"Müharibə apofeozu" - "Bir rəsmin dedikləri"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Xədicə Həmidovadır. Müsahibimizlə məşhur rus rəssamı Vasili Vasilyeviç Vereşşaginin "Müharibə apofeozu" əsərindən danışmışıq Vasili Vasilyeviç Vereşşagin 1842-ci ildə zadəgan ailəsində anadan olub. Vereşşagin əvvəlcə qardaşları ilə birl

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Xədicə Həmidovadır. Müsahibimizlə məşhur rus rəssamı Vasili Vasilyeviç Vereşşaginin "Müharibə apofeozu" əsərindən danışmışıq Vasili Vasilyeviç Vereşşagin 1842-ci ildə zadəgan ailəsində anadan olub. Vereşşagin əvvəlcə qardaşları ilə birlikdə hərbi məktəbdə təhsil alıb. Lakin sonradan o, rəssamlığa böyük maraq göstərmiş, hərbi xidmətdən istefa verərək Rəssamlıq Akademiyasında təhsil almağa başlamışdı. Bu qərar ailəsi tərəfindən, xüsusilə atası tərəfindən xoş qarşılanmamışdı Öz sənət bacarığını daha da inkişaf etdirmək məqsədilə o, Fransaya getmiş və məşhur fransız rəssamı Jan-Leon Jeromun emalatxanasında çalışaraq texnikasını təkmilləşdirmişdi Fransada təhsilini başa vurduqdan sonra V.Vereşşagin general Kaufmanın çağırışı ilə 1860-cı illərdə Orta Asiya yürüşlərində iştirak edib. Həmin dövrdə Səmərqənd qalası uğrunda döyüşlər baş vermişdi. Yerli qüvvələrin hücumu zamanı Vereşşagin yalnız müşahidəçi kimi deyil, həm də fəal iştirakçı kimi çıxış etmişdi. Döyüşlərdə göstərdiyi şücaətə görə o, Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdu. Vereşşagin sonradan bu hadisələri və müharibənin acı reallıqlarını öz tablolarında realist və təsirli şəkildə əks etdirmişdi Vasili Vereşşagin öz əsərlərində müharibənin qələbələrini və triumflarını yox, əksinə, onun acı və çətin tərəflərini əks etdirirdi. O, tablolarında yaralı, çarəsiz əsgərləri, məhv olmuş şəhərləri və müharibənin zorakılıq dolu səhnələrini realist şəkildə təsvir edirdi. Müharibənin bu "arxa planını" bu qədər açıq göstərməsi dövrün zadəganları tərəfindən mənfi qarşılanırdı. Əslində, o dövrdə imperator III Aleksandr də onun bu cür realistik yanaşmasını bəyənmir və onu tənqid edirdi. Lakin müxbirlər və sənət tənqidçiləri, o cümlədən İlya Repin, Vereşşagini mahir rəssam və realizmin nümunəvi nümayəndəsi kimi yüksək qiymətləndirirdilər Əsərin yaranma tarixçəsi haqqında hansı faktlar məlumdur? Ön planda günəş altında yanmış torpaq üzərində insan kəllələrindən ibarət bir piramida görürük. Kəllələr son dərəcə dəqiq və realist şəkildə təsvir edilib. O qədər detallıdır ki, hər birinin üzərində ölüm səbəbinin izlərini görmək mümkündür: bəzilərində tüfəng gülləsinin izi, digərlərində isə qılınc zərbəsinin açıq əlamətləri seçilir. Bəzi kəllələrin ifadəsində sanki son anın emosiyaları - qorxu, təşviş və ümidsizlik - hələ də qalmaqdadır Arxa planda isə dağıdılmış, viranəyə çevrilmiş bir şəhər təsvir olunmuşdu. Piramidanın üzərində qarğalar uçur. Qarğalar burada ölümün və sonun rəmzi kimi çıxış edir. Onların uçuşu sanki bu kəllələrdən ibarət piramidanı bir mərasimə, hətta bir növ şənliyə çevirir V.Vereşşagin