ədəbiyyatımızdan söz açırkən də ona məhəl qoymuruq. Amma rəvadırmı? Tarixin bizə çatdırdığı danılmaz həqiqətlərsə umur ki, Tacəddin Əmir Əhmədi - XII yüzildə yaşamış bu bənzərsiz şairimizi gərək yaxşı tanıyaq və ona doğru irəliləyək Sənai Qəznəvi (1080-1131) Şərqin ən azman şairlərindən biri kimi uca mərtəbədə yer tutmaqdadır. O, sadəcə mahir söz ustası və düşüncə adamı deyil, həm də ardınca gedilən, əsərlərinə cavablar yazılan, dahi sayılanların belə bəhrələndiyi qələm sahiblərindəndir. Əbdülməcid ibn Adəm Sənai Qəznəvidən insanlığa çox əsərlər yadigar qalıb - mükəmməl "Divan"ı da var, məsnəviləri də. Ancaq onun "Hədiqətül-həqaiq" əsəri daha məşhur olub və elə şöhrətlənib ki, təsəvvüfə üz tutan şairlərin əksəri az qala dərslik, müntəxəbat kimi bu məsnəvidən yan keçə bilməyiblər. Sənai dünyadan köçəndə bu ayrılığa kədərlənən, ədəbiyyatın daha bir parlaq ulduzunun sönməsinə qəmlənən xeyli şair mərsiyələr yazdı. Sənainin əbədi gedişinə heyifsilənənlərdən biri də ulu Cəlaləddin Rumi idi. Mövlana cavabı içində olan sual verirdi: "Kim deyir Sənaiöldü?" Yəni Sənai nəhənglikdəki şair ölə bilməz, beləirs yaratmış, düşüncələrə bunca təsir etmiş, ardınca neçə-neçə şairlər qafiləsini aparmış bu möhtəşəmlikdəki ustad yoxluğa qovuşmaz, izi ilə ömrünü davam etdirər. Sənainin yaşayıb-yaratdığı XII əsrdə də, onun həyatda olmadığı XIII, XIV, XV, XVI, XVII yüzillərdə də "Hədiqətül-həqaiq"inə də, ayrı-ayrı şeirlərinə də çox nəzirələr yazılıb. Cavablar yazanlar, təbii ki, onu özlərindən üstün, müəllim sayaraq böyüklüyünü etiraf edib. Bütün müsəlman Şərqi də, Azərbaycan da bu gün ən azı adı çəkilincə Sənaini tanıyır. Ancaq nə Şərq, nə də Azərbaycan Sənainin özünün ustad kimi qəbul etdiyi, şeirinə nəzirə yazdığı azərbaycanlı şair Tacəddin Əmir Əhmədi tanıyır. Əlbəttə, Şərq tanımırsa, bunun da günahkarı bizik. Gərək əvvəlcə özümüz lazımınca tanıyaq və dünyaya da yetərincə təqdim edək ki, başqaları da bilsin. Sənainin "Divan"ındakı qəzəllərdən biri nəzirədir və nəzirəni kimə yazdığını, həmin şairin hansı şeirindən ilhamlandığını o qəzəlin məqtəsində-son beytində göstərməkdədir. Sənainin "Divan"ındakı o məşhur şeir belə başlanır: Rah-e din peydast, leykən sadeğ-e dindar ku Yek cəhan məşuq binəm, aşeq-e ğəmxar ku? Din yolu aydın, fəqət sadiq olan dindar hanı Bu cahan məşuq dolu, bəs aşiq-i qəmxar hanı? Və Sənai gəlib qəzəlinin son beytinə çatanda bu şeirinə qığılcımın hansı şairdən saçdığını da bəyan edir: Həm bedin vəzn ey pesər, Pur-e Xətib-e Gənce qoft: "Noubəhar aməd negara, bade-ye qolnar ku?" Bu vəzndə,ay oğul, Pur-i Xətib-i Gəncə der: "İlk bahar gəlmiş, nigarım, bade-yi gülnar hanı?" Başqalarının "ustad" deyib ardınca getdiyi Sənai Qəznəvi Gəncə xətibinin oğlunun - Tacəddin