Fərhad Abdullayev: Qərar qəbul edərkən qanunun tələblərinin və vicdan kimi insani keyfiyyətlərin rəhbər tutulması vacibdir
Martın 11-də Konstitusiya Məhkəməsində Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il 3 mart tarixli Sərəncamı ilə birinci instansiya məhkəmələrinə təyinat alan hakimlərlə görüş keçirilib. Konstitusiya Məhkəməsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad A

Martın 11-də Konstitusiya Məhkəməsində Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il 3 mart tarixli Sərəncamı ilə birinci instansiya məhkəmələrinə təyinat alan hakimlərlə görüş keçirilib. Konstitusiya Məhkəməsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev hakimləri yeni təyinatla təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra sədr müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmiş Azərbaycanın ilk milli Konstitusiyasının ölkəmizin gələcəyini, hüquqi inkişaf strategiyasının əsas prioritetlərini müəyyən etdiyini bildirərək demokratik, hüquqi dövlətin qurulmasında Əsas Qanunun roluna toxunub. Sədr vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatlarının əsas təyinatı məhkəmə sisteminin müasirləşdirilməsi, ölkəmizdə qanunun aliliyinin təmin olunması məqsədi daşıyır. Qeyd olunub ki, dövlətimizin başçısının bu sahədə kadr islahatlarının və gəncləşmə siyasətinin əsas məqsədi məhkəmələrin çevik fəaliyyəti nəticəsində ədalətli və əsaslı qərarların qəbulunun təmin edilməsinə yönəlib. Çıxışında hakimlərin yüksək nəzəri bilik və peşə hazırlığı ilə yanaşı, ədalət, qanunçuluq, qərəzsizlik və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən əməl olunması ilə bağlı tövsiyələrini qeyd edən Fərhad Abdullayev hər hansı qərar qəbul edərkən qanunun tələbləri və vicdan kimi insani keyfiyyətlərin rəhbər tutulmasının vacibliyini yeni təyin olunmuş hakimlərin diqqətinə çatdırıb. Daha sonra Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə ətraflı məlumat verilib, məhkəmənin Plenumu tərəfindən qəbul edilən qərarlarda əks olunmuş hüquqi mövqelər və yanaşmalarla bağlı bir sıra məsələlərə toxunulub və yeni təyin olunmuş hakimlərin sualları cavablandırılıb. Görüşdə Konstitusiya Məhkəməsinin hakimləri, Aparatın məsul əməkdaşları iştirak ediblər. Sonda qonaqlar məhkəmənin binası ilə tanış olublar. 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.