Ali məktəblərimizin reytinq cədvəllərində irəliləməsi ölkəyə gələn tələbə axınını artırır – ŞƏRH
Bu gün xarici tələbə üçün universitetin nüfuzu sadəcə reklamla deyil, QS və “Times Higher Education” kimi beynəlxalq reytinqlərdəki mövqeyi ilə ölçülür. Reytinqlər tələbənin seçim qərarına birbaşa təsir edən keyfiyyət amilidir. İlk 1000-likdə yer alan universitetlərin diplomlarının beynəlxalq səviyy

Bu gün xarici tələbə üçün universitetin nüfuzu sadəcə reklamla deyil, QS və “Times Higher Education” kimi beynəlxalq reytinqlərdəki mövqeyi ilə ölçülür. Reytinqlər tələbənin seçim qərarına birbaşa təsir edən keyfiyyət amilidir. İlk 1000-likdə yer alan universitetlərin diplomlarının beynəlxalq səviyyədə tanınması daha asan olduğu üçün ali məktəblərimizin bu siyahılarda irəliləməsi ölkəyə gələn tələbə axınını və təhsil sektoruna daxil olan valyuta həcmini birbaşa artırır Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib. O bildirib ki, yaxın beş il ərzində əcnəbi tələbə axınını stimullaşdırmaq üçün dövlət və universitetlər koordinasiyalı şəkildə hərəkət etməlidir “Bu sahədə atılmalı olan əsas addımlar kimi bir neçə məqam xüsusilə diqqətəlayiqdir. İlk növbədə, tələbə vizası prosesinin maksimum dərəcədə sadələşdirilməsi və tam rəqəmsal vizaya keçid təmin edilməlidir ki, xarici tələbələr üçün müraciət prosesi daha sürətli və rahat olsun. Eyni zamanda, Avropanın nüfuzlu universitetləri ilə əməkdaşlıq genişləndirilməli, ortaq təhsil proqramlarının sayı artırılmalı və tələbələrə ikili diplom əldə etmək imkanı yaradılmalıdır. Bundan əlavə, əcnəbi tələbələrə təhsil aldıqları müddətdə qanuni şəkildə işləmək icazəsinin verilməsi onların həm maddi yükünü azaldar, həm də ölkəyə marağı artırar. Nəhayət, tədris proqramlarının beynəlxalq agentliklər tərəfindən rəsmi şəkildə tanınması, yəni beynəlxalq akkreditasiyanın əldə olunması da Azərbaycan ali təhsilinin qlobal səviyyədə etibarlılığını və rəqabət qabiliyyətini gücləndirə bilər Nəticə etibarilə, Azərbaycanın ali təhsili yalnız regional mərkəz olmaq deyil, həm də qlobal təhsil zəncirinin önəmli halqasına çevrilmək potensialına malikdir. Bu hədəfə çatmaq üçün isə strateji islahatlar və qlobal standartlara inteqrasiya qaçılmazdır”, - İlqar Orucov bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır