Tenqri
Ana Sayfa
Dünya

Dünya iqtisadiyyatının "dar boğazı": Hörmüzün bağlanmasının qlobal nəticələri - TƏHLİL

Hörmüz boğazı Fars körfəzini cənub-qərbdən Oman körfəzi ilə, oradan isə açıq okeanla birləşdirən dar su yoludur və dünya energetikasının ən mühüm strateji nöqtələrindən biri olaraq qalır. Coğrafi ölçülərinin nisbətən kiçik olmasına baxmayaraq, bu sular vasitəsilə hər gün təxminən 20 mln. barel neft

yaklaşık 4 saat önce0 görüntülemeapa.az
Dünya iqtisadiyyatının "dar boğazı": Hörmüzün bağlanmasının qlobal nəticələri - TƏHLİL
Paylaş:

Hörmüz boğazı Fars körfəzini cənub-qərbdən Oman körfəzi ilə, oradan isə açıq okeanla birləşdirən dar su yoludur və dünya energetikasının ən mühüm strateji nöqtələrindən biri olaraq qalır. Coğrafi ölçülərinin nisbətən kiçik olmasına baxmayaraq, bu sular vasitəsilə hər gün təxminən 20 mln. barel neft daşınır ki, bu da qlobal neft tədarükünün təxminən 20%-nə bərabərdir. Bundan əlavə, əsasən Qətər və Birləşmiş Ərəb Əmirliklərindən ixrac olunan böyük həcmdə mayeləşdirilmiş təbii qaz da məhz bu marşrutdan keçir. Bu enerji axınları dünyanın ən sürətlə inkişaf edən regionlarından biri olan Asiya ölkələrinin - o cümlədən Çin, Yaponiya, Hindistan və Cənubi Koreyanın enerji təminatında mühüm rol oynayır. Regionda yaranan istənilən gərginlik dərhal qlobal enerji qiymətlərinə, ticarət axınlarına və maliyyə bazarlarına təsir göstərir, eyni anda bir neçə qitədə iqtisadi təsirlərin zəncirvari reaksiyasına səbəb olur Tarixdən gələn strateji nəzarət mövqeyi Boğazın strateji əhəmiyyəti yeni deyil. Hələ XV–XVI əsrlərdə Portuqaliya, Osmanlı imperiyası və Səfəvilər bu marşrut üzərində nəzarət uğrunda rəqabət aparırdılar. Həmin dövrdə Hörmüz liman şəhəri Fars körfəzi ilə Hind okeanı arasında ticarət axınlarını idarə edən mühüm mərkəz rolunu oynayırdı. Bu gün boğazın coğrafi xüsusiyyətləri əvvəlki kimi əhəmiyyətini qorusa da, onun təsir miqyası artıq qlobal xarakter alıb. Neft və qaz tədarükündə yaranan istənilən fasilə dərhal sənaye aktivliyinə, qiymətlərə və maliyyə axınlarına təsir göstərir. Məsələn, Çin idxal etdiyi neftin təxminən üçdə birini bu marşrut vasitəsilə əldə edir və qiymət artımı birbaşa istehsal xərclərini yüksəldir, inflyasiya təzyiqini gücləndirir və ölkənin tədiyə balansına təsir edir. Yaponiya və Cənubi Koreya üçün bu marşrutdan asılılıq təxminən 25-28% səviyyəsindədir ki, bu da elektrik enerjisinin dəyərinə və sənaye xərclərinə təsir göstərir. Hindistan isə neft idxalının təxminən 20%-ni bu boğaz vasitəsilə alır və yanacaq qiymətlərinin artması nəqliyyat xərclərinin yüksəlməsinə, inflyasiyanın güclənməsinə və istehlak səbətinin bahalaşmasına səbəb olur. Avropa ölkələri isə bu təsiri daha çox dolayı yolla - neft və qaz qiymətlərinin artması nəticəsində sənaye istehsalı xərclərinin yüksəlməsi və inflyasiya təzyiqinin güclənməsi vasitəsilə hiss edir. ABŞ isə daxili enerji mənbələrinə malik olsa da, qlobal enerji qiymətlərinin dəyişməsi və maliyyə bazarlarındakı volatillik vasitəsilə dolayı təsirlərlə üzləşir Son aylarda regionda artan gərginlik qlobal enerji bazarlarının nə qədər həssas olduğunu bir daha göstərdi. İran tərəfindən boğazın bloklanması nəticəsində enerji daşıyıcılarının daşınması kəskin şəkildə azaldı və bu da neft qiymətlərinin sürətlə artmasına səbəb oldu. Belə ki, etalon marka olan "Brent" neftinin qiyməti bəzi məqamlarda demək olar ki, 120 dollar səviyyəsinə yaxınlaşdı. Tankerlər üçün sığorta haqları əhəmiyyətli dərəcədə artdı, bir çox beynəlxalq şirkətlər daşımaları müvəqqəti dayandırdı, alternativ marşrutlar isə Hörmüz boğazından keçən ümumi həcmin cəmi dörddə birini kompensasiya edə bildi. Mövcud dəniz alternativləri infrastruktur baxımından məhduddur və boğazın funksiyasını tam əvəz etmək imkanına malik deyil. Bu səbəbdən Hörmüz boğazı qlobal enerji sistemi üçün faktiki olaraq əvəzolunmaz tranzit marşrutu hesab olunur Siyasi maraqların iqtisadi təzahürü Tarixi təcrübə də dünya iqtisadiyyatlarının bu regionda baş verən hadisələrə son dərəcə həssas olduğunu göstərir. 