Əmir Əhmədin qəzəlini iqtibas edir, onun ardınca gedir, ona bənzətmə yazır. Orta əsr şeir aləmindəki yazılmamış qaydalar nəzərdə tutulurkən bu, son dərəcə böyük diqqətdir. Nizamiyə cavab yazmaq onu özündən böyük hesab etmək anlamına gəlir. Xaqaniyə nəzirə yazmaq özünü Xaqaninin yanında şagird hesab etmək, yaxud ən azı onun üstünlüyünü, seçkinliyini etiraf etməkdir. Eyni şəkildə Sədiyə, yaxud Hafiz Şiraziyə, ya Nəvaiyə cavab yazmaq qiymətləndirilir. Cavab yazırsansa, ardınca gedirsənsə, demək, onu sən böyük sayırsan, məktəb sayırsan, yol hesab edirsən. Bu dəyərləndirmənin çəkisi qat-qat onda artır ki, etiraf şeir mühitində böyüklüyü təsdiqlənmiş bir qüdrətli sənətkar tərəfindən edilmiş ola. Sənai isə sadəcə sıradan olan, hətta məşhur olan şairlərdən biri deyil, zirvələr arasında da zirvə sayılanlardandır Baxın ki, zirvənin zirvə kimi baxdığı bir azərbaycanlını tanımırıq. İndiyə qədər onun şeirlərinin izinə düşərək axtarışa başlamamışıq. Axtarışa başlanarsa, bunun sevindirən bəhrələrə gətirib çıxaracağına isə şübhə yoxdur Tacəddin Əmir Əhməd XI əsrin axırlarıında doğulub, XII əsrin ikinci yarısında vəfat edib. Yəni təqribən 1080-1090-cı illərlə 1170-ci illər arası ömür sürüb. Hələ ki Tacəddin Əmir Əhmədin ömür yolunun təfərrüatları haqda məlumat ala biləcəyimiz əsas qaynaq Cövhəri Təbrizinin əsəridir. Cövhəri Təbrizi XII əsrdə yaşayıb və "Zərgər" təxəllüsü ilə şeirlər də yazıb. Onun "Məhsəti və Əmir Əhməd haqqında dastan"ından savayı, ayrı-ayrı qoşquları da bizə çatıb. "Məhsəti və Əmir Əhməd dastanı"nın əldə olan əlyazma nüsxələri XV əsrdə köçürülmüş nüsxələrdir. Tehranda, Bakıda və Londondakı əlyazma xəzinələrində qorunan 3 nisbətən bütöv mətnlərin tutuşdurması göstərir ki, onların hər biri tamam fərqli nüsxələrdən köçürülmüşdür. Deməli, "Dastan"ın başqa nüsxələri də olub və başlıca qənaət də ondan ibarətdir ki, bunlardan da mükəmməl, həm də tarixcə daha köhnə əlyazmaların əldə edilə biləcəyi istisna deyil. Bəlli 3 nüsxə arasındakı ən yaxşısı Britaniya muzeyində saxlanan əlyazmadır. Həmin nüsxənin digər özəlliyi də bundan ibarətdir ki, "Dastan"ın digər əlyazmalarından fərqli olaraq, həm də miniatürlərlə bəzədilib Cövhəri belə yazır ki, Tacəddin Əmir Əhməd Gəncənin hörmətli ailələrindən birinin övladı idi və yolu çox gözlənilən uşaq olmuşdu. Əmir Əhmədin atası Gəncənin nüfuzlu şəxslərindən biri - Gəncənin xətibiymiş. Xətib orta əsrlərdə sadəcə minbərdən xütbələr oxuyan imam və din alimi deyildi, həm də cəmiyyətdə nüfuzu, eləcə də səlahiyyətləri çox olan şəxs, hakimiyyətlə əhali arasında körpü olan sima idi. Gəncə xətibi dünyaya yeni gəlmiş övladını kənar gözlərdən, bəd nəfslərdən qorumağa çalışır. Şəhərdən aralıda ayrıca bir həyət alıbmış, uşaq