Əski Türk qurultaylarını xatırladan bir qurultay - Vilayət Quliyev yazır
Elçin İbrahimin "Birinci Türkoloji qurultay. Ortaq əlifba, imla və ədəbi dil məsələləri" kitabı (Xankəndi, 2026) üzərində düşüncələr İsmayıl Qaspralının "Dildə, fikirdə, əməldə birlik" şüarını ortaya atdığı təxminən son yüz əlli il boyunca bu birliyin yollarını tapmaq, ona yalnız xəyalda deyil, ger

Elçin İbrahimin "Birinci Türkoloji qurultay. Ortaq əlifba, imla və ədəbi dil məsələləri" kitabı (Xankəndi, 2026) üzərində düşüncələr İsmayıl Qaspralının "Dildə, fikirdə, əməldə birlik" şüarını ortaya atdığı təxminən son yüz əlli il boyunca bu birliyin yollarını tapmaq, ona yalnız xəyalda deyil, gerçəkdə qovuşmaq üçün aramsız səylər göstərilib. İlk əməli təşəbbüslər sırasında "müsəlman qurultayları" adlansa da, əslində Cənubi Qafqaz, Volqaboyu və Krım türkləri nümayəndələrinin iştirakı ilə keçirilən və 1926-cı ildə Bakı Birinci Türkoloji qurultayın ilkin modeli adlandıra bilən türkçü toplantılar ortaya çıxdı. Gələcək birliyin təməl prinsiplərini ehtiva edən ümumtürk səciyyəli "İttifaqi-Müslimin" siyasi partiyasının yaranması ilə əhatə və təsir dairəsi daha da genişləndi. Birinci Dövlət dumasında formalaşan "Müsəlman fraksiyası" da həmin təşəbbüslərin məntiqi davamı, fəaliyyətin qanunvericilik və dövlətçilik relsləri üzərinə keçirilməsi istəyinin ifadəsi idi. Çar Rusiyasının süqutu nəticəsində imperiyanın türk-müsəlman xalqları qarşısında açılan azadlıq və sərbəstlik imkanı Ümumrusiya müsəlmanlarının 1917-ci il mayın 1-dən 11-nə qədər Moskva keçirilən geniş forumunda qızğın diskussiyalar fonunda dəyərləndirildi. Həmin dövrdə Bakıda, Moskvada, Kazanda, Ufada və türk əhalinin toplu halda yaşadığı digər yerlərdə baş tutan lokal "müsəlman qurultayları" ictimai-siyasi oyanışın və mədəni-mənəvi birliyin yeni mərhələyə daxil olmasının göstərdi Birinci Dünya müharibəsi nəticəsində çoxmilyonlu türk əhalinin yaşadığı Rusiya və Osmanlı imperiyalarının süqutu məsələni gündəlikdən çıxarmadı. Əksinə, onun yeni münbit zəmində, əlverişli şərtlər daxilində, ən əsası isə daha böyük ölçüdə diqqət mərkəzinə gətirdi. 1920-ci illərdə Sovet Rusiyası ilə Qazi Mustafa Kamal Türkiyəsi arasında formalaşan qarşılıqlı əməkdaşlıq və anlaşma atmosferi prosesə müəyyən müsbət təsir göstərdi. Hər iki dövlətdə ümumtürk mədəniyyəti ilə bağlı onilliklər boyu arxa plana sıxışdırılan problemlərin müzakirəsi və həlli üçün türk ulusunun ənənəvi məşvərət məclisinın - Qurultayın çağırılması ilə bağlı səslər daha ucadan eşidilməyə başladı. Türk dünyasının mədəni mərkəzinə çevrilmiş Bakı təşəbbüsü öz əlinə aldı. Tarixi və məntiqi baxımdan Birinci Bakı Türkoloji Qurultayı Rusiya türk-müsəlmanlarının ilk dəfə 1905-ci il avqustun 15-də Nijni Novqorod şəhərində nümayiş etdirdiyi milli iradənin nəticəsi kimi də dəyərləndirilə bilər. Amma bir şərtlə ki, həmin dövrdə türk xalqları çar üsuli-idarəsindən asılı olmadan öz sərbəst seçimlərini etmək istəyirdilər. 