Keçid dönəminin sərt həqiqətləri: köhnə qaydalar dağılıb, yeni qaydalar isə…
(XIII Qlobal Bakı Forumunun siyasi-fəlsəfi anlamı) Dünyanın hazırkı mənzərəsinə baxanda elə bil ki, XX yüzilin kölgələri yenidən XXI yüzilin üzərinə düşür. Savaşlar, bloklaşmalar, enerji böhranları, diplomatik gərginliklər – bütün bunlar bir həqiqəti daha aydın göstərir: dünya yenidən sərt keçid dö

(XIII Qlobal Bakı Forumunun siyasi-fəlsəfi anlamı) Dünyanın hazırkı mənzərəsinə baxanda elə bil ki, XX yüzilin kölgələri yenidən XXI yüzilin üzərinə düşür. Savaşlar, bloklaşmalar, enerji böhranları, diplomatik gərginliklər – bütün bunlar bir həqiqəti daha aydın göstərir: dünya yenidən sərt keçid dönəminə daxil olub… Belə bir məqamda Bakıda keçirilən XIII Qlobal Bakı Forumu, əslində, dünyanın çaşqın düşüncəsinə ünvanlanan güclü bir çağırışdır Forumda çıxış edən Prezident İlham Əliyev diplomatik etiketlərin çox vaxt ört-basdır etdiyi bir həqiqəti açıq şəkildə dilə gətirdi: çağdaş dünyada təhlükəsizlik və müdafiə artıq bütün digər məsələlərdən öndə dayanır. Çünki təhlükəsizlik olmayan yerdə nə iqtisadiyyat var, nə demokratiya, nə də humanitar ideallar.  Bu fikir bəzilərinə sərt görünə bilər; amma tarixin çoxdan sübut etdikləri vardır. – Bəli, dövlətlərin taleyini idealist şüarlar yox, gerçək güc müəyyənləşdirir. Azərbaycan realist siyasətin örnəyini yaradır. Uzun illər dünya siyasətində bir stereotip hökm sürürdü: kiçik dövlətlər gözləməlidir, böyük dövlətlər isə qərar verməlidir. Azərbaycan bu stereotipi dağıtdı Təxminən 30 il boyunca ölkə ərazisinin beşdə biri işğal altında qaldı. BMT qətnamələri qəbul edildi, beynəlxalq təşkilatlar bəyanatlar verdi, vasitəçilər görüşlər keçirdi. “Amma, ancaq və lakin” nəticə dəyişmədi – kağız üzərində qalan ədalət oldu Bax, bu, beynəlxalq siyasətin ən acı paradokslarından biridir: ədalət çox zaman yalnız sənədlərdə yaşayır Nəhayət, Azərbaycan öz tarixində dönüş nöqtəsinə gəldi. 2020-ci ilin 44 günü içində baş verən hadisələr göstərdi ki, beynəlxalq hüquq çox vaxt yalnız onu müdafiə etməyə qadir olanların tərəfində dayanır. Bəli, Azərbaycan güc tətbiq etdi – daha doğrusu, buna məcbur qaldı; amma həmin güc qətiyyən işğal üçün deyildi və birmənalı şəkildə suverenliyin bərpası üçün idi Burada özəl bir vurğu edək: ədalət savaş yolu ilə bərpa edildi, sülh isə siyasi dialoqla quruldu. Bax, bu, çağdaş dünyada nadir rast gəlinən bir modeldir.  İndi isə vasitəçilərin illüziyasına toxunaq. Bildiyimiz kimi, dünya siyasətində belə bir mif var: sən demə, münaqişələri vasitəçilər həll edirmiş Gerçəklik isə çox zaman başqa cür olur. Bəzən vasitəçilər münaqişəni həll etmir, onu idarə edir. Onlar problemi aradan qaldırmaqdan çox, onu uzadırlar. Çünki dondurulmuş münaqişə böyük güclər üçün geopolitik alətə çevrilir Azərbaycanın seçdiyi yol isə fərqli oldu. Bakı qərara gəldi ki, vasitəçi illüziyalarından qurtulmaq lazımdır Birbaşa dialoq – bütün diplomatik romantikanın arxasında gizlənən ən sadə həqiqət məhz budur. Maraqlıdır ki, bu yanaşma sonuc verdi; çünki siyasətdə bəzən ən sadə çözüm ən çətin görünəndir Sülh – zəifliyin deyil, gücün ifadəsi və sonucudur. Sülh haqqında danışmaq asandır. Sülh yaratmaq isə tamam başqa məsələdir. Tarixdə çoxlu dövlətlər sülh haqqında danışıb, amma sülh qurmaq üçün gücə sahib olmayıb. Azərbaycanın təcrübəsi göstərdi ki, sülh yalnız o zaman mümkündür ki, tərəflərdən biri ədaləti müdafiə etmək gücünə malik olsun. Bu gün bölgədə yeni bir gerçəklik yaranıb. Sərhədlərdə atəş səsləri eşidilmir. İqtisadi bağlar bərpa olunur. Bu, sadəcə diplomatik sənəd sayıla bilməz və gerçək siyasi durumun ifadəsi olaraq qəbul görməlidir.  Bəs XXI yüzilin geopolitik damarları nədir? Cavab, əlbəttə, enerji və yollardan başqası deyil. Dünya artıq yalnız tankların və raketlərin dili ilə danışmır. Yeni geopolitikanın iki əsas damarını enerji və logistika təşkil edir. Bu baxımdan Azərbaycan Avrasiyanın strateji qovşaqlarından birinə çevrilir Ölkə artıq təkcə enerji göndərən dövlət deyil. O, həm də qlobal daşımaçılıq və ticarət marşrutlarının mərkəzi halına gəlir. Gündoğardan Günbatara və Quzeydən Güneyə uzanan dəhlizlərinin kəsişdiyi məkan kimi Azərbaycan yeni iqtisadi xəritənin əsas nöqtələrindən biridir.  Bu isə təsadüfi deyil, əlbəttə. Coğrafiya – taledir deyirlər; amma ağıllı siyasət bu taleyi üstünlüyə çevirə bilir Günümüz dünyası keçid mərhələsindədir. Köhnə qaydalar dağılıb, yeni qaydalar isə hələ formalaşmayıb Belə dönəmlərdə iki yol olur: -ya hadisələrin arxasınca sürüklənmək; -ya da hadisələrin yönünü müəyyənləşdirmək. Azərbaycan ikinci yolu seçib. – “Zənnimcə, dünyada hazırda baş verənlər – yeni gərginlik nöqtələrinin yaranması və uzunmüddətli mövcud münaqişələr beynəlxalq davranış strukturuna təhdid təşkil edir. Bu, həmçinin beynəlxalq hüquqa təhdiddir. Beynəlxalq hüquqa və normalara hörmət edilməyəndə və beynəlxalq təşkilatların qətnamələri nəzərə alınmayanda ölkələrin ərazi bütövlüyü pozulur. İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız – hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik.” – Bu, Azərbaycan Prezidentinin sözləridir XIII Qlobal Bakı Forumu da bir ismarıc, çağırış idi və təkcə diplomatik tədbir deyildi. Həmin çağırışın, ismarıcın mahiyyətini isə belə oxuya bilərik: -ədalət müdafiə olunanda gücə çevrilir, -güc isə sülhün təminatına çevrilə bilər Beynəlxalq ictimaiyyət bu sadə həqiqəti nə qədər tez öyrənsə, bir o qədər yaxşı olardı. Azərbaycan isə artıq onu yaşayıb DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!