Tenqri
Ana Sayfa
Dünya

Pezeşkiana sual, Ərdoğandan rica olarmı?

Prezident Məsud Pezeşkianın nəhayət, prezident İlham Əliyevə zəng etdi. Bir daha deyirik: hiss olunur, doktor Pezeşkian müəyyən cəhdlər edir ki, heç olmasa, mollaların siyasətini azca korrektə etsin. Bunu sezməmək mümkün deyil, di gəl, hələ bacarmır, çox güman, imkan vermirlər. Ona görə də heç təəcc

4 gün önce0 görüntülememusavat.com
Pezeşkiana sual, Ərdoğandan rica olarmı?
Paylaş:

Prezident Məsud Pezeşkianın nəhayət, prezident İlham Əliyevə zəng etdi. Bir daha deyirik: hiss olunur, doktor Pezeşkian müəyyən cəhdlər edir ki, heç olmasa, mollaların siyasətini azca korrektə etsin. Bunu sezməmək mümkün deyil, di gəl, hələ bacarmır, çox güman, imkan vermirlər. Ona görə də heç təəccüblü deyil ki, o da dövlətin və ya hökumətin Naxçıvana təcavüzdən xəbərsiz olduğunu dedi. Amma burada yenə də adamın ağlına ritorik bir sual gəlir: doktor, nə əcəb, İran rejimi bir dəfə çaşıb İrəvana da nəsə etmir?..Bunu ötən dəfə də yazmışdıq, amma daha çox ritorik sual kimi, çünki bütün Cənubi Qafqazda sülh bizim üçün çox vacibdir, xüsusən də indi, bəli, Bakı ilə İrəvan arasında ciddi anlaşma və hətta yaxınlaşma yaşandığı bir dövrdə. Ona görə də sualımız onda da, elə indi də ritorik xarakterlidir. Belədəsə, İranın Ermənistana qarşı ehtiyatlı davranmasını Rusiya faktoruyla bağlayanlar var. Amma indi İrəvanın KTMT-də üzvlüyü sırf formal xarakter daşıyır, Paşinyan təşkilatın demək olar, heç bir tədbirinə qatılmır, üstəlik, az qala, hər ay Ermənistanın onu tərk ediləcəyi deyilir. Hələ onu demirik ki, baş nazir Paşinyan indi intensiv şəkildə qərbyönümlü siyasət yürüdür və kaş, bu, davamlı olsun, iyun seçkiləri bunu dayandırmasın, çünki bununla bağlı çox ciddi narahatlıq var: rəy sorğularında Paşinyan və partiyası öndə olsa da bu, hələ də nisbi öncüllükdür, bir növ, zəiflərin arasında güclü olmaq deməkdir. Ona görə də seçki vaxtı böyük sürprizlər yaşana, ruspərəst qüvvələr qayıda bilər...Belədəsə, İrəvan da “İbrahim sazişi”nə qoşulmaq istəyənlərin, Trampın Sülh Şurasına dəvət alanların ön cərgəsində olan ölkələrdəndir. Elə ona görə də Putin də, Kreml də çox istərdi ki, kimsə Paşinyanı, eləcə də Ermənistanı yüngülcə “cəzalandırsın” ki, necə deyər, bunların ağılları başlarına gəlsin, təzədən Rusiyanın “ağuşuna” qayıtsınlar... Biz heç İrəvana qarşı da hansısa bir təhdidin, təcavüzün olmasını istəmirik, bizə cəmi Qafqazda sülh lazımdır. Odur, bir daha deyirik ki, ötən dəfə də, indi də sualımız sırf ritorik xarakter daşıyır və onu təkrar soruşuruq: “Ağalar, müsəlman qardaslar, niyə bir dəfə çaşıb Ermənistana da nəsə etmirsiniz? Müsəlmanlıq bir yana, heç insanlığa yaraşarmı durub məktəbi, uşaqları hədəfə almaq?”