1926-cı il qurultayının hədəfi isə rejimin milli siyasət sahəsində həyata keçirmək istədiyi ideoloji nəzarət və idarəetmə strategiyası idi. Hətta belə şəraitdə də qurultay türklərin bir araya gəlməsi, bir-birlərini daha yaxından tanıması, ən başlıcası isə gələcəyə aparan etibarlı körpülər qurması baxımından ümumtürk tarixinin mühüm hadisəsi sayıla bilərdi Bu mənada 1926-cı ilin fevralın 26-dan martın 5-nə qədər Azərbaycan paytaxtında keçirilən forum türk birliyi ideyasının real təməllərinin atılması işində əhəmiyyətli başlanğıca, dönüş nöqtəsinə çevrildi. Bir neçə milyon kvadratkilometrlik əraziyə yayılmış qədim türk soyu təmsilçilərinin iştirak etdiyi mötəbər toplantı yalnız sadəcə elm sahəsi kimi türkologiya inkişafına xidmət göstərmədi. Həm də tarixin, coğrafiyanın, siyasətin bir-birindən ayrı saldığı türk soyları arasında ortaq mədəni kimlik və intellektual-mənəvi birlik formalaşmasında strateji rol oynadı. Əsrlər boyu milli-mədəni inteqrasiyaya can atan türk qövmü tarixində ilk dəfə olaraq bu qurultayda ortaq əlifba, orfoqrafiya, elmi terminologiya, imla qaydaları yaradılması məsələsini çağdaş prinsiplərlə, sistemli şəkildə gündəmə gətirdi. Mühüm siyasi və mədəni əhəmiyyətə malik mövzunu elmi, tarixi və praktiki aspektlərdən əhatəli şəkildə müzakirəyə çıxardı Həmin dövrdə latın qrafikasına əsaslanan ortaq əlifba ideyası elmi dairələrdə müəyyən rezonans doğururdu. Həm də sadəcə nəzəri-linqvistik problem kimi deyil, elmi-mədəni, ictimai-siyasi və mədəniyyətlər arası inteqrasiyanın vacib ünsürü kimi diqqəti çəkmişdi. Qurultayda irəli sürülən təklif və tövsiyələr, əsaslandırılan prinsip və mövqelər gələcəkdə türk xalqları arasında qarşılıqlı maraqlara əsaslanan faydalı dialoqun qurulması, ünsiyyətin asanlaşması, ortaq dəyərlərə sahib çıxılması, ciddi layihələrin həyata keçirilməsi üçün nəzəri və praktiki zəmin yaratmışdı. Yəni Birinci Türkoloji Qurultayı sırf elmi, akademik xarakterli tədbirdən daha çox böyük potensiala, zəngin insan resurslarına malik türk dünyasının ortaq gələcəyinə xidmət edən strateji təşəbbüs kimi nəzərdən keçirmək daha doğru yanaşma olardı. Amma təəssüf ki, nəcib niyyət gerçəklikdə öz əksini tapa bilmədi Bu rakurslardan yanaşanda mühüm tarixi ərəfədə - Qurultayın 100 illik yubileyinə türk dünyası miqyasında hazırlıq görüldüyü dövrdə tanınmış tədqiqatçı-alim, filologiya elmləri doktoru, Qarabağ Uiversitetinin dosenti Elçin İbrahimovun çoxillik araşdırmaların nəticəsi kimi meydana çıxan "Birinci Türkoloji Qurultay - 100: Ortaq əlifba, imla və ədəbi dil məsələləri" - kitabının elmi ictimaiyyətə təqdim edilməsi əlamətdar hadisədir. Sərlövhədə mühüm türkoloji forumla bağlı konkret istiqamətlər əksini tapsa da, əsərin müəyyən mənada ensiklopedik xarakter daşıdığı da danıla bilməz. Müəllif dünya türkoloqlarının Bakı forumu ilə əlaqədar mümkün qədər çox sənəd və materialları əhatə etməyə, elmi fikri diqqət mərkəzinə gətirməyə və oxucu ilə bölüşməyə çalışıb. Dövrün gərgin, həyəcanlı, bir qədər də romantik atmosferinin mənzərəsini yaradan əsərdə yalnız tarixi Qurultayın sənədləşdirilməsi məqsədi güdülməyib. Həm də onun ideoloji, siyasi, mədəni elmi, hətta mənəvi-insani yönləri hərtərəfli təhlilə cəlb edilib Kitabın ilk bölmələrində Elçin İbrahimov türk xalqlarının tarixi dil əlaqələrini və əlifba təcrübələrini