"Dəb insanı həm müasirləşdirə, həm də gəncləşdirə bilir"
Sənətin müxtəlif sahələrinin nümayəndələri ilə söhbətlərimizi zaman-zaman oxucularımıza çatdırmışıq. Lakin özümə də maraqlı olan bir sahə var ki, ona dəfələrlə üz tutmaq istəsəm də, peşəkar ünvana yönəlmək üçün gözləmək lazım gəlib. Sonunda tapdığım ünvana çatmaq asan olmasa da, gözləməyə dəyərdi, ç

Sənətin müxtəlif sahələrinin nümayəndələri ilə söhbətlərimizi zaman-zaman oxucularımıza çatdırmışıq. Lakin özümə də maraqlı olan bir sahə var ki, ona dəfələrlə üz tutmaq istəsəm də, peşəkar ünvana yönəlmək üçün gözləmək lazım gəlib. Sonunda tapdığım ünvana çatmaq asan olmasa da, gözləməyə dəyərdi, çünki söhbətimizin mövzusu moda, yəni dəb haqqında idi Bəs dəb nədir? İnsanın özünü ifadəsi, yoxsa zamanın tələbi? Bizi biz edən zərif cizgi, yoxsa görünən üzümüz? Diqqətlə müşahidə edəndə görünən odur ki, dəb zamanın dilidir. Düşüncədən başlayır, mədəniyyətdən süzülür, zövqə söykənərək sonda bir gözəlliyə çevrilir. Dəb bəzən keçmişə qayıdışı, bəzən də gələcəyə atılan cəsarətli addımı ilə insanın özünü ifadə etməsinə təkan verir. Olur ki, insan hisslərini, düşüncələrini hansısa bir geyimlə, rənglə çatdırmağa çalışır. Zaman dəyişdikcə, dəbin dili də dəyişir, lakin dövrün ruhunu həmişə daşımağı bacarır Bu mövzudan danışanda ilk yada düşən həmin dəbləri yaradan, yaşadan, üzərində işləyən, yeni nümunələr ortaya çıxarmaq üçün düşünən, zaman sərf edən modelyer-dizaynerlər olur. Beləliklə, həmsöhbətimiz modelyer-dizayner, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomçusu, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının dosenti, parfümer, "Fakhriya Khalafova" Moda və dizayn Mərkəzinin rəhbəri Fəxriyyə Xələfovadır Bir atalar məsəli ilə başlayaq söhbətimizə: Gözəllik ondur, doqquzu dondur Tam razıyam bu deyimlə. Atalar məsəli adlandırılan bu deyimlər təbii ki, zamanında kimlər tərəfindənsə düşünülüb. Hər dəfə bu məsəli eşidəndə, həmin adama Allahdan rəhmət diləyirəm. Qısa, konkret bir fikrin içində həm məntiq var, həm fəlsəfi məna. Mən araşdırmaçılığa çox meyilliyəm. Bu atalar sözü bilavasitə mənim sənətimlə əlaqədar olduğu üçün özlüyümdə bir analiz apararaq belə qənaətə gəlmişəm ki, həmin məsəl XIX əsrdə yaranıb, zərbi-məsələ çevrilib və günümüzə qədər gəlib çatıb. Bunu onunla əlaqələndirirəm ki, bizim milli geyimlərimiz forma, məzmun və rəng çalarları baxımından hər zaman gözəl olub. Zənn edirəm ki, bu gözəlliyi seyr edən həmin insan o qədər təsirlənib ki, hisslərini "Gözəllik ondur, doqquzu dondur" fikrilə dilə gətirib. Bu fikri müasir dövrümüzlə əlaqələndirsək, deyə bilərəm ki, geyim bir kommunikasiya vasitəsinə çevrilərək haqqımızda ətrafa məlumat ötürür. Yəni geyimimiz bizə baxanlarda, dinləyənlərdə bizimlə bağlı müəyyən baxışlar formalaşdıra bilir və nəticədə yaranan təəssürat həmin atalar məsəlinə gətirib çıxarır Bu gün peşəkar modelyer-dizayner Fəxriyyə Xələfova sənətə birbaşa