ümumiyyətlə, əsərlərini özünəməxsus çərçivədə təqdim edirdi və həmin çərçivənin aşağı hissəsində yazı yerləşdirirdi. Bu yazı vasitəsilə rəssam əsərin əsas ideyasını və konsepsiyasını daha aydın şəkildə ifadə edirdi. Rəssam bu əsəri yaradarkən konkret tarixi mənbələrə və hadisələrə istinad etmişdi. Lakin müxtəlif ədəbiyyatlarda əsərin yaranma səbəbi ilə bağlı fərqli versiyalar mövcuddur Birinci versiyaya görə, rəssam XIV əsrdə yaşamış Əmir Teymurun yürüşlərindən təsirlənmişdi. Tarixi mənbələrdə qeyd olunur ki, Əmir Teymur fəth etdiyi ərazilərdə ona müqavimət göstərən insanların başlarını kəsdirərək onların kəllələrindən piramidalar qururdu. Bu piramidalar onun güc və qüdrətinin rəmzi kimi çıxış edir, itaətsizlik göstərən xalqlara qorxu mesajı verirdi. Bəzi mənbələrə görə, XIX əsrdə belə kəllə piramidalarının qalıqları hələ də mövcud idi və Vereşşagin onları görərək əsərində təsvir etmiş ola bilər İkinci versiyaya əsasən, XIX əsrdə Orta Asiyada xüsusilə qəddarlığı ilə seçilən yerli hakimlərdən biri - Hacı Qara adlı şəxs - itaətsizlik göstərən insanların kəllələrindən piramidalar düzəldirdi. Bu da onun hakimiyyətini və sərt idarə üsulunu nümayiş etdirmək vasitəsi idi Üçüncü versiyaya görə, XIX əsrdə Qərbi Çində baş verən hadisələr zamanı yerli hakimiyyət müsəlman əhalinin üsyanını qəddarcasına boğmuşdu. Bu faktın da Vereşşaginin yaradıcılığına təsir göstərdiyi ehtimal edilir Başqa bir rəvayət isə Əmir Teymurla bağlıdır. Rəvayətə görə, Dəməşq və Bağdaddan olan bir qrup qadın onun yanına gələrək ərlərinin xəyanətindən şikayət etmişdi. Teymur isə bu məsələni özünəməxsus şəkildə həll etmiş, xəyanət edən kişilərin başlarını kəsdirərək onlardan yeddi piramida düzəltdirmişdi İlkin olaraq V.Verişşagin bu əsərə "Teymur Ləngin apofeozu" və ya "Teymurun apofeozu" adını vermək niyyətində imiş. Çünki bir çox sadə və tarixi mənbələrə əsasən, əsərin ideyası məhz Əmir Teymurun yürüşlərindən ilhamlanmışdı Əsər Münhendə yaradılmışdı. Lakin Vereşşagin yalnız tarixi mənbələrə deyil, şəxsi müşahidələrinə də əsaslanırdı. O, Səmərqənddə baş verən hərbi hadisələrin şahidi olmuş, həmçinin Prussiya-Rusiya müharibəsini və Osmanlı-Rusiya müharibəsini görmüşdü. Ümumilikdə, yaşadığı dövrün müharibə reallıqları onun yaradıcılığına dərin təsir göstərmişdi. Məhz buna görə rəssam əsərə daha qlobal məna vermək istəmişdi. O, mövzunu təkcə Əmir Teymurun dövrü ilə məhdudlaşdırmaq istəməmiş, müharibə fenomenini ümumbəşəri faciə kimi təqdim etməyə çalışmışdı. Bu səbəbdən də əsərə "Müharibənin apofeozu" adını vermişdi. Britaniyada sərgiləndiyi dövrdə Vereşşagin əsərləri üzərində "satılmır" qeyd edilmişdi, çünki rəssam istəyirdi ki, onun Türkistan silsiləsi tam şəklində, hansısa filantrop tərəfindən alınsın. Bu əsərlər əlbəttə ki, böyük məbləğ müqabilində satıla bilərdi, amma sərt mövzulu seriyanı heç kim almaq istəməmişdi Bu dövrdə Pavel Tretyakov işə qarışır. O, qardaşının köməyi ilə V.Vereşşaginin Türkistan seriyasından bütün əsərləri alır və öz qalereyasına, kolleksiyasına əlavə