hərtərəfli nəzərdən keçirir. O, türk soylarının ilkin orta əsrlərdən günümüzə qədər yaratdığı, yaxud istifadə etdiyi göytürk, uyğur, ərəb, fars, latın və kiril qrafikalı əlifba sistemləri arasında baş vermiş keçid və transformasiya mərhələlərini araşdırıb, cərəyan edən proseslərin dil, mədəniyyət və ictimai şüur üzərindəki təsirlərini elmi əsaslarla ortaya qoymağa çalışıb Üzərində dayandığımız fəsildə ortaq türk dili ideyasının 1920-ci illərə qədər keçdiyi inkişaf yolu ideoloji çərçivədə və regional dil siyasəti kontekstində nəzərdən keçirilib. Dövrün nəqliyyat-kommunikasiya sisteminin bütün məhdudluğuna baxmayaraq, Qafqaz, Volqaboyu və Sibir türkləri arasında yayılan "Əkinçi", yaxud Krım sərhədlərini aşıb Osmanlı, Mərkəzi Asiya, hətta Çinə yol tapan "Tərcüman"ın təcrübəsi Həsən bəy Zərdabi və İsmayıl Qaspralının həyatlarını verdikləri ideyanın münbit zəminə düşməsinin göstəricisi idi. Bu cəhətdən müəlliflə razılaşmaq lazımdır ki, ortaq yazı və dil arzusu ilk dəfə yalnız 1926-cı ildə meydana çıxmamışdı, Birinci Türkoloji Qurultayın beyin məhsulu, yaxud təşkilati təşəbbüsü deyildi. İdeyanın kifayət qədər qədim kökləri vardı. Məqsədi ilk dəfə İsmayıl bəy Qaspralı aydın, konkret şəkildə ifadə etsə də, onun kökləri daha əvvəlki yüzilliklərə, hətta cəsarətlə demək olar ki, böyük Mahmud Kaşqarlının dövrünə gedib çıxırdı. Əsasında isə türk dünyasında ictimai-intellektual mühitin formalaşması, dil-mədəniyyət sahəsində zəruri tələbatın mövcudluğu amili dayanırdı Bu yanaşma əsərə həm tarixi-nəzəri, həm də komparativ-linqvistik tutumluluq qazandırır, türk xalqlarının ortaq yazı və dil məsələlərinin yalnız XIX-XX əsrlərdə deyil, əsrlər boyu sürən mürəkkəb proses olduğunu nümayiş etdirir. Müəllifin müqayisəli təhlilləri ortaq dil ideyasının sadəcə sırf dilçilik xarakter daşımadığını, geniş mədəni, siyasi və sosial kontekstlərlə sıx bağlı olduğunu göstərir Belə ümumi təəssürat yaradılandan sonra növbəti fəsillərdə diqqət əsas tədqiqat hədəfinə - Qurultaya, onun iclaslarında müzakirə olunan konkret məsələlərə yönəldilir. Elçin İbrahimov ümumittifaq adlansa da, əslində beynəlxalq xarakter daşıyan forumun təşkili, məqsədləri və keçirildiyi ictimai-siyasi mühit üzərində geniş dayanır. Qurultayın elmi və coğrafi əhatə dairəsi, məhsuldar işi (17 iclasda dinlənən 38 elmi məruzə, qızğın diskussiyalar!) Bakının o dövrün mühüm elmi-mədəni mərkəz olduğunu göstərir. Əli bəy Hüseynzadə, Vasili Bartold, Aleksandr Samoyloviç, Aqafangel Krımski, Mehmet Fuad Köprülüzadə, Bəkir Çobanzadə, Qaziz Qubaydullin, Sergey Malov, Lev Şerba, Nikolay Aşmarin, Əhməd Baytursunulı, Dyula Mesaroş, Cəmaləddin Korkmasov Salman Mümtaz və b. kimi tanınmış ziyalıların, görkəmli elm xadimlərinin iştirakının qurultaya yalnız elmilik, akademizm deyil, həm də nüfuz və inam qazandırdığını sübut edir Əsərdə Qurultayın gedişində latın qrafikalı ortaq əlifba ideyasının necə formalaşdığı, hansı elmi prinsiplərə əsaslandığı, ümumişlək terminologiya, imla, fonetika, morfologiya, dil metodikası məsələlərinin hansı müstəvidə müzakirə edildiyi iştirakçıların çıxışlarından götürülmüş konkret fikir və mülahizələr əsasında geniş şəkildə işıqlandırılır. Xüsusilə L.