deyil, fərqli yollarla gəlib çatıb Yaxşı sualdır... Hər bir yeniyetmə məktəbin yuxarı siniflərində artıq hansı yol ilə gedəcəyini özü üçün müəyyənləşdirir. O zaman mənim də istəyim formalaşmışdı və modelyer olmaq seçimini etmişdim. Lakin həmin dövrdə bu peşə bizim ali məktəblərimizdə tədris olunmurdu. Təbii ki, valideynlərim də bunu bilirdilər və mənə dedilər ki, özümə başqa bir peşə seçmək haqqında düşünüm. Mən məktəb vaxtından sevdiyim biologiyanı seçdim. Bu seçimdə məqsədim sırf insanı öyrənmək istəyim idi, yəni insan anatomiyası və fiziologiya məni çox cəlb edirdi. Beləcə, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil oldum Lakin təhsilinizi Milli Elmlər Akademiyasının aspiranturasında psixologiya üzrə davam etdirdiniz Mənim ixtisasım insan beyninin neyrofiziologiyası idi. Bu, insan beyninin daxildən öyrənilməsi, fizioloji proseslərin dərk edilməsi deməkdir. Elmi rəhbərlərim belə məsləhət gördülər ki, mən psixologiyanı da öyrənib incəliklərinə bələd olmalıyam. Çünki beyin daxilində gedən prosesləri analiz etmək üçün insan psixologiyasını bilmək vacibdir. Mən məsləhəti qəbul etdim və bu səbəbdən aspiranturada psixologiya üzrə təhsil aldım. Burada bir məqamı vurğulamaq istəyirəm. Mən fasiləsiz təhsilin tərəfdarıyam. Əksəriyyət beş il ali təhsil, bəziləri daha sonra aspiranturanı bitirərək elmi işi müdafiə etməklə kifayətlənir. Mənim nəzərimdə insan istənilən yaş həddində təhsil ala bilər, təbii ki, əgər buna marağı və istəyi varsa. Biliklərini təkmilləşdirə də bilər, maraq dairəsində olan yeni bir peşəyə sahib də ola bilər Sizin etdiyiniz kimi Bəli... Baxmayaraq ki, universitet və aspirantura ilə birlikdə üst-üstə doqquz il təhsilim vardı, özü də fərqlənmə diplomu ilə, amma mən arzusunda olduğum peşəni öyrənmək üçün düşünmədən yenidən oxumağa qərar verdim və üz tutdum qardaş Türkiyəyə. İzmirdə daha üç il Ali Bədii Dizayn Məktəbinin hazır geyim istehsalı bölməsində oxudum. Mənim düşüncəmdə yiyələnmək istədiyin nə varsa, onun təhsilini almaq mütləqdir. Ömrümün on üç ilini təhsildən əsirgəmədim. Sonralar müşahidə etdim ki, on üç rəqəmi mənə həmişə uğur gətirib. Vətənə qayıdandan sonra hiss etdim ki, modelyer olmaq arzumun reallaşmasına çox yaxınam Təbii ki, bu sahəyə olan marağınızın qaynağı mütləq var Bu maraq rəhmətlik anamdan gəlib. Evimizin bir küncündə həmişə tikiş maşını dayanıb, zamanla təkmilləşib. Hansısa bir geyimə əl gəzdirmək lazım olanda anam həmin tikiş maşınının arxasına keçərdi, yəni onda bu bacarıq vardı. Deyərdi ki, bu bacarıq İzzət nənəmdə də olub. Rəfiqə xanım geyimlərini adətən dərziyə tikdirərdi və ona görə də həmin tikiş maşınının yanında anamın alıb üst-üstə yığdığı müxtəlif parçalar olardı. Zamanla hiss etdim ki, bu tikiş maşını məni özünə çəkir və tikməyə cəhd etdim. Gördüm ki, rahatlıqla bunun öhdəsindən gələ bilirəm və özüm üçün anamın aldığı parçalar üzərindən eksperimentlər etməyə başladım. Bacarığım