edir. O dövrdə bu kolleksiya Tretyakov tərəfindən çox yüksək qiymətə satın alınmışdı Əsərin rəng həlli necədir? Burada müharibə tematikası, yəni zorakılıq mövzusu təsvir olunsa da, tünd rənglərdən istifadə edilməyib. Əksinə, əsər çox işıqlı tonlarda, yəni açıq rənglərlə işlənmişdi. Bir neçə tədqiqatçı səhvən rəssamı Səyyar Rəssamlar Cəmiyyətinə aid edirdilər, lakin Vereşşagin özü heç vaxt Səyyar rəssamlar cəmiyyətinə üzv olmamış və ümumiyyətlə, rəssamlıq cəmiyyətlərinə üzv olmaqdan qaçaraq müstəqil fəaliyyətlə məşğul olmağı üstün tutmuşdu. Buna baxmayaraq, onun işıq həlli, realizmi və tarixi dəqiqliyi üslub və texnika baxımından Səyyar rəssamlara yaxınlaşdırır. Bu əsərdə də rəng həlli məhz o dövrün səyyar rəssamlarına xas üslubla oxşarlıq göstərir. Əsərdə əsasən açıq rənglərdən istifadə edilmişdi. Xüsusilə göy və sarı rənglərin bir-birinə kontrast yaratması diqqət çəkir. Göy rəng soyuq və sakit bir ton təqdim edir, sarı isə isti və canlı bir ton olmaqla kontrastı gücləndirir Yəni əsər müharibənin apofeozunu təsvir etsə də, zorakılıq üzərində qurulmuş qələbəni göstərdiyi üçün hadisə heç də müsbət bir məzmun daşımır. Bu ziddiyyətlər rənglər vasitəsilə vurğulanır Bəs kompozisiya haqqında nə deyə bilərsiniz? Kompozisiyanın mərkəzini insan kəllələrindən ibarət piramida təşkil edir, arxa hissədə isə dağıdılmış şəhər yerləşir. Bu, kompozisiyada çox maraqlı bir məqamı əks etdirir. Rəssam göstərir ki, insan kəllələri faktiki olaraq insan həyatlarının itirilməsini simvolizə edir və bu, kompozisiyada insan faktorunu ön plana çəkir. Yəni diqqətimiz dağıdılmış şəhərlərə deyil, dağıdılmış insan həyatlarına və talelərinə yönəldilib. Dağıdılmış şəhər arxa planda təsvir olunub və ilk baxışda nəzərə çarpmır. Əvvəlki dövrlərin rəssamlarının əsərlərinə baxsaq, onlar daha çox dağıdılmış şəhərləri ön plana çıxarır, insan talelərini və ölü bədənləri isə kiçik formatda təsvir edirdilər. Burada isə humanizm ön plana çıxır - rəssam üçün insan faktoru daha əhəmiyyətlidir, şəhər isə ikinci plandadır. Bu yanaşmanın məntiqi budur ki, insan olmazsa, yaradılmış şəhərlər də olmaz, çünki şəhərlərin yaradıcıları məhz insanlardır. İnsanların ölümü isə şəhərin ölümü ilə bərabərdir. "Müharibə Apofeozu" əsərinin kompozisiyası çox maraqlıdır, çünki burada heç bir canlı istifadə edilməmişdi və kompozisiya tam olaraq insan kəllələrindən ibarət olub üçbucaq formasında özünü göstərir. Üçbucaq forması incəsənət tarixində qələbənin və qüdrətin rəmzi kimi tanınır. Məsələn, Barokko dövründə apofeoz janrında üçbucaq forması qələbəni simvolizə edirdi. Bu forma yuxarıya doğru yönələn bir fiqur kimi təqdim olunur və əsərdə istifadə olunması məqsədəuyğundur. Lakin bu apofeoz - yəni qələbə - sadə bir qələbə deyil. Bu, zorakılıq üzərində qurulmuş bir qələbədir. Üçbucaq forması insan kəllərindən təşkil olunduğundan bu, müharibənin qələbəsini zorakılıq üzərində qurulduğunu simvolizə edir. Əsər iki hissədən ibarətdir: yuxarı hissə tam olaraq təmiz göy səthindən ibarətdir, aşağı hissə isə yer