orada böyüyürmüş. Gəncə xətibi balasının mükəmməl təhsil alması üçün heç nəyi əsirgəmirmiş. Başqa yaşıdlarından fərqli olaraq, Əmir Əhmədin mədrəsəsi də evinin içərisində imiş, dərs verəcək müəllimlər də özləri bura dəvət olunurmuş. Dastan bunu da xəbər verir ki, Gəncə xətibi o dövrün mədrəsələrində öyrədilən və hətta bilinməsi faydalı olsa da, əksər mədrəsələrdə tədris edilməyən fənləri də oğlunun bilməsinin qeydinə qalmışdı. Odur ki, həddi-büluğa çatanda Əmir Əhməd artıq elmlərə mükəmməl yiyələnmiş bir yeniyetmə idi və həm də şairlik qabiliyyəti varmış. Günlərin birində gənc Əmir Əhməd atasına müraciət edir və şəhərə çıxmaq, Gəncəni görmək istədiyini söyləyir. Xeyli tərəddüddən sonra hər halda Gəncə xətibi oğluna bu izni verir. Anlayır ki, artıq balası yekə oğlandır, oxumuş, dünyagörüşlü gəncdir və gərək elmlə yanaşı helmi də ola, həyatı da öyrənə. Bu üzdən xətib müşayiətçi dəstəni də qoşaraq, Əmir Əhmədi şəhər gəzintisinə yollayır. Gəncə o dövrdə karvan yollarının qovuşağında yerləşən digər böyük Şərq şəhərləri kimi müxtəlif məhəllələrdən ibarətmiş və həmin məhəllələrin də çoxu əsnafa - sənət-peşə sahiblərinə bağlıymış. Əmir Əhmədbaşının dəstəsi ilə həmin məhəllələr arasında gəzib-dolaşandan sonra nəhayətdə gəlib xalq arasında "Xərabat" deyilən məhəllənin həndəvərinə çatır. Buranın yetərincə abad olduğu halda belə adlandırılması onu təəccübləndirir və belə təzadlı adlanmanın səbəbini soruşur. İzah edirlər ki, buranın adı "xarabalıq", "viran olmuş yer" mənasında qavranılmamalıdır. Deyirlər ki, bura, əksinə, gözəl bir məkandır, rindlərin məskənidir. Lakin müşayiətçiləri Əmir Əhmədin ora getməsini məsləhət görmürlər və söyləyirlər ki, atan bizə qeyzlənər, axı sən Gəncə xətibinin oğlusan, xətib övladının rindlər məhəlləsində nə işi? Əmir Əhməd inad edir, mütləq oranı görüb tanış olmaq istədiyini söyləyir. Xərabat məhəlləsində irəlilədikcə, buradakı insanlarla tanış olduqca Tacəddin Əmir Əhməd məmnun qalır, çünki onun qarşısında yeni bir həyat səhifəsi açılmışdı. İllərcə kitablarla baş-başa qalmışdı, qarşı-qarşıya dayandıqları da yalnız müəllimləri olmuşdu. İndi isə burada həyatla üzbəüz idi. Hər cür rəsmiyyətdən, təkəbbürdən uzaq, saya danışıqlarıyla, oturuş-duruşlarıyla, sadə davranışlarıyla bu əsnaf elçiləri Əmir Əhmədi valeh edir və heyranlığının bir səbəbi də bu ilk təmaslar əsnasında əsnafdan eşitdiyi, ənənəvi divan ədəbiyyatı nümunələrinə əsla bənzəməyən, elə həmin adamların özləri, davaranışları, danışıqları kimi sadə şeirlər idi. Ancaq rindlər məhəlləsinə - Xərabata gəlişinin Əmir Əhmədə hazırladığı bir ayrı tale töhfəsi də vardı - burada o, həyatının sonrakı illərini dolduracaq və ömrünün mənasına çevriləcək bir xanımla, hər kəsin Məhsəti Gəncəvi