... Təkrar deyirik ki, doktor Pezeşkian özü mollaların məkrli oyunlarından kənardadır: əgər Paşinyan da başa düşdüsə ki, qonşularla normal əlaqələr qurmadan ölkəsi inkişaf etməyəcək, bunu niyə doktor Pezeşkian başa düşməsin? Yox, hiss edirik ki, adam bütün bunları gözəl anlayır, di gəl, proseslərə real təsiri yoxdur.Bizə elə gəlir, ötən gün Türkiyənin xarici işlər nazirinin də Tehrana yüngülcə xəbərdarlıq etməsinin də bir az təsiri oldu. Hər şey bir yana, Türkiyə NATO-nun üzvüdür və məhşur müdafiə maddəsinin təsiri ona da şamil olunur: İran Rusiya, Ankara Ukrayna deyil, NATO heç bir tərəddüd yaşamadan, ehtiyat etmədən İrana qarşı müharibə açar! Bunu anlamaq bu qədər çətnidirmi? Bu, bir yana, ötən dəfə də qeyd etmişdik ki, Türkiyə nəinki regionda, hətta NATO ölkələri arasında ən güclü quru qoşununa malik ölkədir. ABŞ daim, bütün müharibələr zamanı məhz elə bu məsələ sarıdan –canlı qüvvə sarıdan kasadlıq yaşayıb. İndi, elə İranla müharibədə də bu problem yaşanır: deyəsən, kürdləri ayağa qaldırmaq olmur! Ona görə də Ankara Vaşinqtonla İsrailə qoşulsa, inanın, Tramp da, Netanyahu da onun, necə deyər, başına dönər! Yəni bunu anlamaq bu qədərmi çətin? Hətta bizim kiçik Azərbaycanın da ən azı diplomatik resursları az deyil, lazım gəlsə, hərbi olmasa da, çox güclü siyasi alyans formalaşdıra bilər İrana qarşı! Odur, “çalmalılar”a təkrar deyirik ki, bir məntiqiniz olsun, ağlınızı başınıza toplayın.“Molla” rejimi işarə edir ki, guya onun Rusiya, hətta Çin kimi müttəfiqləri var. Boş şeydir! Moskva nə qədər çalışdısa, nə ŞƏT-dən, nə BRİCS-dən bir şey alınmadı, çünki Dünya siyasətçiləri realist adamlardır. Rusiyanı hələ daha çox post-sovet məkanı maraqlandırır, həm də Ukraynaya görə, necə deyərlər, “boğaz”dır. Daha varlı Çin də deyəsən, Dünyaya daha qıyıq gözlərlə yox, bir azca geniş baxmaq, hətta müəyyən “geopolitik iddialar”a düşmək istəyir, amma Pekinin daim qorxduğu bir şey var: bazarları itirmək! Bu ölkə hətta Rusiyanın da bəzi avantüralarına da ciddi yanaşmır, bunu “molla” İranı üçün edəcək?..İki qeydimiz var. Birincisi, İran “molla” liderini seçdi. Bu, onun siyasətini az da olsa, çərçivəyə salacaq, hərçənd, elə dünən təkrar eşitdik ki, Türkiyə istiqamətində yenə raket atılıbb. Həm də yadımıza bilirsiniz, nə düşür? Rusiya çarı Romanov da hökmdarlıqdan imtina etmiş və bunu qardaşına ötürmüşdü. Qardaşın da hökmdarlığı heç ay çəkmədi. Odur ki, Müctəba kişinin də hökmranlığıyla bağlı optimist deyilik, hər halda, çox yaxın gələcəkdə tam aydın olacaq.Bir qeydimiz də qardaş Türkiyəylə bağlıdır. Mən duymadığım, hiss etmədiyim şeyi yazmıram. Bilirsiniz, məncə, Ankaranın əl-qolunu bağlayan tək “kürd məsələsi” deyil. Məncə, burada Osmanlı –Səfəvi dövründən yaşanan qısqanclıq da var: Ankara həm də deyəsən, Tehrana, hətta gələcək türk İranına bir az qısqanclıq edir. Pezeşkianın seçilməsini də çox soyuq qarşıladılar, adama hələ söz də qoşdular ki, guya doktor kürd əsillidir, halbuki Türkiyə prezidentlərinin yarıdan çoxu qeyri-türklər olubdur!.. Bunu niyə söyləyirik? Təkrar qeyd edirik ki, Pezeşkian nəsə etmək istəyir, amma imkan vermirlər. İnanın, vaxtilə bunu hətta Paşinyanın haqqında yazanda çoxu razılaşmırdı. Amma indi hamı bununla razıdır.Doktor türk qardaşımızdır. Doğrudanmı, adi, sıravi bir “qaradərili” siyasi təhlilçinin duyduğunu Türkiyə boyda ölkə, onun böyük xüsusi xidmət strukturları hiss etmir? Adamla sıx əlaqə yaradın, dəstək olun, bəlkə o, elə həqiqətən də nəsə edə biləcək?