Şerba və Q.Şərəfin orfoqrafiya prinsipləri, N.Yakovlevin əlifba sistemləri, B.Çobanzadənin ləhcə (şivə) yaxınlıqları haqqında məruzələri Elçin İbrahimovun linqvistik təfsirində prinsipial elmi mülahizələrlə, ən başlıcası isə obyektivlik mövqeyindən təqdim edilir Kitabın yekun bölmələri isə birbaşa müasir dövrün reallıqlarına həsr olunub. Tarixi retrospektiv yanaşma tərzini ardıcıl şəkildə davam etdirilməsi əsasında göstərilir ki, yüz il öncə Birinci Türkoloji Qurultayda irəli sürülən ideya və nəzəri prinsiplər bu gün yalnız ümumi nəzəri mülahizələr səviyyəsində qalmamış, əksinə, türk dünyasının siyasi, elmi və mədəni gündəminin aparıcı məsələlərindən birinə çevrilmişdir. Müəllifin qənaətinə görə, ortaq əlifba məsələsi sırf dilçilik müstəvisi ilə məhdudlaşdırıla bilməzdi. Çünki o, bütövlükdə mədəni, siyasi və iqtisadi inteqrasiyanın ayrılmaz tərkib hissəsi kimi çıxış edir və türkdilli dövlətlər arasında daha sıx əməkdaşlığın təmin olunmasında strateji əhəmiyyət daşıyırdı Kitabda həmçinin ortaq ünsiyyət dilinin zəruriliyi, dil birliyinin müasir qlobal çağırışlara cavab vermə üstünlüyü, təhsil şəbəkəsi və informasiya-kommunikasiya texnologiyalarında vahid qrafik sistemin tətbiqi imkanları ətraflı şəkildə təhlil olunub. Bu baxımdan əsər yalnız Qurultay çərçivəsində müzakirə olunan məsələləri, forumun gündəliyini təsvir və təqdim etmir, həm də dil və əlifba mövzusunun praktik cəhətləri, sosial-iqtisadi və texnoloji tərəfləri üzərinə də işıq salır Əsər müəllifinin tədqiqat boyu stenoqramından səxavətlə istifadə etdiyi çıxış və mülahizələr Birinci Türkoloji Qurultayın cəsur, prinsipial elm adamlarının bəzən açıq ideya döyüşünə çevrilən qarşıdurmalarına, mövqe savaşlarına səhnə olduğunu göstərir. Əlifba islahatına rejimin dəstək verdiyini bilsələr də, bəzi regionlardan olan ziyalılar, xüsusən də Volqaboyu tatarları, yaxud qazaxlar türk dünyasının yüz illər boyu yararlandığı ərəb əlifbası uğrunda son döyüşə girməkdən çəkinməmişdilər. Qeyd edim ki, mühüm saydıqları məsələlərin həllində göstərdikləri qətiyyət və prinsipiallıq türkoloqlara çox baha başa gəlmişdi Varılan elmi nəticələr Elçin İbrahimovun çoxsaylı biblioqrafik mənbələrə, arxiv materialları və qaynaqlara, nəhayət, müqayisəli təhlil prinsipinə əsaslanan əsərini ciddi tədqiqat işi kimi dəyərləndirməyə əsas verir. Diqqətəlayiq haldır ki, tarixi rakurs əsasında indiki mərhələdə türk dövlətlərinin ortaq əlifbaya keçid prosesi, mövcud vəziyyət, qarşıya çıxan maneələr və onların aradan qaldırılması yolları obyektiv, tarazlı şəkildə təqdim olunur. Bunun da nəticəsində kitabın yekun bölmələri həm tarixi mirasın müasirliklə qovuşduğu diskurs, həm də türk xalqlarının həqiqi dil, fikir və əməl birliyinə əsaslanan ortaq gələcəyi naminə atılması zəruri olan nəzəri və praktiki addımlara dair əsaslı mülahizələr kimi diqqəti çəkir Diqqəti çəkən başqa bir cəhət isə əsərdə yalnız Birinci Türkoloji Qurultayın tarixi mahiyyətinin əks etdirilməsi deyil, həm də çağdaş elmi reallıqlar fonunda yüz il əvvəl ortaya qoyulmuş nümunənin yeni şəraitdəki mümkün inkişaf və tətbiq