var idi deyə, çətinliyim olmadı. Artıq tikiş dünyasına daxil olduğumdan bütün yenilikləri izləyirdim. Elə bir zaman oldu ki, "Burda" moda jurnalı dərc edilməyə başladı və orada da tikiş üçün lekallar olurdu. Onların üzərindən rahatlıqla işləməyə başladım. O zaman yeddinci sinifdə oxuyurdum və artıq 16-17 yaşlarımda bacımla özümə heç bir çətinlik çəkmədən paltarlar tikirdim. Hətta anama da təklif edirdim ki, gəl sənin üçün də istədiyin geyimi tikim. O isə deyərdi ki, mənim peşəkar dərzim var, sən elə özünüz üçün tik. Amma mən bununla kifayətlənmədim Modelyer sənətini daha dərindən dərk etmək üçün məşhur modelyerlərin fəaliyyətini araşdırmağa başladım. O zaman məlumat almaq indiki kimi asan deyildi. Müxtəlif mənbələrdən - jurnalardan, qəzetlərdən, kitabxanalardan Kristian Dior, Koko Şanel haqqında məlumatlar toplayırdım və oxuduqca onların keçdiyi yolu, fəaliyyətini təsəvvürümdə canlandırırdım. Beləcə, bu peşəni dərk etməyə başladım. Sonra isə qarşıma belə bir məqsəd qoydum ki, dünyaca məşhur modelyerlərlə görüşməliyəm və mən bu hədəfə çatdım. Bununla bağlı xeyli unudulmaz xatirələrim var. Dünya moda sənətinin əfsanəsi olan Pyer Kardenlə, Pako Rabanla, rusiyalı məşhurlar Valentin Yudaşkinlə, Vyaçeslav Zaysevlə şəxsən görüşüb tanış olmaq məni hədəfimə çatdırdı. Təəssüflər olsun ki, onlar artıq dünyalarını dəyişiblər. Türkiyəli modelyer Yıldırım Mayrukla görüşüm unudulmazdır. Onlar tərəfindən çox səmimi qarşılanaraq məsləhətlərini, tövsiyələrini eşitmək bir məktəbə bərabərdir və mən onları özümə müəllim sayıram Yaradıcılığınızda millilik daha qabarıqdır Bu, mənim içimdən gələn bir hissdir. Bayaq müəllimlərimin adlarını sadaladım. Onlar Avropa moda məktəbinin nümayəndələri olublar. Özüm də bu üslubu öyrənmişəm, çox sayda tədbirlərdə iştirak etmişəm. Lakin sırf Avropa üslubunda bir kolleksiya yaratmaq istəsəm də, bu, məndə alınmaz. Çünki kolleksiyalarımda milli çalarlar, rənglər, onların sintezi hardasa özünü mütləq göstərir. Bunu sırf layihə kimi heç zaman etməmişəm. Düşünürəm ki, bunun da şüuraltı bir səbəbi var. Ata tərəfim Qarabağdandır. Şuşada tanınmış Xələfbəyovlar nəslindən olub. Onun Şuşa haqqındakı xatirələri bitib-tükənmirdi. Həmişə bizə Şuşadan danışardı, onların dövründən, həyat tərzindən elə danışardı ki, həmin mühit gözlərimiz önündə canlanardı. Bu söhbətləri dinlədikcə özlüyümdə təsəvvür edirdim ki, o dövrün xanımlarının çox gözəl geyimləri olub, müxtəlif aksesuarlarla bəzəniblər və xəyalımda sanki bir nağıl dünyası görürdüm. Erkən yaşlarımızdan valideynlərimiz davamlı olaraq bizi muzeylərə, teatr tamaşalarına aparıblar. Tarix muzeyində, İncəsənət muzeyində gördüyüm eksponatlarda millilik diqqətimi xüsusi çəkərdi. Yadımdadır, bir dəfə anamla Milli Dram Teatrında "Xurşidbanu Natəvan" tamaşasına baxdıq. Xan qızının rolunda rəhmətlik Amaliya Pənahova çıxış edirdi. İndiyə qədər yadımdadır ki, tamaşadan çox təsirlənmişdim. "O olmasın, bu olsun", "Arşın mal alan", "Dəli Kür" kimi milli ruhda çəkilən filmlərimizi çox maraqla seyr etmişəm. Ona görə də kolleksiyalarımda bu, öz ifadəsini tapır Elə qisim insanlar var ki, dəblə uyğunlaşmağı mütləq hesab edirlər Deməzdim ki, mütləqdir. Lakin həmişə məsləhət görürəm ki, dəbi hiss etmək lazımdır. Əslində dəblə ayaqlaşmaq yaxşı haldır, çünki dəb insanı həm müasirləşdirə, həm də gəncləşdirə bilir və bunu faydalı proses hesab edirəm. Burada insanın zövqü də özünü büruzə verir Zövq dediniz, amma zövq hər kəsdə olmur axı Zövq haqqında xeyli araşdırmalar aparmışam və bu haqda mənə çox suallar da verirlər. Zövq daxildənmi gəlir, onu öyrənmək olarmı və ya dəb bunu diktə edə bilərmi və sairə. Öz müşahidələrimə əsasən düşünürəm ki, zövq daxildən gəlir. Razıyam ki, hər kəs zövqlü ola bilmir. Olur ki, xanımlar geyimləri uyğunlaşdıra bilmədiklərini etiraf edirlər. Bu baxımdan artıq müasir satış strategiyaları dəyişib və bu da zövqü zəif olanlara bir köməkdir. Artıq geyim markaları özləri geyimi komplekləşdirir və satışa çıxarır. Alıcı baxır, seçimini edir. Əgər əvvəl biz mağazaları gəzərək, birindən çanta, digərindən ayaqqabı, o birisindən ona uyğun geyim alırdıqsa, bu gün bunlara ehtiyac qalmayıb. Bu günün gənci də, orta yaşlısı da hər şeyi hazır görüb ala bilir. Yəni bu gün zövqü olmayanlar əziyyət çəkmirlər Geyimlərdə rəng çalarlarının uyğunluğu Modelyerin peşəkarlığını moda tənqidçiləri bilirsiniz necə müəyyən edirlər? Əgər modelyer bir geyimdə beş-altı rəngi sintez edə bilirsə, deməli, peşəkardır. Bu sintez elə olmalıdır ki, rənglərin harmoniyası rəssamın palitrası kimi görünə bilsin. Kolleksiyalarımda elə geyimlər olub ki, orada yeddi rəngi sintez edə bilmişəm. Qeyri-təvazökarlıq kimi səslənməsin, bunu sırf peşəkarlar edə bilirlər. Rəng çalarlarında söz düşmüşkən, kolleksiyamdakı bir libasdan danışmaq istərdim. Azərbaycanda ilk modelyerəm ki, libasda bayrağımızın rənglərini tərənnüm etmişəm. Xüsusi olaraq vurğulayıram ki, bu, bayraq deyil, bayrağımızı əks etdirən üç rəngin harmoniyasından yaranan libasdır. Etiraf edirəm ki, dünyaca məşhur ingilis modelyeri Aleksandr Makkuindən ilhamlanaraq mən bu cəsarətli addımı atdım. Onun ingilis bayrağını libasda tərənnüm etdiyini görəndə heyrətimi gizlədə bilməmişdim. Sonra bir daha dönə-dönə bayrağımızın rənglərinə baxdım və düşündüm ki, belə gözəl rənglərin möhtəşəm sintezini yaratmaq olar. Düşündüyüm kimi də etdim, on iki-on üç metr ipək parça işlətməklə mən həmin libası yaratdım. İndi çox sevinirəm ki, bu ideyam kütləvi şəkil aldı. Uşaq kollektivlərinin, rəqqasələrimizin bayrağımızın rəng çalarları olan geyimlərdə çıxışları mənə olduqca xoş təsir bağışlayır Kolleksiyanıza məxsus üç libas bu gün Ermitajın "Kostyum qalereyası" fondunda saxlanılır Maraqlı fakta toxundunuz. Kolleksiyalarımı yaradanda bəzən elə geyimlər alınırdı ki, mən onları unikal adlandırırdım. Özlüyümdə düşünürdüm ki, kaş bu geyimi hansısa bir muzeyə verə biləydim, eksponat kimi gələcək nəsillərə çataydı. Elə alındı ki, ölkəmizin təqdimatı ilə hər il Sankt-Peterburqda keçirilən Humanitar foruma dəvət aldım. Ermitajda dizaynerlərə ünvanlanan müasir geyim kolleksiyalarının toplanması üçün müsabiqə elan olunduğunu eşitdim. Ermitajda kifayət qədər möhtəşəm tarixi geyim eksponatları var. Müsabiqənin məqsədi isə yeni kolleksiyanın gələcək nəsillərə çatdırılması idi. Müsabiqəyə qatılmağa qərar verdim, iştirak etmək üçün lazım olan anketi doldurdum. Orada təqdim edəcəyin kolleksiyanın bütün xüsusiyyətlərini qeyd etmək lazım idi. Üç geyimim vardı ki, onlar həqiqətən də unikal idi. Libasın birinin dekoru yarımtəbii daşlardan ibarət idi. İkincisi günəş simvolu olan çox gözəl ipək parçadan hazırlanmışdı. Günəş simvolu qədim Qarabağ kəlağayılarının hamısında əks olunan bir element olub. Üçüncü libasım Avropa üslubunda idi və bu geyimdə krujevadan istifadə etmişdim. O krujevalardan ki, onları Parisdən antik bir mağazadan almışdım. Hər üç geyimin həm mahiyyəti, həm dəyəri çox yüksək idi və komissiya onları eksponat kimi qəbul etdi. Təbii ki, sevincim yerə-göyə sığmırdı. Bir sənətkarın əl işinin dünyaca məşhur muzeydə saxlanılmasını onun fəaliyyətinin zirvəsi hesab etmək olar. Sevindirici haldır ki, bizim muzeylərdə də artıq bu proses başlayıb. Tarix və Xalça muzeylərindən artıq təklif almışam və bunun gələcək nəsillərə çatdırılması çox vacibdir Parisdə məşhur "ETHICAL FASHION SHOW" moda tədbiri var və 2007-ci ildə Azərbaycanı orada ilk olaraq siz təmsil etmisiniz Təxminən 2004-cü ildən mənim internet saytım fəaliyyət göstərir. Bacardığımız kimi bir sayt yaratmışdıq. Günlərin birində elektron poçtumu yoxlayanda orada bir dəvət gördüm. Yəqin ki, saytımızla tanış olub belə bir dəvəti mənə göndərmişdilər. Artıq milli üslubda çalışan dizayner kimi kolleksiyalarım tanınırdı. Festivala xüsusi hazırlaşmışdım. Orada gözəl moda nümayişim keçirildi, sərgi oldu, mənə ayrılan stendlə maraqlananlar çox idi. Mən ölkədən kənarda qatıldığım tədbirlərə gedəndə özümlə Azərbaycan haqqında məlumatları əks etdirən kitablar, bukletlər aparıram və oradakı iştirakçılara təqdim edirəm. Bunu dedim bir hadisə yadıma düşdü. 2000-ci ildə ilk dəfə Pyer Kardenlə görüşüm oldu. Almaniyanın Hannover şəhərində keçirilən Ümumdünya sərgisində Azərbaycanı təmsil edirdim. Bu şəhər Parisə çox yaxındır, çıxışların arasında iki gün boş vaxt var idi. Parisdə yaşayan rəfiqələrim Pyer Kardenlə görüşmək üçün vaxt almışdılar və mən təyin olunan vaxtda orada oldum. Özümlə yenə də kitab və bukletlər götürmüşdüm. Modelyer məndən haradan olduğumu soruşdu, Azərbaycandan olduğumu dedim. O zaman bizim haqqımızda məlumat az idi. Dərhal xəritəni açdım və Azərbaycanı, Xəzər dənizini göstərdim. Bu görüşün üstündən illər keçdi və 2009-cu ildə Pyer Karden Tahir Salahovun yubileyinə dəvət olunmuşdu. Həmin tədbirdə məni işarə