1973 və 1979-cu illərdə baş verən neft böhranları tədarükün azalmasının qiymətlərin kəskin artımına və uzunmüddətli iqtisadi sarsıntılara səbəb olduğunu nümayiş etdirmişdi. Bu gün isə Fars körfəzi regionundan asılılıq daha da artıb: qlobal ticarət zəncirləri mürəkkəbləşib, enerji tələbatı yüksəlir və ixracın məhdud sayda marşrut üzərindən həyata keçirilməsi dünya iqtisadiyyatının həssaslığını artırır. Hətta qısa müddətli fasilələr belə qiymətlərin yüksəlməsinə, istehsal xərclərinin artmasına, maliyyə axınlarının dəyişməsinə və birjalarda volatilliyin güclənməsinə səbəb olur Hörmüz boğazı yalnız iqtisadi proseslərə deyil, həm də regionun geosiyasi mənzərəsinə ciddi təsir göstərir. Asiya ölkələrinin enerji baxımından bu marşrutdan asılılığı onları potensial risklərə qarşı xüsusilə həssas edir. ABŞ və Avropa İttifaqı isə qlobal sabitlik üçün mümkün nəticələri nəzərə alaraq öz xarici siyasətlərini formalaşdırmağa məcbur olurlar. Boğaz neft və qaz axınlarının keçdiyi həyati əhəmiyyətli enerji arteriyası olaraq qalır və bu axınlar həm ixracatçı, həm də idxalçı ölkələrin iqtisadi vəziyyətinə, regionların sabitliyinə və qlobal maliyyə sistemlərinin fəaliyyətinə birbaşa təsir göstərir. Onun təhlükəsizliyi dünya iqtisadiyyatı ilə birbaşa bağlıdır və regionda baş verən hər hansı gərginlik dərhal enerji qiymətlərinə, tədarük zəncirlərinə və beynəlxalq ticarətə təsir edir Üstünlük əldə edənlər Enerji resursları baxımından mövcud vəziyyətdən müəyyən mənada Yaxın Şərq logistikası ilə birbaşa bağlı olmayan neft və qaz istehsalçıları faydalana bilər. Bu kateqoriyaya Avstraliya, ABŞ, Malayziya, İndoneziya və Rusiya kimi ölkələr daxildir. İqtisadi baxımdan müəyyən üstünlüklər Azərbaycan üçün də yarana bilər. Ölkənin mövcud neft-qaz infrastrukturu qiymətlərin artımına operativ reaksiya verməyə və xarici bazarlara tədarükü genişləndirməyə imkan verir. Qısamüddətli perspektivdə münaqişə zonasından kənarda yerləşən enerji ixracatçıları, o cümlədən Rusiya, diskontların azalması və Asiya bazarlarında payın genişlənməsi hesabına əlavə gəlirlər əldə edə bilərlər Bununla yanaşı, Cənub-Şərqi Asiya ölkələri də turizm baxımından müəyyən fayda əldə edə bilər. Belə ki, Yaxın Şərqə səfərlərin azalması fonunda turist axınının həmin regiona yönəlməsi ehtimalı artır. Bununla belə, bu cür böhranlar mahiyyət etibarilə qlobal ticarət üçün əlavə “vergi” rolunu oynayır: logistika və enerji xərcləri artır, inflyasiya sürətlənir və iqtisadi artım tempinin zəifləməsi müşahidə olunur. Buna görə də uzunmüddətli dövrdə real bənəfisiarların sayı məhdud olacaq və əsasən ixrac marşrutlarını sürətlə uyğunlaşdırmağı və qiymət artımından yararlanmağı bacaran ölkələr üstünlük əldə edəcəklər Bu gün Hörmüz boğazı artıq sadəcə coğrafi obyekt deyil, dünya iqtisadiyyatının strateji barometri hesab olunur. O, enerji qiymətlərinin dinamikasını, tədarük sabitliyini və qlobal bazarlarda fəaliyyət göstərən iri oyunçuların investisiya qərarlarını müəyyən edən əsas amillərdən biridir. Tranzit şərtlərində baş verən hər hansı dəyişiklik domino effekti yaradaraq enerji şirkətlərinə, maliyyə bazarlarına, sənaye sektoruna və son nəticədə bütün dünyada istehlakçılara təsir göstərə bilər. Bu səbəbdən boğazın təhlükəsizliyi və fasiləsiz fəaliyyəti qlobal iqtisadi sabitliyin və beynəlxalq ticarətin proqnozlaşdırıla bilənliyinin qorunması üçün həyati əhəmiyyət daşıyır