kimi tanıdığı Mənicə ilə tanış olur Yeri gəlmişkən, orta əsrlər Gəncəsində belə bir məhəllənin olmasınıvə onun dəqiq məkanını 1930-cu illərin sonlarında apardıqları tədqiqatlar zamanı Azərbaycanın görkəmli arxeoloq və tarixçiləri təsdiqləmiş, "Xərabat"ın Gəncə şəhərinin tarixi əhatə dairəsində, xalq arasında hətta XX əsrin ilk onillərində də "Xaraba yeri" adlanan məskən olduğunu yazmışlar "Məhsəti və Əmir Əhməd dastanı"nda Xətiboğlunun müxtəlif məqamlarda silsilə şeirləşmələrinə rast gəlinir. Lakin həmin rübailərə keçməzdən öncə başqa məxəzlərdə əks olunmuş Əmir Əhməd şeirlərindən bəhs etmək daha düz olar. Çünki digər mənbələrdəki nümunələr Əmir Əhmədin şairlik şöhrətinin yayılışına aid əlavə sübutlar olmaqdan başqa, həm də o baxımdan cəlbedicidir ki, Xətiboğlunun, Məhsətidən fərqli olaraq, yalnız rübailərlə kifayətlənməyərək digər şeir şəkillərinə də həvəslə müraciət etməsini göstərir Bu şeir Tacəddin Əmir Əhmədin bütöv "Divan"ına bir körpü də sayıla bilər. Çünki onun rübailərindən kənardakı ədəbi irsindən əlimizdə olan yeganə nümunə Sənainin iqtibas etdiyi bircə misrasıdır. Ancaq ayrı-ayrı cünglərdə yer alan bu şeir artıq tam bir qəzəldir. Əmin Əhməd Razinin "Həft iqlim" təzkirəsindən (müəllifin öz yazmasınca, bu əsərini 1593-cü ildə tamamlayıb) götürdüyümüz bu şeiri oxuduqca hər misrası və beytindən Sənainin bənzətmə yazdığı digər Tacəddin Əmir Əhməd qəzəlinin havası duyulur: Pay-e hər naəhl navizəd be rənc-e dam-e eşq Dəst-e bidərdan o namərdan nəgirəd cam-e eşq Çeşm-e biqane nəgirəd xak-e kuy-e məhvəşan Quş-e naməhrəm nəyabəd ləzzət-e peyğam-e eşq Hər kəsi lafi zənəd bər xire quyəd aşeqəm Mən bemordəm zin təğabon ey dəriğa nam-e eşq Bade xordən xub nayəd coz ze cam-e dorr-e dust Hərze qoftən sərd başəd coz ke dər doşnam-e eşq Olmayan hal əhli tab etməz məhəbbət damına Dərdiyox, namərd olan həsrətdir eşqin camına Yad gözə qonmaz pərivəş kuyinin bir zərrəsi Kar olan ləzzətlə dalmaz sevginin peyğamına Hər yetən əfsanələr söylər ki, mən də aşiqəm Qəlb üzən bu yapma sözlər ardır eşqin namına Badə içmək düz sayılmaz eşq camından səva Hərzə sözlər heç yapışmaz sevginin bədnamına Tacəddin Əmir Əhmədin bu misraları onun təbinin rəvanlığını, qələminin bişkinliyini, üslubunun sərrastlığını açıqcaəyan etməkdədir Bu qəzəl varsa, demək, bunun yanında Xətiboğlunun başqa şeirləri də olub. Uzun onillər boyu biz XIII əsrdə qələm çalmış şairimiz İzzəddin Həsənoğlunu bircə qəzəli ilə tanıyırdıq. Elə təkcə şeiri ilə ədəbiyyat tariximizə də, dərsliklərimizə də düşmüşdü, anadilli şeirimizin ən köhnə örnəklərindən birinin doğurucusu kimi ədəbiyyatımızın ən sayğı ilə anılan şairləri ucalığına qalxmışdı. Hazırda isə Həsənoğlunun daha 2 qəzəlindən başqa yeni tapılmış 