edib dedi ki, ilk dəfə mənə Azərbaycanı xəritədə bu xanım göstərib, lakin indi artıq özüm bu ölkədəyəm və vətənimə xoş təəssüratlarla qayıdacağam. Yəni mənim üçün Azərbaycanı beynəlxalq aləmdə təmsil etmək böyük məsuliyyət olub. Amma vətənə mükafatla qayıtmağın sevinci daşıdığın bu məsuliyyətin ağırlığını unutdura bilir Söhbət əsnasında kökünüzün Qarabağdan olduğunuzu dediniz və Şuşanı xüsusi olaraq vurğuladınız. Ora ilə bağlı xatirələriniz yəqin ki var Kiçik yaşlarımda da, gənclik illərimdə də Şuşaya mütəmadi gedərdik. Orada çox qohumlarımız vardı, onlara qonaq gedər, maraqlı vaxt keçirərdik. Atamgilə məxsus olan mülk bəy evləri siyahısında idi və sovet dönəmində müsadirə olunmuşdu. Müstəqillik illərində atam həmin mülkün qaytarılması üçün hərəkətə keçmişdi ki, məlum hadisələr baş verdi və uzun illər Şuşadan ayrı qaldıq. Sonuncu dəfə 1986-cı ildə olduğum Şuşaya müharibədən sonra 2022-ci ilin may ayında Şuşa icmasının nümayəndələri ilə birlikdə getdim. Yarıdağıdılmış vəziyyətdə olsa da, o bəy evini gördüm, əlimi daşlarına sürtdüm. Təəssüf ki, onu bərpa etmək mümkün deyil. Artıq dəfələrlə o torpaqlara getmişəm və bu fürsəti heç zaman qaçırmamışam. Xan qızı Natəvanın 190 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi üçün ölkə başçısı sərəncam vermişdi. Nümayəndə heyətinin tərkibində mən də vardım. Orada olarkən kökü Qarabağa bağlı olan bir neçə xanım xan qızı haqqında sənədli bir film çəkmək qərarına gəldik. Ssenarini folklorşünas Fəridə Hicran öz üzərinə götürdü. Bu ideya ilə yola çıxdıq və həmin sənədli filmi ərsəyə gətirdik. Həm Şuşada, həm Bakıda təqdimat keçirildi, televiziya kanallarında bu sənədli film nümayiş olundu Bildiyim qədər xan qızının obrazını siz yaratmısınız Düzü, bu, mənim üçün gözlənilməz oldu. Çəkilişləri Şuşada və Ağdamda aparırdıq. Şairə ilə qohumluq əlaqələri olan ailələri taparaq, nəsildən nəsilə ötürülən xatirələri maraqla çəkirdik. Film artıq bitmək üzrə idi, yaradıcı heyət belə qərara gəldi ki, xan qızının obrazını göstərmək lazımdır, çünki Xurşidbanu Natəvanın bir neçə arxiv şəkli və bir portreti vardı, canlı görünüşü isə yoxdur. Gördüm ki, hamı bir-birinə baxdı və rolu canlandırmağı mənə təklif etdilər. Obraza uyğun məndə geyimdən tutmuş bəzək əşyalarına, baş örtüyünə qədər hər şey vardı. Razılaşdım, çünki yaradıcılığımda bu bir yenilik oldu. Daha əvvəllər müxtəlif vaxtlarda bir neçə dəfə mənə filmdə çəkilmək təklifi almışdım. İstəyim olsa da, vaxt baxımından təkliflərdən imtina etməli oldum. Natəvan obrazı isə içimdəki hisslərə toxundu, zamanında gördüyüm tamaşanı xatırlatdı və həvəslə razılıq verdim. Şuşada Natəvanın sökülüb dağılmış evində çəkiliş aparanda mənə içəri girməyin təhlükəli olduğunu desələr də, öz fikrimdə qaldım. Dekabr ayı, hava çox soyuq, əynimdə milli geyim və beynimdə qəti fikrim. Əgər mən bu obrazı oynayıramsa, o evə mütləq daxil olmalıyam. Heç kəs məni fikrimdən daşındıra