perspektivlərini araşdırması sayıla bilər Heç şübhəsiz, türk xalqları arasında ünsiyyət birliyinin və mədəni-elmi əməkdaşlığın ən vacib şərti ortaq dil və əlifba məsələsidir. Daha doğrusu, məsələnin müsbət həlli istiqamətində indiyə qədər dəf oluna bilməyən çətinliklərdir. Bu, yüz il əvvəl də belə idi, təəssüf ki, bəzi parametrləri ilə günümüzdə də belədir. Ona görə problemin kitabdakı sistemli təqdiminin yalnız dilçilərin deyil, həm də tarixçilərin, siyasətçilərin, multikulturalizm mütəxəssislərinin, ümumən türk ailəsinin birliyi ilə maraqlanan, türklərin vəhdəti qayəsi ilə yaşayan hər kəsin diqqətini çəkəcəyinə ümid edirik. Əlifba və dil məsələlərinin sadəcə texniki, yaxud pedaqoji baxış bucağından deyil, həm də ideoloji, siyasi və mədəni aspektlərdən təhlilinin əsərə elmi dəyər və aktuallıq qazandırdığı ayrıca qeyd olunmalıdır Kitabda Birinci Türkoloji Qurultayın strateji əhəmiyyəti və cəsarətli qərarları elmi-nəzəri çərçivədə dəyərləndirilməklə yanaşı, tarixi forumun yüzillik irsi də əsas təmayül və nəticələri, ana xətləri ilə yenidən gündəmə gətirilib. Bütünlükdə, Elçin İbrahimovun əsəri türkologiya tarixinə, ortaq əlifba və ünsiyyət dili ideyasının elmi-siyasi fikrin diqqətində qalmasına, türklüyün mədəni inteqrasiyasına xeyirxah niyyətli töhfə sayıla bilər 2024-cü il fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə zamanı Prezident İlham Əliyevin dilindən səslənən mühüm tarixi-strateji əhəmiyyətə malik "Bizim ailəmiz Türk dünyasıdır" mesajı, Azərbaycanın aparıcı rol oynadığı Türk Dövlətləri Təşkilatının, TÜRKSOY-un, Astanada fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasının, Bakıdakı Türk Mədəniyyəti və İrsi Fondunun, digər uluslararası və lokal türkoloji qurumların məqsədyönlü işi milyonlarla türk insanının ən munis arzusu kimi 150 il əvvəl səslənən "Dildə, fikirdə, əməldə birlik!" çağırışının getdikcə daha artıq dərəcədə qarşısıalınmaz proses olduğunu, fikir və düşüncələrə hakim kəsildiyini göstərir. Bu əzm və iradənin dönməz prosesə çevrilməsi üçün siyasi fikir qədər elmi fikirdən də yorulmaz fəaliyyət tələb olunur. Başqa sözlə desəm, belə aydın məqsəd və məramlı kitablara indiki şəraitdə ehtiyac daha çoxdur P.S. Ayrıca vurğulayım ki, yaxın gələcəkdə ölkəmizin mühüm elm mərkəzinə çevriləcəyinə böyük inam bəslədiyimiz Xankəndidə, Qarabağ Universitetinin qrifi ilə nəşr edilən ilk elmi əsərlərdən birinin redaktoru olmaq, ön söz yazmaq xüsusilə zövqlü və qürurverici hadisədir. Kitabın çağdaş türk dünyasının elmi və ədəbi-mədəni həyatının dönüş nöqtəsi ilə bağlılığı, nəhayət, mövzuya yaxşı bələd olan müəllifin qələmindən çıxması qeyd etdiyim zövq və məmnunluq hissinin daha da artırır. Ordumuz işğal altındakı Qarabağ ərazisini, Xankəndini azad etməklə böyük türk dünyasının torpaq bütünlüyünün təmin olunmasına əvəzsiz xidmət göstərdi. Toplar susan yerdə yalnız diplomatlar deyil, elm və mədəniyyət xadimləri də danışır, danışmağa borcludur. Təbii ki, Elçin İbrahimov da ilk növbədə bu borc hissindən yola çıxaraq qaçılmaz şəkildə günümüzün reallığına çevrilməkdə olan həmişəyaşar türk birliyi ideyasına alim-vətəndaş töhfəsini verib