Tenqri
Ana Sayfa
Dünya

Azərbaycan-Avropa İttifaqı: Tərəfdaşlıqda yeni mərhələ

Son illər Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərində yeni inkişaf dinamikası özünü göstərir. Avropa İttifaqı Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir, Bakının regionda sülh səylərini dəstəkləyir, eyni zamanda, ölkəmizin ən böyük ticarət tərəfdaşı və əsas sərmayə mən

3 gün önce0 görüntüleme525.az
Azərbaycan-Avropa İttifaqı: Tərəfdaşlıqda yeni mərhələ
Paylaş:

Son illər Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərində yeni inkişaf dinamikası özünü göstərir. Avropa İttifaqı Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir, Bakının regionda sülh səylərini dəstəkləyir, eyni zamanda, ölkəmizin ən böyük ticarət tərəfdaşı və əsas sərmayə mənbəyi olaraq qalır. Ötən il ərzində Azərbaycan və Aİ rəsmilərinin qarşılıqlı səfərləri, təhlükəsizlik, enerji və nəqliyyat sahələrində uğurlu dialoqlar da Aİ ilə münasibətlərin inkişafına öz töhfəsini verib. Bu müsbət dinamika əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi üçün əlverişli şərait yaradıb Bu baxımdan Aİ Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin və Aİ Şurası rəhbərinin birgə mətbuata bəyanatı Azərbaycan-Aİ münasibətlərinin yeni mərhələsini, strateji tərəfdaşlıq xarakterini yüksək səviyyədə təsdiqləməkdir. Sənəd Azərbaycanla Aİ arasında münasibətlərin birgə maraqları əks etdirən və qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda prinsiplərinə əsaslanan strateji əməkdaşlıq olduğunu açıqlayır Prezidentlər ayırıcı xətlərdən azad, dinc, sabit, qarşılıqlı əlaqəli və inkişaf edən Cənubi Qafqaz kimi ortaq strateji məqsədi bir daha təsdiqləyərək, regionda baş verən son müsbət hadisələri, xüsusilə də Azərbaycan-Ermənistan sülh prosesindəki tarixi irəliləyişi alqışlayıblar. Onlar 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvə Görüşünün nəticələrini və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı addımları yüksək qiymətləndiriblər Avropa İttifaqı Şurasının Prezidenti iki ölkənin ikitərəfli dialoq vasitəsilə regionda davamlı sülhə nail olmaq istiqamətində səylərini Aİ-nin tam dəstəklədiyini bir daha təsdiqləyib Prezidentlər Azərbaycanın münaqişədən sonrakı dövrdə Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı yenidənqurma və inkişaf səylərini vurğulayıblar. Çətinliklərin, xüsusilə də mina ilə çirklənmənin miqyasını qeyd edərək, onlar Avropa İttifaqının humanitar minatəmizləmə sahəsində aparıcı beynəlxalq donor olduğunu vurğulayıb, beynəlxalq dəstəyin artırılmasına çağırış ediblər. Bu, Azərbaycanın apardığı sülh siyasəti və yaratdığı yeni reallıqların tanınması deməkdir Birgə mətbuat bəyanatının əsas mesajlarından biri Azərbaycanın Aİ üçün etibarlı enerji təchizatçısı olmasıdır. Xüsusilə Yaxın Şərqdə cərəyan edən proseslər fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu göz önündədir Azərbaycanın regional bağlantılarda və nəqliyyat dəhlizlərində aparıcı rolu da sənəddə rəsmi şəkildə tanınır Prezidentlər ölkəmizin regional daşımalarda, xüsusilə də Orta Dəhliz vasitəsilə Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat, ticarət, enerji və rəqəmsallaşma sahələrində əlaqələrin gücləndirilməsində oynadığı aparıcı rolu vurğulayıblar. Avropa İttifaqı "Qlobal Qapı" çərçivəsində daşımalar, digər müvafiq mexanizmlər, o cümlədən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında dəmir yolunun müasirləşdirilməsinə dəstək, həmçinin TRIPP-in icrası üzrə davam edən səylərlə bağlı Azərbaycanla əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyib Eyni zamanda, sənəd göstərir ki, Azərbaycan-Aİ tərəfdaşlığı yalnız enerji və bağlantılar ilə məhdudlaşmır. Tərəflər müdafiə və təhlükəsizlik, rəqəmsal transformasiya və innovasiya, ticarət və investisiya, humanitar minatəmizləmə, bərpa olunan enerji və iqlim, təhsil, mədəniyyət və gənclər sahələri üzrə də əməkdaşlığın genişləndirilməsi niyyətini ifadə edir. Bəyanatda əks olunan çoxşaxəli tərəfdaşlıq imkanları yeni əməkdaşlıq perspektivləri açmaqla, Azərbaycan və Aİ-nin münasibətlərin uzunmüddətli və dayanıqlı əsasda inkişafı niyyətində olduğunu göstərir Beləliklə, həm ikitərəfli, həm də regional əhəmiyyət daşıyan bu sənəd Azərbaycanla Aİ arasında strateji tərəfdaşlığın əhəmiyyətini yüksək səviyyədə vurğulayır, mövcud əməkdaşlığın gücləndirilməsi və daha geniş spektrdə, mühüm əhəmiyyət daşıyan digər sahələr üzrə inkişaf etdirilməsi üçün zəmin yaradır Dövlət başçısı bəyan edib ki, Aİ ilə çox fəal dialoqumuz var, müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik, bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub Avropa İttifaqı illərdir ki, Azərbaycanın bir nömrəli ticari tərəfdaşdır. Prezident görüşdə bildirib ki, tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq: "Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur. Həmin vaxtdan etibarən biz həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracımızı artırmışıq. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır" Aİ Şurasının Prezidenti də bəyan edib ki, enerji təhlükəsizliyi ikitərəfli əməkdaşlığımızın təməlini təşkil edir: "Dörd il bundan əvvəl Versalda Avropa İttifaqı Şurası qaz, neft və kömürün təchizatı mənbələrinin şaxələndirilməsinə dair qərar qəbul etdi. Azərbaycan Cənub Qaz Dəhlizi sayəsində bu səylərdə həlledici rol oynadı. Bu gün nəticə göz qabağındadır. İrandakı müharibənin qlobal enerji bazarlarını sarsıtdığı bir vaxtda bizim enerji sahəsində hazırkı tərəfdaşlığımız heç zaman olmadığı kimi daha əhəmiyyətlidir. Avropa İttifaqı Azərbaycanın enerji keçidini dəstəkləmək üçün özəl investisiyaları və maliyyələşməni səfərbər etməyə hazırdır. Biz, həmçinin Avropanın təmiz texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərini sizin geniş planınızda daha fəal iştirak etməyə çağırırıq" Koşta söyləyib ki, Avropa İttifaqı Azərbaycanın dinc, sabit, qarşılıqlı əlaqələrə əsaslanan və çiçəklənən Cənubi Qafqaz hədəfini bölüşür: "Ermənistanla sülh prosesində əldə edilən irəliləyiş tarixi əhəmiyyət kəsb edir. Qlobal sabitsizlik fonunda aramızdakı əlaqələri gücləndirmək heç zaman olmadığı qədər vacibdir. Biz 2028-ci ildə Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi etməsini səbirsizliklə gözləyirik" Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli "525"ə bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Koştanın Azəbaycana ilk dəfə səfər etdi. Bu səfər Azərbaycan-Aİ münasibətlərinin inkişafı baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər: "Ümumiyyətlə, bu səfər tərəflər arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Məlum olduğu kimi, Azərbaycan uzun illərdir ki, Aİ üçün etibarlı tərəfdaş kimi çıxış edir. Xüsusilə enerji təhlükəsizliyi məsələsində ölkəmizin rolu son illərdə daha da artıb. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu xeyli artıb və bu məqam da Aİ tərəfindən yüksək səviyyədə dəyərləndirilir. Cənub Qaz Dəhlizi və Azərbaycanın Avropaya qaz ixracı konteksti hesab edirəm ki, bu əməkdaşlığın strateji xarakter daşıdığını göstərir" O əlavə edib ki, hər iki Prezidentin verdiyi birgə bəyanatlardan, açıqlamalardan Koştanın səfəri çərçivəsində regional təhlükəsizlik, Cənubi Qafqazda davamlı sülhün təmin olunması, həmçinin iqtisadi və nəqliyyat layihələri üzrə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu da görünür: "Bəyanatlardan məlum olur ki, bu kimi məsələlər, xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın dərinləşdirilməsi səfər çərçivəsində müzakirə olunub və bu baxımdan hesab edirəm ki, səfər həm Azərbaycan, həm də Avropa İttifaqı üçün qarşılıqlı maraqlara xidmət edən yeni imkanlar yarada bilər. Eyni zamanda, bu səfər Avropa İttifaqının regiona marağının davam etdiyini və Azərbaycanın Cənubi Qafqazda mühüm tərəfdaş kimi qəbul olunduğunu fikrimcə, bir daha nümayiş etdirir. Hesab edirəm ki, ümumilikdə Koştanın Azərbaycana səfəri siyasi dialoqun daha da intensivləşməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə və regionda sabitliyin möhkəmlənməsinə töhfə verə biləcək diplomatik addım kimi də dəyərləndirilə bilər. Yəni bu səfər Azərbaycan-Aİ münasibətlərinin yeni mərhələyə daxil olmasına ciddi töhfə verəcək" Milli Məclisin deputatı Vüqar Bayramov isə bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır: "2025-ci ildə Azərbaycanın 43 milyard 830 milyon dollarlıq ticarət dövriyyəsinin 42 faizindən çoxu Avropa İttifaqının payına düşüb. Azərbaycanın 22 milyard 642 milyon dollarlıq ümumi ixracının isə 69 faizi ittifaq dövlətlərinə yönəlib. Xarici ticarət dövriyyəsinin dördə biri quruma üzv olan İtaliyanın payına düşür. İllik 25.2 milyard kub metrlik qaz ixracının 12,8 milyard kubmetri Avropaya nəql edilir Azərbaycanın təbii qaz ixrac etdiyi dövlətlərdən 10 ölkənin Avropa İttifaqının üzvləri olması ölkəmizin Avropanın enerji bazarında mühüm tərəfdaş kimi mövqeyinin güclənməsi anlamına gəlir. Azərbaycan son 5 ildə Avropaya 56 milyard kubmetrdən çox təbii qaz nəql edilib Azərbaycan Avropa İttifaqına təbii qaz ixrac edən ölkələr arasında ilk beşlikdə qərarlaşıb. Artıq Azərbaycan qazı yalnız Mərkəzi və Şərqi Avropa ilə yanaşı, Qərbi Avropa bazarına da daxil olmaqdadır Yeni mərhələdə Azərbaycan öz yaşıl enerjisini də Avropa bazarına çıxaracaq. Gürcüstan ərazisi və Qara Dənizin dibi ilə Azərbaycanda bərpa olunan mənbələrdən əldə edilən enerji 2027-ci ildən sonra Avropa İttifaqına ixrac edilə bilər. Bu o deməkdir ki, növbəti mərhələdə Azərbaycan yalnız ənənəvi resursları deyil, həmçinin innovativ enerji məhsulları ilə də Avropaya bazarına daxil olacaq Azərbaycan, həmçinin Avropa ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayır. Regional nəqliyyat dəhlizlərinin genişlənməsi, eləcə də Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı müzakirələrin intensivləşməsi ölkə üzərindən daşınan yüklərin həcmini artıracaq. Avropa Şərqə Naxçıvan vasitəsi ilə daha asan çıxış imkanları əldə edəcək Bütövlükdə, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri və müzakirə edilən məsələlər Azərbaycanın geosiyasi mövqeyinin daha da gücləndiyini təsdiq edir. Regiondakı yeni düzən əməkdaşlıq üçün mühüm imkanlar yaratmaqdadır"