bilmədi. İdeya ondan ibarət idi ki, evə gələn xan qızının ruhudur. Səsləndirilən şeirlərdə ev əvvəlki görkəmindədir, burada şeir məclisləri qurulur, qəzəllər səsləndirilir, xan qızı eyvandan Şuşaya baxır. Bunları bacardığım qədər canlandırmağa çalışdım. Şuşa soyuq aylarda dumansız olmur. Bir də gördük ki, uçulmuş evi duman bürüdü və son kadrlarda Xurşidbanu Natəvan dumanın içində yox olur. Qeyri-adi bir səhnə yarandı və bir neçə gün mən bunun təsirindən qurtula bilmədim Sənətə gəlişinizlə bağlı danışanda çox həssaslıqla ananızın, nənənizin adını çəkdiniz. Bir az da onlardan danışaq Təhsilimdə, qazandığım uğurlarımda valideynlərimin rolu böyük olub. Arzuların əksəriyyəti insan ömrünün gənclik illərini əhatə edir. Psixoloqlar deyirlər ki, sizin əldə etdiyiniz uğurlar sizin gənclik arzularınızdır və mənim hansısa nailiyyətim olanda onu ata-anamla paylaşırdım. Qız övladı anaya daha yaxın olur və mən bunu öz həyatımda yaxından görmüşəm. Rəfiqə xanım uzun illərin pedaqoji təcrübəsinə malik böyük müəllim və ziyalı olub. O, dinləmək, analiz etmək, çıxış yolları axtarmaq istiqamətində yüksək bacarığa malik idi. Anam həm övladlarına, həm də tələbələrinə qarşı çox həssas idi. Mən "Neft ilahəsi" adlanan ilk kolleksiyamda anamın alıb yığdığı parçalardan istifadə etdim. Onun səxavətlə mənə verdiyi parçalardan iyirmiyə qədər libas tikdim, həmin kolleksiya ilə Qazaxıstanda beynəlxalq festivalda çıxış etdim və laureat adını qazandım. İlklər heç zaman unudulmur və anamın mənə bəxş etdiyi bu ilk uğur unudulmazdır. Nənəm İzzət xanımı anamın danışdığı xatirələrdən tanıyıram, çünki onu görməmişəm. Və eşitdiyim həmin xatirələrdən özüm üçün onun bir obrazını yaratmışam. Şəkillərdən də görmüşəm ki, İzzət xanım çox incə qadın olub, amma mən onu çox güclü qadın zənn etmişəm. Çoxuşaqlı ailədə övladlarının hamısına ali təhsil verən bir qadın böyük güc sahibi ola bilərdi. Üstəlik, bu övladların hamısı Azərbaycanın elm, təhsil sahəsində, ictimai-siyasi həyatında aparıcı qüvvəyə malik olmaqla, öz imkan və bacarıqları ilə xalqın rifahı və mənafeyi naminə yorulmadan çalışaraq mübarizə aparıblar. İzzət xanım başına yalnız kəlağayı örtərmiş. Anam danışardı ki, o, kəlağayılarını səliqə ilə qatlayıb arasına reyhan ləçəkləri düzərdi ki, başına örtəndə xoş rayihə gəlsin Və zamanla mən öz ətir kolleksiyamı yaradanda düşünmüşdüm ki, bu maraq mənə nənəmdən keçib. Allah hamısına rəhmət eləsin Azərbaycan xalqı üçün Ulu öndər, sizin isə həm də dayınız Heydər Əliyev O, çox işıqlı insan olub, onunla bağlı xatirələrim də yaddaşımda çox işıqlı izlər buraxıb. Həmin xatirələr canlanda içimdə xüsusi bir ovqat yaranır. Mayın 10-u onun doğum günü idi və ailə olaraq həmin günü adətən bir yerə yığışardıq. Ailənin gənclərinə dayımın xüsusi diqqəti vardı. Ayrılıqda hamımızla hal-əhval tutar, dərslərimizlə maraqlanar, seçəcəyimiz peşə haqqında fikirlərimizi soruşardı. Belə yığıncaqların birində