12.390 beytlik "Kitab-i sirət ün-Nəbi" məsnəvisinə də sahibik və bu gün ixtiyarımızda 30-a yaxın rübaisi və 1 qəzəli olan Tacəddin Əmir Əhmədin də irsinin daha dolğun mətnlərinin aşkara çıxarılacağı ehtimalı böyükdür. Xətiboğlunun yazı tərzi, qələminin mükəmməlliyi haqqında xoş qənaətlər oyadan bir neçə nümunənin və qəzəllərindən birinə Sənai kimi ali dərəcəli ustadın nəzirə yazmasının anlatdığı ümdə həqiqətsə ondan ibarətdir ki, o, zəmanəsinin üstün şairləri cərgəsində olubdur Əmir Əhmədin də, Nizami Gəncəvinin də müasiri olmuş,XII əsr Gəncəsində yaşamış Xosrov Əbu Bəkir ibn əl-Ustadı kiXX yüzilin yetmişinci illərinə qədər heç Tacəddin Əmir Əhməd qədər də tanımırdıq. Ancaq "Munisnamə"si tapıldı və həmin əsərinə müəllifin özünün müqəddiməsindəki xəbər çatdırmasından bəlli oldu ki, bir yığın başqa əsəri də araya-ərsəyə gətirib, bir-bir adlarını da çəkir, məzmunu haqqında da bilgi verir. Ümiddir ki, onlar da elə "Munisnamə" kimi, bir gün xoşbəxt təsadüflə ortaya çıxa. Eyni qüvvətli ümid də Tacəddin Əmir Əhmədinitkin şeirlərinin tapılması, "Divan"ının üzə çıxması ilə əlaqədardır Tacəddin Əmir Əhmədin, elə Məhsəti Gəncəvinin, həmçinin,o çağda Gəncədə yaşayıb-yaratmış bir çox başqa şairlərin də əlyazmalarının bugün ortada olmamasının mühüm tarixi səbəbi var. Bu da Gəncənin aqibətindən qaynaqlanır. Dalbadal baş verən və sözün ən birbaşa mənasında yerin altını üstünə çevirən zəlzələlər saysız evləri, imarətləri, mülkləri viran qoyub, saraylar, qala divarlarıdağılıb. Təzədən şəhər salınıb, yenidən quruculuq başlanıb, ancaq sonra yadellilərin basqınları və talanları, törətdikləri yanğınlar, ardınca yenə daha bir viranedici zəlzələ vadar edib ki, insanlar hər şeyi uçqunlar altında buraxaraq daha aralıda yeni Gəncə tiksinlər. Həmin tar-mar olan sarayların xəzinələrində, o dağılan evlərdəki taxçalarda, sandıqlarda sıra-sıra əlyazmalar torpağın altına gömülüb. Olsun ki, bu qayıdışsız məhvolanlararasında Tacəddin Əmir Əhmədin "Divan"ı da varmış. Amma bunu da nəzərə alaraq ki, Tacəddin Əmir Əhməd cavan müasiri Nizamidən fərqli olaraq, dəfələrlə uzunmüddətli səfərlərə çıxıb və mümkündür ki, əsərlərinin əlyazmalarını qonağı olduğu Bəlxəmi, Mərvəmi, Nişapuramı, ya digər şəhərlərə aparıb. Başqa sözlə, Xətiboğlu irsinin yeni nümunələrinin aşkarlana biləcəyi haqda düşüncələr əlçatmaz arzu deyil, danılmaz məntiqi dəlillərə söykənən mümkünlükdür Tacəddin Əmir Əhmədin bizə gəlib çatan şeirlərində də, "Məhsəti və Əmir Əhməddastanı"nda da, ümumən, orta çağda yaşayıb-yaratmış çox şairlərimizin "Divan"larını vərəqləyərkən də tez-tez mey, cam, badə kimi kəlmələrə rast gəlirik. Ömər Xəyyam rübailərində də əvvəldən-sonacan rübaidən-rübaiyə keçən mey əsas surətlərdən biridir. Ona görə hətta bəzilərində belə bir güman da əmələ gəlib ki, Xəyyam meyə aludə imiş. Ancaq Nizami də, Sədidə şeyx idilər, Hafiz də, Füzuli də ömründə dilinə şərab dəyməmiş müqəddəs xislətli insanlardılar. Ancaq onların hər biri şeirlərində məstdir. Üzüm şərabının deyil, ilahi meyin məsti Və Məhsətinin də, Tacəddin Əmir Əhmədin də rübailərindəki mey elə həmin meydəndir. Bu baxımdan "Məhsəti və Əmir Əhməd dastanı"ndakı iki nöqtəyə xüsusi diqqət yetirməyin yeri var. Rindlər məhəlləsinə gəlib çatanacan Tacəddin Əmir Əhməd artıq bir dəfə şərab içmişdi. Ancaq həmin şərab dasadə insanların nuş etdiyi şərabdan deyildi. Xətiboğlu o meyi yuxuda içmişdi və "Dastan"ın xəbərinə görə, gecələrdən birində Əmir Əhmədin röyasına nurlu bir surət gəlir və əlindəki camı Tacəddinə uzadaraq "başına çək" deyir. Əmir Əhməd camı içir və ertəsi gün artıq onda fövqəladə şairlik istedadı yaranır. Şərq xalqları ədəbiyyatlarında belə ilhamvermələr haqqında rəvayətlər bollucadır. Xacə Hafiz Şiraziyə də şairlik istedadının verilməsi ilə bağlı oxşar əhvalat təsdiqlənərək dildən-dilə dolaşmaqdadır "Məhsətivə Əmir Əhməd dastanı" nağıl edir ki, artıq yuxuda ilham badəsini içmiş olan Tacəddin Əmir Əhməd rindlər məhəlləsində Məhsəti ilə üzləşir, vəhdət şərabını da nuş etmək zəruriyyəti ilə qarşılaşır Bu, onların ilk görüşü idi, tuş gəlincə də bir-birlərinə aşiq olmuşdular, fəqət bu aşiqliyin səmavi meylə də təsdiqlənib mötəbərləşməsi gərəkdi Məhsəti Tacəddini Xərabatda görəndə əvvəlcə gözlərinə inanmamışdı, qayıtmışdı ki, sən xətibin oğlusan, bura isə rindlər məskənidir. Sənin atan zahiddir, şəraba düşmən olan insandır.Rindlər məhəlləsi isə elə yerdir ki, burada badə əldən düşməz, bu məkana gələn hər kəs rindlər yolunu tutmağa hazır olmalıdır, bu imtahana hazırsanmı? Artıq içərisi eşqlə dolmuş Əmir Əhməd cavab verir ki, hazıram, çünki mənim artıq başqa yolum ola bilməz. Belə olanda Məhsəti gələcək ərini sınamağı qət edir. Meydolu camı Əmir Əhmədə uzadır və Əmir Əməd də vədinə dərhal əməl edir Xərabat öz yerində, amma əslində Tacəddin Əmir Əhmədin də,Məhsəti Gəncəvinin də ömründə elə gerçəkdə də şəhər içində belə bir şəhər vardı - Gəncəbazarı. Oradakı əsnaf sırası şəhərin balaca bir görüntüsü idi. Çünki bu sənət-peşə sahiblərinin özlərinin bir-birinin boğazından keçən sözləri, bir-birinə uyğun gələn ruhları, öz həyat tərzləri vardı. Xərabatsa orada sakin olanların hamısının ürəklərinin eyni ahəngdə çırpındığı, xəyallardakı "azadlar", "bərabərlər şəhəri"nin daha bir cazibədar görüntüsü sayılan məkan idi Orta əsrlərdə şeir aləmində qərar tutmağın, irəliləməyin əsas şərtlərindən biri klassik ədəbiyyata - səndən əvvəl yaradılmış irsə dərindən bələdlikdi. Şair olub şairlər cərgəsinə qoşulmaq istəyəndə ilhamın varlığı Tanrıdan gələn pay idisə, onun şeir yazma vərdişlərinə yiyələnməsi, bəyan, bədi`, məani, əruz, qafiyəni səriştəylə mənimsəməsi yaxşı tədrisin tərkib hissəsi idi. Amma bu da bəs eləmirdi. Belə sərt tələb də qoyulurdu ki, köhnə şairlərdən 20 min, müasirlərdən 10 min seçmə beyti əzbərləməlisən. Bütün bunlardan sonra sabahın şairi həm içəridən zənginləşirdi, həm də artıq onacan edilmişləri ayrıntıları ilə bildiyindən məsuliyyəti çoxalırdı Tacəddin Əmir Əhmədin zamanca yaxın olduğu, XI yüzilin ikinci yarısında ömür möhləti bitmiş filosof-şair Baba Tahir Üryanın dübeytiləri, belə məlum olur ki, XII əsrdə artıq kifayət qədər məşhur imiş. Bunun ən üzdə olan nişanələrindən biri Əmir Əhmədin bir neçə Baba Tahir dübeytisinə yazdığı bənzətmələrdir Baba Tahirin əsrlərcə dildə-ağızda dolaşmış, elə bu gün də həmin təhər olan "Ey del, ey del!"("Ey ürək, eyürək") rədifli dübeytiləri var: Məgər şir o pələngi, ey del, ey del Be mo daem becəngi ey del, ey del Əgər dəstəm rəsəd, xunət bericəm Bevinəm ta çe rəngi, ey del, ey del! Şirmi, ya pələngsən, ürək, ay ürək! Döyüşlərdən təngsən, ürək, ay ürək! Əllərim çatsaydı, qanın tökərdim Görüm ta nə rəngsən, ürək, ay ürək! Tacəddin Əmir Əhməd Baba Tahirin bu "Eydel"li dübeytisi ilə səsləşən bir yox, bir neçə rübai qoşmuşdu: Pa əz həd-e xod borun nəhadi, ey del! Dər dam-e ğəm-e eşq fetadi, ey del! Qeyfəl ze çeşm mən qoşadi, ey del! Xodra vo məra be bad dadi, ey del! Ey ürək, həddini heç bilmədin sən Sevgi qəmlərinin tələsindəsən Ey ürək, gözümdən pərdəni çəkdin Əsirik o gündən həm sən, həm də mən Ya Baba Tahirin gözlər və ürək haqqında silsilə dübeytləri var ki, İran ərazisində məskunlaşmış türk, fars, kürd və digər xalqların el ədəbiyyatından ötrü çoxdan ülgüyə çevrilmiş, həmin dübeytilərin nəğmə kimi oxunmasından əlavə onlara sayı bilinməyəcək qədər çoxlu bənzətmələr yaradılmışdır Bunun yalnız sonrakı əsrlərdə ənənəviləşməməsinin, elə Baba Tahirə yaxın zamanda da baş verməsinin göstəricisi Tacəddin Əmir Əhmədin həmin biçimli rübailəridir. Baba Tahir belə yazmışdı: Xudaya, gözlərim mənə bəladır Gözlər günah edib, qəlb mübtəladır Gözlər görməsəydi o gözəlləri Könül də duymazdı bu nəcəfadır Bu dübeytiyə Tacəddin Əmir Əhməd belə cavab verirdi: Gözlərim, oldunuz siz mənə düşmən Daim sayənizdə atəşdəyəm mən Oğrunca baxırsız sevgilim sarı Siz məmnun, mən isə əziyyət çəkən Belə ortaq dalğada olmaqlar və bu təhər "söz efiri"nə çıxmaqlar, bu sayaq səsləşmələr, həm də yalnız Baba Tahirlə deyil, özündən əvvəl yaşamış bir sıra məşhur şairlərlə həmnəfəs olmaqlıqlar Tacəddin Əmir Əhmədin sabiq yolu yaxşı öyrənməsinin bariz əlamətidir. Keçilmiş yola yaxşı bələd olanlarınsa özlərinin də bir gün yola çevrilmək fürsəti həmişəvar!