səthindən ibarət olub gün işıqları ilə işıqlanmışdır. Bu kompozisiya müharibənin dağıdıcı gücünü əks etdirir. Arxa planda dağıdılmış şəhər görünür. Buradan rəssam göstərir ki, müharibə və zorakılıq nəticəsində insan əli ilə yaradılmış hər şey bir anda dağıla bilər. İnsan kəllələri dağıdılmış şəhər və yandırılmış torpaq qələbənin böyük qəddarlıqla əldə olunduğunu göstərir. Kompozisiyanın ən maraqlı hissəsi qarğalardır. Qarğalar kəllələrin üzərində uçur və bu simvolik mənaya malikdir. Qarğalar dağıdılmanın bədbəxtçiliyin simvoludur. Müharibədən sonra qalan canlılar yalnız qarğalardır və onlar kəllələr vasitəsilə qida əldə edə bilirlər. Ümumiyyətlə, əsərin kompozisiyası çoxlu sayda simvoldan ibarətdir Tablo hazırda harada saxlanılır? Əsər "Tretyakov Qalereyası"nda qorunur Sizcə, bu rəsm bizə nə deyir? Rus incəsənətinin mahir rəssamı və batal janrının məşhur nümayəndələrindən olan Vasili Vereşşagin tez-tez qeyd edirdi ki, onun Orta Asiyaya getməsinin əsas səbəblərindən biri müharibənin həqiqi simasını görmək idi. Çünki o vaxta qədər müharibə haqqında təsəvvürü əsasən tablolar və digər rəssamların əsərləri vasitəsilə formalaşmışdı. Bu əsərlərdə isə müharibə daha çox ideallaşdırılmış şəkildə təsvir olunurdu və əsasən qələbə səhnələri, xüsusilə də rus əsgərlərinin triumfu göstərilirdi. Lakin Vereşşagin Türküstana gəldikdən sonra müharibənin əsl üzünü görür. O anlayır ki, müharibə yalnız qələbədən ibarət deyil; onun arxasında ağrı, zorakılıq və insan faciəsi dayanır. Bu səbəbdən o, müharibədən tamam başqa düşüncəyə malik bir insan kimi qayıdır. Rəssam öz əsərində təsvir olunan səhnəni kinayə ilə "natürmort" adlandırırdı və deyirdi ki, burada "ölü təbiət" təsvir olunub. Bu ifadəni həm məcazi, həm də birbaşa mənada işlədirdi. Vereşşaginin öz əsərinə natürmort adlandırılmasının səbəblərindən biri də XVI-XVII əsrlər Avropasında vanitas adlı bir natürmort qolunun mövcud olması ilə əlaqədar idi. Vanitas natürmortlarının əsas mərkəzi motivlərindən biri insan kəlləsi idi ki, məhz bu motivdən də Vereşşagin "Müharibənin Apofeozu" adlı əsərində istifadə etmişdi. Və bu natürmortlarda, yəni vanitas adlı natürmortlarda insan kəlləsi insan həyatının qısa və müvəqqəti olmasının simvolu idi və məhz bu simvoldan da Vereşşagin istifadə etmişdi Bu əsərdə rəssam müharibənin yalnız triumfunu və qalib tərəfin şöhrətini göstərməkdən imtina edir. Əksinə, o, müharibənin gətirdiyi faciələri və bədbəxtlikləri göstərməyə çalışır. Rəssam əvvəlcə bu əsəri Timur (Əmir Teymur) yürüşlərinin zorakılığını təsvir edən bir tablo kimi düşünmüşdü. Lakin onun yaşadığı dövrdə baş verən çoxsaylı müharibələr əsərin mənasını daha geniş və ümumbəşəri etmişdi Tablonun çərçivəsinin aşağı hissəsində yazılmış sözlər də bu fikri ifadə edir: "Keçmişin, indinin və gələcəyin bütün fatehlərinə həsr olunur". Rəssam bu əsərdə müharibənin nəticəsini göstərir və insanlara çatdırmaq istəyir ki, istər keçmişdə, istər indiki zamanda, istərsə də, gələcəkdə müharibələr insanlıq üçün eyni faciələri gətirir