məndən gələcəyim haqqında nə kimi planlarım var deyə soruşanda, mən dərhal cavab verdim ki, moda ilə məşğul olacağam. Bəlkə də bu fikir ona bir qədər təəccüblü gəlmişdi deyə, təkrarən məndən soruşdu - moda ilə? Bir qədər pauzadan sonra dedi ki, moda çox maraqlı sahədir, mən sənə uğurlar arzu edirəm. Ümumiyyətlə, Ulu öndər söhbətinin sonunda həmişə bu ifadəni işlədərdi: "Sizə uğurlar arzu edirəm". Bunu eşidəndə özlüyümdə o qədər sevindim ki, Heydər Əliyev kimi bir şəxsiyyət mənə uğurlar arzuladı, hansı ki, hələ qarşıda məni nələrin gözlədiyini bilmirdim. Çox qayğıkeş, diqqətcil, duyğusal, dəqiq, ciddi, yumor hissi olan bir insan kimi yaşayır xatirəmdə. Vətən, xalq, millət onun həyatının ən başlıca amalı idi. Güclü məntiqi, uzaqgörən siyasəti ilə Azərbaycanı dünyaya tanıda bildi. Həqiqətən şəninə yazılmış mahnıda deyildiyi kimi: xalq hər zaman Heydər söyləyəcək Qayıdaq yaradıcılığınıza... Modelyerlikdən savayı, siz öz ətir kolleksiyanızı da yaratdınız Bu, beynəlxalq bir təcrübədir. Ətirlərin böyük qismi moda brendlərinə aiddir, yəni bu, artıq bir ənənəyə çevrilib. Görəndə ki, artıq kolleksiyalarımla, fəaliyyətimlə tanınıram, moda dünyasında modelyer-dizayner kimi müsbət qarşılanıram, düşündüm ki, mənim də brend ətrim olsun. Bu məqsədlə hərəkətə keçdim. Amma mənim üçün bir işə başlamağın yolu ilk növbədə onun təhsilindən keçir, çünki peşəkar bilgi almaq yaradıcılığımın əsas xəttidir. Ona görə də Fransanın Qras şəhərində ətriyyatçıların kursuna yazıldım. Dağlarda yerləşən bu qədim şəhər tarixən parfümeriyanın mərkəzi sayılır. Orada baza bilgiləri aldım, testlərdən keçdim və sonda mənə diplom təqdim etdilər ki, bir parfümer kimi fəaliyyət göstərə bilərəm. Beləcə, yeni bir yola çıxdım və bu, daha çox mənim biznesimdir. Baxmayaraq ki, ətir dünyasında böyük rəqabət var, mən çəkinmədim və nəticə göstərdi ki, uduzmadım. Ətirlərim xanımlarımız tərəfindən bəyənilir və alınır İstər modelyer-dizayner, istər parfümer kimi sənətiniz sonunda gözəlliyə söykənir. Belə bir deyim də var: dünyanı gözəllik xilas edəcək Dostoyevskinin məşhur deyimidir. Gözəlliyin qədrini bilən heç zaman ona xələl gəlməsini istəməz. Bizi əhatə edən hər tərəfdə gözəllik var. Əfsuslar olsun ki, bu gün dünyada müharibələr də var, təbii fəlakətlər də var, insan ölümü də var və bunu törədənlər təbii ki, gözəlliyin qədrini bilməz. Gözəl nə varsa, onu qorumaq və gələcək nəslə çatdırmaq lazımdır. Biz otuz il ərzində qonşu adlandırdıqlarımızın Qarabağın gözəlliyini necə talan və məhv etdiyini gördük. Bir ömür lazımdır ki, onlar yenidən bərpa olunsun. Təbii ki, biz bunu edəcəyik. Gözəllik dünyanı o zaman xilas edəcək ki, bəşəriyyət gözəlliyi qoruya biləcək SÖZARDI: Bu gün dəb və gözəllikdən danışdıq. Gözəllik səsli-küylü olmur. O, sakit və özünə arxayındır. Dəb isə cəsarət tələb edir - dəyişmək, yenilənmək, özünü yenidən kəşf etmək cəsarəti. Səssiz gözəlliyin içində cəsarətli olmağı bacaraq